Onlayn ictimai-siyasi qəzet
“Aztelekom” MMC-nin 37 minlik kabelini oğurlamaqda ittiham edilən şəxs hakim önünə çıxarılıb. O, internet kabellərini kəsərək əridib və mis şəklində satıb.
Musavat.com xəbər verir ki, Vasif Əlizadə oğurluqla yanaşı, narkotik ittihamı ilə də təqsirli bilinir.
O, 2022-ci ildə narkotik ittihamı ilə məsuliyyətə cəlb edilib.
Budəfəki ittihamı isə ağırdır. Məlumata görə, 35 yaşlı Vasif Əlizadə “Aztelekom” MMC-nin Aran regional filialına məxsus internet kabellərini oğurlamaqda ittiham edilir. O, Ağcabədi rayonunun Şərəfxanlı, Hacılar, Qaraxanlı, Hindarx, Muğanlı-Təzəkənd, İmamqulubəyli və Şotlanlı kəndləri ərazisində “Aztelekom”a məxsus ümumi dəyəri 37 min manat olan kabelləri kəsərək oğurlamaqda günahlandırılır. Vasif Əlizadə eyni kəndin internet kabelini bir neçə dəfə oğurlayıbmış.
Bundan əlavə, ona narkotik vasitədən istifadə ittihamı da irəli sürülüb.
Vasif Əlizadə ittihamla özünü qismən təqsirli bilib. Deyib ki, ittihamda göstərildiyi qədər oğurluq etməyib. Onun sözlərinə görə, ittiham şişirdilib. Vasif bir neçə dəfə kabel oğurladığını etiraf edib.
Məhkəmə Vasif Əlizadənin ifadəsini səmimi qəbul etməyib. Onun istintaq zamanı verdiyi etirafedici ifadəsi nəzərə alınıb.
Məhkəmə Vasif Əlizadə barəsində 3 il azadlıqdan məhrumetmə cəzası təyin edib.
İ.Muradov
Musavat.com
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ