Onlayn ictimai-siyasi qəzet
İrəvan KTMT-ni tərk etməyə hazırlaşır və addımlarını sürətləndirir; təhlükəsizlik eksperti: “Rusiya bizi proksi qüvvə kimi Ermənistana qarşı istifadə edə bilməz, amma...”
“Ermənistan Rusiyada prezident seçkisi günü KTMT-dən çıxa bilər”. “Yeni Müsavat” xəbər verir ki, belə bir iddianı Ermənistanın “Past” nəşri irəli sürüb. Nəşr məlumat verib ki, İrəvanın həmin gün təşkilatdan çıxmasının elan olunması variantı kifayət qədər ciddi müzakirə olunub.
“Son günlərdə ən çox müzakirə olunan mövzulardan biri Ermənistanın geosiyasi dönüşünün mümkünlüyüdür ki, bunun da ilk hissəsi sentyabrın 1-dən Rusiya sərhədçilərinin Zvartnots hava limanından çıxarılması ilə bağlı İrəvandan Moskvaya rəsmi məktub olub. İkinci isə Nikol Paşinyanın son mətbuat konfransında KTMT-dən çıxmaq və ya qalmaq şərtləri ilə bağlı söylədikləri idi. Əslində əldə etdiyimiz məlumata görə, ötən ilin ortalarından hakimiyyət daxilində təşkilatdan çıxmaq və bunu ictimaiyyətin necə qəbul edəcəyi ilə bağlı gərgin müzakirələr gedir”, - nəşr yazıb.
Qəzetin mənbələrinə görə, bu mövzuda hakimiyyətin dar çevrələrində kifayət qədər təşviş var: “Bir çox insanlar belə bir qərarın nəticələrini gözlənilməz hesab edir və həmin müzakirələrin iştirakçısı olduqları üçün əvvəlcə öz mövqelərini daha aktiv şəkildə ortaya qoyurlar. Lakin son dövrdə qəti şəkildə bu qərarın əleyhinə olsalar da, bunu düzgün hesab edərək, fikirlərini ifadə etmirlər. Bu müzakirələrdən yaxşı xəbərdar olan həmsöhbətimizə görə, Rusiyada prezident seçkisi günü (17 mart - red.) KTMT-dən çıxmağın elan olunması variantı kifayət qədər ciddi müzakirə olunub”. Nəşr əlavə edib ki, Paşinyanın canlı yayımda KTMT-dən çıxdığını elan etməsindən sonra sərhəddə “gözlənilməz eskalasiya” ola bilər.
Bəs orta perspektiv maraqlarımız baxımından KTMT-nin Ermənistansız qalması (vaxtilə Azərbaycan da qurumun üzvü olub) Bakıya sərf edirmi? Moskva gerçəkdənmi “ilanı Seyid Əhməd əli ilə tutmaq”, yəni Azərbaycanın vasitəsilə Ermənistanı cəzalandırmaq fikrinə düşə, sərhəddə hərbi eskalasiyaya zəmin yarada bilər? O halda Bakının davranışı necə olmalıdır? Son zamanlar da bu fikirlər tirajlanır ki, guya Azərbaycan Ermənistana hücum edəcək. Hətta Qərbdə də bu “təbliğat maşını” işə salınıb. Avropa İttifaqının baş diplomatı Cozef Borrel də Bakını ittiham etmişdi. Lakin Azərbaycan Prezidenti ritorik sual ünvanladı ki, “Cənab Borrel o məlumatı haradan alıb ki, Azərbaycanın Ermənistana hücum etmək planı var?”
Amma sözsüz ki, Rusiyanın Ermənistanı cəzalandırmaq planları mövcuddur. Sadəcə, bu ssenaridə Azərbaycanın iştirakı mümkün deyil. Bakı Moskvanın İrəvana qarşı təzyiq aləti ola bilməz. Əgər Ermənistan özü şərti sərhəddə atəşkəsi pozmağa başlasa, o halda ağır cavab alacaq. Bununla belə, qarşı tərəfin sərhədlərini rus hərbçiləri mühafizə etdiyi üçün “atan kazaklardır” misalına uyğun olaraq regionda gərginlik yaradıla bilər. Elə son hadisələrdə rəsmi İrəvan Rusiyanı ittiham etdi və Nenkin And kəndinə avropalı müşahidəçilərin buraxılmamasının günahını ruslarda gördü. O baxımdan eskalasiya Rusiyanın istəklərini ifadə edə bilər. Ancaq bizim üçün vacib olan Zəngəzur dəhlizinin açılmasıdır, yoxsa Ermənistanın KTMT-ni tərk etməsi?
Alp Arslan İmamqulu
Təhlükəsizlik eksperti Alp Arslan İmamqulu “Yeni Müsavat”a açıqladı ki, Ermənistanın KTMT-də iştirakının Azərbaycana ciddi təsiri yoxdur. Onun sözlərinə görə, Vətən müharibəsində də buna əyani şahid olduq: “Biz gördük ki, döyüşlər Ermənistanda getsəydi, bu blok müdaxilə edə bilərdi. Ancaq o demək deyil ki, KTMT bununla bizə dəstək vermiş oldu, sadəcə, savaş bizim ərazidəydi deyə qarışmadılar. Digər tərəfdən isə indi Ermənistanın KTMT-ni tərk etməyə hazırlaşması Cənubi Qafqazda gedən proseslərə ciddi surətdə təsir edəcək. Çünki Qərblə Rusiyanın regionda qarşıdurması güclənir və biz hadisələri izləyərək öz siyasətimizi qururuq”. Təhlükəsizlik eksperti qeyd etdi ki, Azərbaycan heç bir dövlətin aləti olmayıb və bundan sonra da Rusiya bizi proksi qüvvə kimi Ermənistana qarşı istifadə edə bilməz: “Amma tarixi torpaqlarımızda ədalətin bərpası üçün fürsəti gözləməliyik. Əgər bu reallaşacaqsa, deyilə bilməz ki, kimsə bizim əlimizlə Ermənistanı cəzalandırır, yaxud da proksi qüvvə kimi istifadə edir”.
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Kreml Paşinyanı devirmək istəyərsə, Ermənistandakı hərbi bazasının və yerli radikalların xidmətlərindən istifadə edəcək: “Bundan sonra da Kreml "Qarabağ klanı" vasitəsilə Ermənistanda müvəqqəti hökumət formalaşdıracaq. Belə bir ssenari Azərbaycana nə vəd edir? Ermənistanda istənilən hakimiyyətin Azərbaycanla yeni müharibəyə başlamağa potensialı olmayacaq. Ancaq çevriliş əsasında Ermənistanda formalaşa biləcək xunta hökumətin Azərbaycan kəndlərini geri qaytarması və Zəngəzur dəhlizi məsələsində mövqeyi sərtləşəcək. Xunta hökuməti ilə dialoq aparılmasının mənası olmayacaq". Ekspertin fikrincə, üstəgəl, həmin xunta hökumətini dəstəkləyən Kremlin Azərbaycana təzyiqi artacaq: “Və Rusiya-Azərbaycan münasibətlərindəki indiki normal axar dəyişəcək. Kreml Ermənistanda istədiyi hökuməti formalaşdırdıqdan sonra Qarabağdakı hərbi kontingenti çıxarmamaq mövqeyini gücləndirəcək. Tehran da Ermənistandakı xunta rejimini dəstəkləyəcək”.
Xatırladaq ki, KTMT 15 may 1992-ci il tarixində əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə üzv olan altı postsovet dövləti olan Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi imzalayıblar. Üç digər postsovet ölkəsi olan Azərbaycan, Belarus və Gürcüstan isə 1994-cü ildə bu müqaviləyə qol çəkiblər. Beş ildən sonra bu müqaviləni imzalamış doqquz dövlətdən altısı (Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla) müqavilənin müddətini daha beş il artırmaq barədə razılığa gəliblər. 2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında hərbi ittifaq təşkil olunub. Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk edib. KTMT nizamnaməsinə əsasən bütün üzv ölkələr güc tətbiq etməkdən çəkinməyə səslənilir. Üzv ölkələr hər hansı başqa bir hərbi ittifaqa və ya ölkə qruplarına qoşula bilməz, həmçinin üzv ölkələrdən hansısa birinə qarşı təhlükə yaranacağı təqdirdə bu təşkilata üzv olan digər ölkələrə qarşı da aqressiya kimi qəbul edilir.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ