Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Sevda Ələkbərzadə mərhum atası, yazıçı Çingiz Ələkbərzadə ilə bağlı açıqlama verib.
Milli.Az xəbər verir ki, bu barədə sənətçi "Pərvizə görə" layihəsində danışıb.
O bildirib ki, atası əvvəlcə müğənni olmağına icazə verməyib:
"Baxmayaraq ki, yazıçı idi, musiqiyə böyük meyl və sevgisi var idi. Fikirləşirəm ki, musiqiyə meyl və istedad məhz ata tərəfdən bizə keçib. Ümumiyyətlə oxuduğum mahnılar uşaqlıqdan evdə dinlədiyim əsərlər idi. Məsələn, "Şəbi hicran" babamın (Xalq yazıçısı Əbülhəsən - red) sevimli əsərlərindən idi. İllər keçdi, onu yeni versiyada oxudum. Yadımda deyildi ki, babamın sevimli əsəri olub. Birdən yadıma düşdü ki, axı babamın sevimli əsərlərindən idi. Sonra kadr tapdım, babamın tabutu aparılanda, hamı "Şəbi-hicran"ı oxuyubmuş. O əsərlə dəfn olunub. Belə şeylərə necə inanmayasan? İllər keçir onun nəvəsi bu əsəri ifa edir. Atam müğənni olmağıma icazə vermirdi. Görəndə ki, bu sənətə sevgim var, evdə susmuram. Dedi ki, Allah qızıma istedad verib, qoy, oxusun. O gün mənim evdə ən xoşbəxt günüm idi. Bacım da atama çox dillər tökdü. Bacım, anam, mən, üçümüzdə bir-birimizə qoşulduq ki, atamı razı salaq. O vaxtı bir az pis baxırdılar, onu da başa düşürəm. Sonra gördü ki, mənim sevgim oxumağadır, səhnəyə çıxıb, tanınmağa deyil. Mən "Rast"da oxuyurdum, "Dəli ceyran" adlı mahnım çıxmışdı. Gördüm ki, oturub onu dinləyir, özü də gözləri yaşarıb. Onda başa düşdüm ki, bəyənib, mən onu izlədim, o məni görmədi. Tərifləməyi sevmirdi, həmişə deyirdi ki, bunun sözünü belə oxu, sən yazıçı qızısan. İllər keçdikcə anladım ki, atam düz deyirmiş".
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ