İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı üçün “gözəgörünməz qatil” problemi

Dünya erməni “mirası”na niyə laqeyddir? - deputat və hərbi ekspertdən fərqli mövqe

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən fevralda icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb. ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 305 piyada əleyhinə mina, 123 tank əleyhinə mina, 1078 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2862,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib. ""Səssiz ölüm" - Ermənistan tərəfindən qəsdən milyonlarla minanın Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərinə yerləşdirilməsi, bunun ağır fəsadlara səbəb olması, mülki vətəndaşların həyatına son qoyması, insanları ömürlük şikəst etməsi və ciddi psixoloji travmalara yol açmasıdır". Bu sözləri Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X-dəki hesabında yazıb. “Ermənistan bu məsuliyyəti dövlət səviyyəsində daşıyır. Cənubi Qafqaz regionunda Ermənistan ən böyük mina istehsalçısı olaraq qalmaqda davam edir”, - o bildirib.

Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra bölgədə sülh və quruculuq işləri davam edir. Lakin Ermənistanın məkrli mirası olan minalanmış ərazilər bu prosesin qarşısında böyük maneə olaraq qalır. Müharibənin bitməsinə baxmayaraq, işğal illərində basdırılmış və hələ də xəritələri təqdim edilməyən minalar günahsız insanların həyatına təhlükə yaradır. Beynəlxalq hüquq normalarına əsasən işğaldan sonra mina sahələrinin xəritələri təqdim olunmalıdır. Lakin Ermənistan bu öhdəliyi yerinə yetirməkdən faktiki boyun qaçıraraq humanitar cinayəti davam etdirir.

10 noyabr 2020-ci il üçtərəfli bəyanata əsasən rus sülhməramlıları Xocalıda yerləşmişdilər. Həmin müddətdə mina partlayışlarının qeydə alınmaması, lakin rus hərbçilərin bölgəni tərk etməsindən sonra Xocalıda minaların partlaması sualları artırır. Deməli, separatçılar bu minaları ya onların çıxışı zamanı, ya da onlardan sonra qəsdən basdırıblar. Vətən müharibəsindən sonra məlum oldu ki, Azərbaycanın 12 faizdən artıq ərazisi minalarla çirkləndirilib. Azərbaycan ərazisində 1,5 milyon mina olmaqla dünyanın minalarla ən çox çirklənmiş ilk 5 ölkəsi sırasındadır. Bizim üçün başqa bir önəmli məsələ isə işğaldan əziyyət çəkmiş Azərbaycana minaların təmizlənməsində beynəlxalq dəstəyin hansı səviyyədə olmasıdır. Gerçək belədir ki, Avropa Sülh Fondu İrəvana silahlanmağa yardım etdiyi halda, bizə minaların təmizlənməsi üçün bir avro belə ayırmayıb. Digər ölkələr və təşkilatlar da bizə ciddi köməklik göstərməyiblər. Səbəb nədir? Azərbaycana bu dəstək niyə verilmir?

Arzu Nağıyev komitə sədri seçildi

Arzu Nağıyev

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, minatəmizləmə fəaliyyətini işğaldan azad etdiyimiz ərazilərdə davam etdiririk, sadəcə, beynəlxalq təşkilatlar Azərbaycana bu sahədə lazımi səviyyədə dəstək vermirlər: “Azərbaycan bu gün dünyada minalar və müharibənin partlayıcı qalıqları ilə əraziləri ən çox çirklənmiş ölkələrdən biridir, Ermənistanın Azərbaycana ərazi iddiası nəticəsində 1988-2023 illərdə Ermənistanla olan münaqişə səbəbindən və keçmiş SSRİ-nin Azərbaycanda olmuş hərbi hissələrinin və anbarlarının arzuolunmaz mirası ilə üz-üzədir. Azərbaycan II Qarabağ müharibəsi nəticəsində öz ərazilərini işğaldan azad etdikdən sonra problemin nə qədər böyük olduğu bir daha aydın oldu. Ermənistanla olan münaqişə səbəbindən didərgin düşmüş yüz minlərlə azərbaycanlı üçün 2020-ci ildəki müharibənin nəticəsi geri qayıdış perspektivini açdı. Lakin çox qısa zamanda məlum oldu ki, bu prosesə böyük maneə var: bu, məcburi köçkünlərin geri qayıtmalı olduğu ərazilərin həddindən artıq minalanması və PHS problemidir. Məcburi köçkünlərin münaqişə başa çatdıqdan sonra layiqli şəraitdə öz evlərinə qayıtmaq hüququ beynəlxalq humanitar hüquqda da öz əksini tapıb”.

Deputat qeyd etdi ki, bütün hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində aparıldığı üçün bu gün Azərbaycan dünyada mina və PHS ilə ən çox çirklənmiş ölkələr sırasındadır: “Ermənistan müharibədən sonra mina xəritələrini təqdim etməkdən yayınırdı. Çox ciddi beynəlxalq təzyiqlərdən sonra Ermənistan mina xəritələrini 3 mərhələdə Azərbaycana təhvil versə də, məlum oldu ki, mina xəritələrinin dəqiqliyi 25 faizə yaxındır. Keçmiş təmas xəttinin arxasındakı ərazilərdə minaların və PHS sayı məlum deyil. II Qarabağ müharibəsindən sonra hökumət dövlət büdcəsindən hər il 100 milyon manat minaların təmizlənməsinə və bu fəaliyyət üçün potensialın artırılmasına vəsait ayırır”.

Ramil Məmmədli: “Azərbaycan ordusu nəzarət imkanlarını gücləndirdi”  Pravda.az

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a deyib ki, ümumiyyətlə, minalardan təmizlənmə prosesi müharibədən sonra bir neçə istiqamətdə aparılıb və bu gün bu çətin iş davam etdirilir: “Bu proses həm hərbi strukturların minatəmizləmə, həm humanitar qurumların iştirakı ilə keçirilir. Ermənistanın basdırdığı saysız minalar 800 min məcburi köçkünün ərazisinə qayıtması və humanitar fəaliyyət baxımından böyük problemdir. Hələ 1994-cü ildə ilk atəşkəsdən sonra məlum olmuşdu ki, Ermənistan Füzuli rayonunun işğaldan azad edilmiş kəndlərinin az qala hər qarışını minalayıb. Azərbaycan Ordusunun Mühəndis Qoşunları Füzulinin 22 kəndinin ərazisində 15 mina sahəsindən 19 minə yaxın tank əleyhinə mina və 22 minə yaxın piyada əleyhinə mina zərərsizləşdirmişdi. II Qarabağ müharibəsindən sonra isə məlum oldu ki, Azərbaycan torpaqlarının 12 faizdən artıq ərazisi minalarla çirkləndirilib. Azərbaycan ərazisində 1,5 milyon mina olmaqla dünyanın minalarla ən çox çirklənmiş ilk 5 ölkəsi sırasındadır. İşğaldan azad edilmiş 1 milyon 166 min 702 hektar ərazidə minaların olması güman edilir, bunun da 211 800 ha yüksək və 954 902 ha orta və aşağı çirklənmə səviyyəsindədir. Minalar üzrə ekspertlərin Beynəlxalq Böhran Qrupuna verdikləri ilkin məlumatlara görə, azad edilmiş ərazinin təxminən beşdə biri yüksək dərəcədə çirklənmiş və təxminən üçdə ikisi humanitar minatəmizləmə üçün prioritet sahə kimi təsnif edilir”.

Hərbi ekspert deyib ki, hərbi strukturların mühəndis-istehkam qurğularına bölmələr, mülkiyə isə ANAMA aiddir: “Hər ikisi ağır və son dərəcə təhlükəli bir prosesi həyata keçirir. Bu çətinliyə səbəb regionun dağlıq və keçilməz ərazilərdən ibarət olmasıdır. Həmçinin mülki infrastrukturun dağılması əsas problemdir. Eyni zamanda ərazilərin uzun müddət ermənilərin işğalında olması işi ağırlaşdırıb. Çünki tək təmas xəttini minalamayıblar. Məzarlıqlar belə minalanıb”. Hərbi ekspertin sözlərinə görə, Azərbaycan müasir texnologiyalara müraciət edir: “Beynəlxalq təşkilatlar lazımi qədər bizə dəstək vermir. Bəzi layihələr var, amma yetərli deyil. Və bizə bu əraziləri minadan tam təmizləmək üçün bir neçə on il lazım olacaq. Çünki 10 min kvadrat kilometrdən çox ərazini əhatə edir. Mina təmizləməkdə çətinlik yaradan həm də əhalinin azad edilən ərazilərə köçürülməsidir. Ona görə də maariflənmə işləri aparmaq lazımdır”.

Azərbaycan 2024-cü ildə minatəmizləmə fəaliyyəti üçün Səudiyyə Ərəbistanı Krallığından 3 milyon ABŞ dolları məbləğində maliyyə yardımı alıb. 2024-cü ildə Azərbaycanda minalarla mübarizə üçün Birləşmiş Ərəb Əmirlikləri tərəfindən 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb. Avropa İttifaqı (Aİ) və onun 10 üzv dövlətinin “Team Europe” proqramı çərçivəsində Azərbaycanda minalarla mübarizə üçün ayrılmış 10 milyon avro maliyyə yardımının son 2 milyon avro məbləğində olan hissəsi verilib. Belçika minatəmizləmə fəaliyyətlərini dəstəkləmək üçün 250 min avro ayırıb. Bundan başqa, Birləşmiş Krallıq hökuməti Azərbaycanda minalarla mübarizəyə son üç ildə 1,5 milyon funt sterlinq vəsait ayırıb. Azərbaycanda minatəmizləmə fəaliyyətinə maliyyə yardımlarının yalnız 4-5 faizi beynəlxalq donorların payına düşür.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR