İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın avtomobil istehsalı layihələri: dəyişməyən hədəflər, eyni nəticələr...

2025-si ilin yanvar ayında Azərbaycanda 235 ədəd və əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 171 ədəd az (və ya 42,1 faiz az) minik avtomobili istehsal olunub (yığılıb).

Dövlət Statistika Komitəsinin hesabatına əsasən 2025-ci il  fevralın 1-i vəziyyətinə minik avtomobilləri üzrə hazır məhsul ehtiyatı 141 ədəd təşkil edib. Ay ərzində əvvəlki ilin müvafiq ayı ilə müqayisədə traktorların istehsalı 6,1 faiz azalaraq 46 ədədə düşüb, 1 fevral vəziyyətinə hazır məhsul ehtiyatı 11 ədəd olub.

2025-ci ilin yanvar ayında cəmi 8 ədəd yük avtomobili istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 87,3 faiz azdır. 1 fevrala hazır məhsul ehtiyatı 4 ədəd təşkil edib.

Qeyd edək ki, 2024-cü il avtomobil istehsalında həm istehsalın artımı, həm də bu sahədə yeni layihələrə başlanması ilə yaddaqalan olub. Belə ki, rəsmi statistikaya əsasən 2024-cü ildə Azərbaycanda 5998 ədəd və ya əvvəlki illə müqayisədə 2129 ədəd(55 faiz) çox minik avtomobili istehsal olunub.

“Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası”nın (AMAİA) icraçı direktoru Gülay Həsənovanın mətbuata verdiyi məlumata görə, Azərbaycanda avtomobillərin əsas istehsal mərkəzləri Hacıqabul Sənaye Parkı və Neftçala Sənaye Məhəlləsində yerləşir. Ötən il Hacıqabulda dəyəri 107,5 milyon manata bərabər olan 3.761 ədəd avtomobil, Neftçalada dəyəri 54,65 milyon manat 2.182 nəqliyyat vasitəsi istehsal edilib. Ümumilikdə isə 2018-2024-cü illərdə sənaye zonalarında 442,5 milyon manatlıq avtomobil istehsalı gerçəkləşdirilib.

Gentra Shartnoma Olish savdo uzavtosanoat uz • Автострада

2023-cü  ilin mayında Hacıqabul Sənaye Məhəlləsinin ərazisində yaradılacaq Azərbaycan-Özbəkistan birgə avtomobil zavodunun təməli qoyulub. Müəssisə Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyəti ilə birgə yaradılır, onun 2025-ci ilin mayında işə salınacağı gözlənilir. Təməlqoyma mərasimində verilən məlumata görə, iki il ərzində zavodun inşasına və burada istehsal prosesinə başlanmasına 88 milyon manat investisiya yönəldiləcək. Müəssisədə ABŞ, İtaliya, Çin, Koreya və Özbəkistan kimi ölkələrin texnologiyalarından istifadə olunmaqla “Chevrolet”, “Cobalt”, “Malibu”, “Tracker” və “Equinox” markalı minik avtomobillərinin istehsalı nəzərdə tutulur. Bütövlükdə isə zavod işə salındıqdan sonra layihə çərçivəsində burada il ərzində 30 min ədəd avtomobil istehsal olunacağı gözlənilir. Azərbaycan-Özbəkistan birgə avtomobil istehsalı müəssisəsində ehtiyat hissələrinin istehsal olunacağı da gözlənilir. Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının sədri Emin Axundov bildirib ki, artıq avtomobil istehsalı üzrə birgə müəssisənin tikintisinə start verilib. Avtomobil yığımını təmin edəcək ilk addımdan sonrakı mərhələdə zavodun inkişafı və əlavə istehsalat imkanlarının işə salınmasına hazırlıq işləri görüləcək. Üçüncü mərhələdə isə ehtiyat hissələrinin istehsalı planlaşdırılırdı. Bu il açıqlanan məlumata görə, hazırda Hacıqabul Sənaye Parkında Özbəkistanla birgə zavodun inşası davam etdirilir. Və zavodda bütöv maşınların istehsalı deyil, minik avtomobillərinin kuzovlarının qaynaq edilməsi, boyanması və yığılması kimi işlər həyata keçiriləcək. Halbuki zavodun təməli qoyulanda açıqlanan hədəflər tamam fərqli idi.

Xatırladaq ki, Neftçalada İran avtomobillərinin yığımı müəssisəsi işə salınarkən də təxminən eyni hədəflər qarşıya qoyulmuşdu: komponentlərin yerli istehsalının yaradılması. Lakin bu hədəfə hələ də nail olunmayıb...

Qısa tarixə nəzər salsaq, aydın olar ki, Azərbaycanda iki dəfə İranın, bir dəfə Çinin şirkətləri ilə hazır komponentlərdən burada avtomobil yığımı ilə bağlı işlər başladılıb. İran Khodro ilə razılaşmalar çərçivəsində ilk olaraq “AzSamand” avtomobillərinin yığımına başlandı, lakin tezliklə uğursuzluğa düçar olundu. Daha sonra Naxçıvanda Çin şirkəti ilə “Lifan”, “FAW”, “Changan” modellərinin yığımı təmin edildi. Qısa müddət ərzində dövlət qurumlarından müəyyən sifarişlər olsa da, tezliklə onlar dayandı, müəssisədə avtomobil yığımı səmərəsiz hala gəldi. Hazırda müəssisə demək olar ki, istehsalı tam dayandırmaq üzrədir.

2018-ci ildən Neftçalada İran Khodro ilə “Xəzər” və “Peugeot” markalı avtomobillər yığılır. Neftçala sənaye məhəlləsində yerləşən zavodun illik istehsal gücü 10 min ədəd avtomobil təşkil edir. 2018-ci ildə zavodda 1500 avtomobil istehsal olunması nəzərdə tutulsa da, Dövlət Statistika Komitəsinin məlumatına görə, ümumilikdə il ərzində Azərbaycanda cəmi 969 ədəd minik avtomobili yığılıb. Müəssisə rəhbərliyi 2020-ci ildə istehsalı 5 min avtomobilə çatdırmağı hədəfləsə də, həmin il heç 1500 avtomobil yığılmadı.

2019-cu ilin fevral ayından zavodda “Peugeot” markalı avtomobillərin istehsalına başlanıb. Şirkət tərəfindən “Peugeot”un 9 modelinin istehsalı nəzərdə tutulduğu deyilirdi. Bundan əlavə, 2021-ci ilin mart ayından etibarən Azərbaycanda yolsuzluq avtomobillərinin (Cip) istehsalına da başlanmalı idi.

İlk illərdə “Khazar” avtomobillərinin də əsas alıcısı dövlət qurumları oldu:  İqtisadiyyat, Vergilər, Energetika nazirlikləri, Milli Məclisin Aparatı, Mərkəzi Seçki Komissiyası,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu, Dövlət Statistika Komitəsinin yerli idarələri və digər qurumlar. 2018-ci ilin ikinci yarısından etibarən ƏƏSMN də müharibə əlillərinə avtomobillərin mühüm bir qismini məhz bu zavoddan əldə edir. Hazırda dövlət qurumlarından yalnız ƏƏSMN-in alışları davam edir. 2024-cü ilin sonuna Vətən müharibəsindən ötən dövrdə Qarabağ müharibəsi əlillərinə verilən avtomobillərin sayı 567 ədəd olub. Nazirlik ötən il bütün növbədə olan əlillərin avtomobillə olunduğunu elan edib. Bu isə o deməkdir ki, bu il üçün növbədə heç kim yoxdur...

Açıqlanan məlumatlara əsasən, Hacıqabul Sənaye Parkında indiyədək “ISUZU” markalı yük avtomobilləri və avtobuslarının, eləcə də “Chevrolet” markalı minik avtomobillərinin istehsalı davam etdirilir. İndiyə kimi 7.954 ədəd “Chevrolet” minik avtomobili istehsal edilib, “ISUZU” markalı maşınların sayı isə 716 ədəddir.

Ötən ildən Azərbaycanda “Lada”nın istehsalına başlanıldığı açıqlanıb. Məlum olub ki, Rusiyanın “AvtoVAZ” ASC Azərbaycanda “Lada” avtomobillərinin yığılması layihəsinə başlayıb və 2024-cü ildə 1,5 min avtomobil yığmağı planlaşdırır. ASC-nin rəhbəri Maksim Sokolovun verdiyi məlumata görə, Azərbaycanda istehsalat sahələrindən birində avtomobil dəstlərinin qəbulu sahəsi, yığım sexi və hazır avtomobillərin saxlanması üçün dayanacaq təşkil edilib.

Onun sözlərinə görə, Azərbaycanda “Lada”nın illik istehsal həcmi növbəti bir neçə ildə 4-5 min avtomobilə çata bilər. AvtoVAZ rəhbərinin sözlərinə görə, Azərbaycanda istehsalın açılması şirkətə bu ölkədə bazar payını bərpa etməyə və brendin mövcudluğunu artırmağa kömək edə bilər.

Maraqlıdır ki, nə Rusiya şirkəti, nə də Azərbaycan tərəfi istehsalın harada qurulduğunu açıqlamayıblar.

2020-ci ilin fevralında Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə" qərar qəbul edib. Qərarla minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün istehsal prosesində istifadə olunan ehtiyat hissələrinin Azərbaycana idxalı gömrük rüsumlarından azad olunub. Qurum bunu ölkədə istehsal olunan minik avtomobillərinin yerli və xarici bazarlarda rəqabət qabiliyyətinin daha da artırılması məqsədilə etdiyini açıqlayıb. Belə şəraitdə "Lada"ların burada yığılması idxalından daha sərfəli ola bilər. Görünür, Rusiya şirkəti bu fürsətdən yararlanmağa başlayıb.

2024-cü ildən Azərbaycanda həm də elektrikli avtobusların yığımı ilə bağlı layihənin icrasına başlanılıb. İyul ayında Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Azərbaycan arasında Çərçivə sazişi imzalanıb. İşbirliyinə dair imzalanmış sazişi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, BYD şirkətinin Kommersiya avtomobilləri üzrə icraçı direktoru Tien Çunlon və “Electrify Azerbaijan” MMC-nin direktoru Tariyel Rüstəmov imzalayıblar. Çərçivə sazişi elektrik mühərrikli avtobusların alınmasını, onlara xidmətin göstərilməsini, ölkəmizdə istehsalın qurulmasını və lokallaşlaşdırılmasını nəzərdə tutur. Çərçivə sazişinə əsasən yaradılacaq birgə müəssisə tərəfindən Sumqayıt Kimya Sənaye Parkında 2025-ci ildə elektrik mühərrikli avtobusların istehsalı zavodu tikiləcək. İnvestisiya həcmi 34 milyon dollar olan layihə çərçivəsində 800 yeni iş yerinin yaradılması planlaşdırılır. Bununla yanaşı, ehtiyat hissələrinin mərhələli şəkildə lokallaşdırılması nəzərdə tutulur. Azərbaycanda avtobus istehsalı müəssisəsi fəaliyyətə başlayanadək şirkətdən elektrik avtobusları alınacaq.

Noyabrda isə BYD şirkəti ilə Azərbaycanda elektrik avtobus istehsalının lokallaşdırılması layihəsi üzrə “Layihənin icra müqaviləsi”nin imzalanma mərasimi keçirilib. Sənədə əsasən, layihə çərçivəsində Azərbaycanda elektrik avtobuslarının istehsalının qurulması və ehtiyat hissələrinin lokallaşdırılması, 2030-cu ilə qədər mərhələli şəkildə lokallaşma səviyyəsinin 40 faizə çatdırılması nəzərdə tutulur. Layihədə “Azərbaycan İnvestisiya Şirkəti” ASC payçı kimi iştirak edir. Layihə üzrə BYD şirkətinin Azərbaycandan olan tərəfdaşı “SARDA Group” şirkətinə məxsus “Electrify Azerbaijan”dır.

Zavodda daxili tələbat və ixrac imkanları nəzərə alınmaqla illik istehsal gücünün 300 ədəd olması gözlənilir. Bu ilin fevralında açıqlanan məlumata əsasən, ilk avtobusların yığımına may ayında start veriləcək.

Göründüyü kimi, Azərbaycanda avtomobil istehsalı sahəsində təşəbbüslər çoxsaylıdır. Lakin bu sahədə ciddi uğurun əldə olunduğunu söyləmək mümkün deyil. Əksər mütəxəssislərə görə, bunun əsas səbəbi ölkə bazarının alıcı potensialının məhdudluğu, regional səviyyədə istehsalçı ölkələrlə kəskin rəqabətin olmasıdır (Rusiya, Türkiyə, Özbəkistan, İran və sair). Belə rəqabət şəraitində avtomobil istehsalı o halda səmərəli ola bilər ki, komponentlərin azı 40 faizi ölkə daxilində istehsal olunsun. Bir çox ekspertlər Azərbaycanın məhz detallardan başlamalı olduğunu düşünürlər. Bildirilir ki, ilkin mərhələdə tanınmış avtomobillərin müəyyən hissələrinin yerli istehsalını təşkil etməklə daha böyük uğur əldə etmək olar. Əks halda, hansısa markaların hazır hissələrini gətirib Azərbaycanda yığmaqla yerli istehsal yaratmaq mümkün olmayacaq.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR