Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda banklardan kredit götürə bilməyən şəxslərin üz tutduqları maliyyə strukturlarından biri də Bank Olmayan Kredit Təşkilatlarıdır. Hazırda “Azpulmat” və “Manato” bir çoxunun müraciət etdiyi kredit təşkilatları sırasındadır. Ənənəvi banklardan fərqli olaraq, bu maliyyə strukturları daha çevik və sürətli kredit rəsmiləşdirməsi həyata keçirir. Belə ki, müraciət edən şəxs çox az müddətdə Asan imza ilə rahat şəkildə kredit götürür. BOKT-lar hətta riskli müştərilərə belə kredit verilməsinə məhdudiyyət qoymurlar. Məhz bu risklərə görə BOKT-lər kredit faizlərini yüksək tutur. Banklar 15% ilə kredit verə bilirsə, BOKT-lərdə bu rəqəm 18-20%-ə qədər yüksələ bilər. Əvəllər BOKT-ların kredit vermə limiti 1700 manata qədər idisə, indi bu məbləğ Mərkəzi Bankın qərarı ilə 500 manata endirilib.
Qərara görə, gündəlik faiz dərəcəsi maksimum 0,3 % olmalı, qaytarılma müddəti maksimum 45 gündür. Gecikdirilmiş ödənişlərlə bağlı tətbiq edildikdə, gecikdirilmə faizləri və ya dəbbə pulu əsas borc qalığı məbləğinə gündəlik tətbiq olunan faiz dərəcəsinin 2 mislindən çox olmamalıdır. Kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100 %-dən çox olmamalıdır. Gecikdirmə faizləri və ya dəbbə pulu tətbiq edildikdə, əsas borc üzrə faizlər 30 gündən artıq hesablanmamalıdır. Təminatı qismində daşınmaz və ya daşınar əmlak çıxış etmir.
Beləliklə, şəxs əgər “Azpulmat”dan 500 manat kredit götürürsə, ona görə 220 manat faiz borcu ödəyir. “Manato” da isə 500 manat kreditə görə 125 manat faiz ödənilir. Əvvəllər şəxslər müddət tamam olduqda əsas borcu ödəyə bilmirdilərsə, faizi ödəyib vaxtı uzada bilirdilər. İndi isə 45 gün tamam olduqda həm əsas borcu, həm də faizi ödəməlisən. Şəxs borcunu ödədikdən 3 gün sonra yenidən kredit götürə bilər. BOKT-ların banklardan fərqli olaraq sərt tələblər qoymaması əskəriyyətin bu cür təşkilatlara müraciət etməsinə səbəb olur. Əgər 2023-cü ilin yanvar ayında BOKT-lar əhaliyə 600 milyon 800 min manat kredit veribsə, 2024-cü ilin yanvar ayında bu rəqəm 808 milyon 300 min manatdır.
Lakin BOKT-ların qoyduğu faizlər yüksək olduğu üçün müştərilər borclarını banklara köçürməklə daha sərfəli şərtlər əldə etməyə çalışırlar. Lakin banklar bu müştəriləri qəbul etməyə meyilli deyillər. Belə olan halda vəziyyətdən çıxış yolları nədədir?
İqtisadçı Natiq Cəfərli Musavat.com-a açıqlamasında deyib ki, BOKT-ların kredit faizi çox yüksəkdir və vətəndaşlar bu faizləri ödəməkdə çətinlik çəkirlər:
“Vətəndaş gedib BOKT-a müraciət edirsə, bunun iki səbəbi var. Şəxsin çox pis kredit tarixçəsi var, bundan öncə banklardan götürdüyü kreditləri qaytara bilməyib, problemlər yaşanıb və qara siyahıya düşüb. Buna görə də pul lazım olanda artıq banklara müraciət etmir. Yaxud da vətəndaşa təcili pul lazımdır. Bu zaman BOKT-lara müraciət edirlər. Çünki onların şərtləri daha yumşaq, faizləri isə daha yüksəkdir. Banklar isə bu riskləri öz üzərinə götürmək istəmir. Şəxsin problemli krediti olubsa, əlbəttə ki, ona yenidən kredit verməyə meylli olmayacaq. Buna görə də bankların bu cür təşkilatların müştərilərini qəbul etməməsi anlaşılandır. Bu səbəbdən BOKT-larla bağlı nəzarətedici qərarların qəbul edilməsinə daha çox ehtiyac var. Vətəndaşın vəziyyətindən sui-istifadə edib BOKT-lar daha yüksək faizlə vətəndaşı yükləyirlər. Müəyyən tənzimləyici aktlarla BOKT-ların faiz dərəcələrinə məhdudiyyətlərin gətirilməsi mümkündür. O zaman isə BOKT-ların sayı azalacaq.
BOKT-larla bağlanan müqavilələrdə bütün məsuliyyət vətəndaşın üzərinə düşür. Nəticə etibarı ilə vətəndaş məhkəmələrdə uduzur. Belə olan halda şəxsin və ona zamin duranların əmlakı sual altına düşür. Onlar satılaraq pulları borcun bağlanmasına sərf olunur.
Bu təşkilatlar bilir ki, əhalinin onlara ehtiyacı var. Nə qədər insan var ki, bankda qara siyahıda adı var. Onlara banklarda kredit pul verilmir. Belə insanların baş vura biləcəyi yeganə ünvan BOKT-lar və sələmçilərdir. Bu təşkilatlarda 20 faizdən aşağı kredit verilmir. Deməli, insanlar məcburiyyətdən oraya müraciət edirlər”.
Ekspertlərin sözlərinə görə, BOKT-ların maliyyə imkanları banklarla müqayisədə məhduddur: “Banklar isə maliyyə imkanları sayəsində nisbətən aşağı faizlə daha böyük həcmdə kredit verə bilirlər. Buna həmçinin bankların böyük miqdarda depozit toplaya bilməsi də təsir edir. Mərkəzi Bankın tələblərindən biri də odur ki, banklar kredit verərkən riskləri minimuma endirsinlər. Bu səbəbdən də onlar riskli müştərilərdən ehtiyat edirlər. BOKT-lar isə riskləri bilə-bilə kredit verirlər”.
Şahanə Rəhimli
Musavat.com
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ