Onlayn ictimai-siyasi qəzet
“Axırıncı aşırım” filmində Kərbəlayi İsmayılın dillər əzbəri olan bir ifadəsi var: “Oğlum Yədullanın müsibəti heç belə olmamışdı”. Ukraynanın pilotsuz uçuş aparatları vasitəsilə Rusiyanın strateji aviasiyasına ağır zərbələr endirməsindən sonra həmin ifadə çox yerinə düşür. Yayılan məlumata görə, ukraynalıların hücumu nəticəsində Rusiya Hərbi Hava Qüvvələrinə məxsus strateji bombardmançıların 34 faizi (!!!) ya məhv edilib, ya da ciddi şəkildə zədələnib.
“Ordan-burdan” tamaşamızda da bir ifadə var, yerinə düşür: “Tebe eto nado”? İndi Rusiyanın siyasi, hərbi, diplomatik dairələrinə ünvanlanası sualdır: bu, onlara çoxmu lazım idi? Niyə vəziyyəti bura qədər gətirdilər? Bundan sonra nə etmək istəyirlər? Deyək ki, Ukraynanın daha bir neçə kəndini, rayonunu, şəhərini işğal etdilər, bəs sonra? Axı, Rusiya artıq müharibəyə göndərməyə rus tapa bilməyəcək vəziyyətə düşüb, Yer kürəsinin quru səthinin doqquzda bir hissəsini təşkil edən, 17 milyon kvadratmetr əraziyə sahiblənmiş ölkənin əhalisi getdikcə azalırdı onsuz da.
Neçə illər idi bu ölkədə demoqrafik problemlər yaşanırdı, Rusiya qocalmaqda davam edirdi. İndi də qeyri-rusları oradan-burdan tutub müharibəyə yollayırlar, miqrantlara qarşı təzyiqləri bir-birinə calayıb, onları “vətəndaş” elədilər və sonra da “ət maşınından” keçirməyə yolladılar. Şimali Koreyanın zavallılarına ümid edir dünyaya meydan oxuyan ölkə. Nəyə görə? Az qala iki qitəyə sahiblənib, göz doymur, hələ yenə də hakimiyyətin “dil”i rounda çıxış edən duqinlər “yeni SSRİ” sevdasına düşüblər. 21-ci əsrdir, amma köhnə stereotiplərdən ayrıla bilmirlər, hələ də Çar Nikolayın düşüncələrini paylaşırlar.
Əslində Rusiya Ukrayna ilə müharibəyə üstün vəziyyətdə son qoya bilərdi, əgər aqoniyadan uzaqlaşa bilsəydi, perspektivləri düzgün hesablasaydı. Amma özünü çox yuxarıdan aparmaq, daha çox işğal, daha çox qəsb və bəlkə də dünyanın hökmranı olmaq iddiası onu bu indiki duruma gətirdi, həm dünyanın gözündən düşdü, həm də Ukraynaya əlavə ruh verən əməliyyatlara zəmin yaratdı.
Təsəvvür edin, “Hörümçək toru” adlı hərbi əməliyyat çərçivəsində Ukrayna 117 ədəd FPV tipli kamikadze dronlardan istifadə edib.
Bildirilir ki, hər biri təxminən 1000 ABŞ dolları dəyərində olan bu pilotsuz uçuş aparatları vasitəsilə Ukrayna Rusiyanın strateji aviasiyasına ağır zərbələr endirib. FPV dronun orta dəyəri təxminən 1000 dollar təşkil edir. Rusiyaya məxsus strateji bombardmançıların hər birinin dəyəri 100 milyon dollardan başlayır. Rusiyaya 7 milyard dollarlıq zərbə vurulub bir hücumla! Bu, 21-ci əsr silahının gücüdür. Rusiya özünün sovetlərdən qalma “Katyuşa”larına arxayın idi, anbarlarda yığılıb-qalmış silah-sursatları, rənglənmiş qırıcıları, daha nələrə güvənirdi, sayı ilə öyünürdü. Hansı ki, 2016-cı ildə Sərkisyan kimi rus tulası belə Avropa səfərində Rusiyanın Ermənistana köhnə silahlar verməsindən şikayətlənmişdi. “Azərbaycan bu gün silahın daha müasir növlərinə sahibdir. Ermənistan isə 1980-ci ilin silahları ilə döyüşür”, demişdi. Elə bu kimi fikirlərinə görə Sərkisyan Rusiyanın dəstəyindən məhrum oldu...
Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük İkinci Qarabağ müharibəsində istifadə etdikləri Rusiya istehsalı olan “İsgəndər” raketlərinin yararsızlığı və partlamamasını deyəndə də Rusiyada ona qarşı nifrət yaranmışdı. Əslində, nəticə çox yaxşı olmuşdu. Təsəvvür edin, partlayış olsaydı, itkilərin miqyası nə qədər genişlənərdi. Rusiya bir tərəfdən özünü “sülhməramlı”, “vasitəçi” göstərirdi, digər tərəfdən də Ermənistana “İsgəndər” verirdi, Azərbaycana ağır zərbələr endirsin. Biz çox şeyləri zamanın ixtiyarına buraxdıq, açıb-ağartmadıq, gələcək naminə. Amma...
Amma Rusiya əl götürmür, “Qurd və Quzu” təmsilindən ilhamlanaraq yenə də suları bulandıraraq, maraqlarını təmin etməyə çalışır. Azərbaycana məxsus mülki təyyarəmizin qəddarlıqla vurulması, təyyarənin vurulmasına xüsusi rolu olan şəxslərin cəzalandırılmaması, üstəlik görəvləndirilməsi, daha sonra ölkəmizə qarşı kiberhücumların təşkil olunması, bunlar azmış kimi, Azərbaycan parlamentinin təmsilçisinin “arzuolunmaz şəxs” alan olunması nəinki beynəlxalq hüquqa, hətta normal insanlıq, qonşuluq münasibətlərinə də ziddir.
Ukrayna Rusiyanın hərbi infrastrukturuna “qan uddurur”, şimal qonşumuz da Azərbaycana qarşı xəpis planları bir-birinə calayır. Özü də hansı ölkəyə qarşı? Azərbaycan Rusiyaya qarşı ən sərt qərarların beynəlxalq müstəvilərdə qəbulu zamanı maksimum məsafə saxlamağa çalışıb, hətta bir çox hallarda ölkəmizə qarşı buna görə təzyiqlər də işə salınıb. Şübhə etmirəm ki, Avropa Şurası Parlament Assambleyasının anti-Azərbaycan qərarının əsas səbəblərindən biri rəsmi Bakının Rusiya ilə bağlı sanksiya qərarları, digər addımlarla bağlı neytral mövqedə dayanması, sülhə və barışa aparan həll yollarına üstünlük verməsi olub. Rusiya rəhbərliyi dəfələrlə Azərbaycanın mehriban qonşuluq və əməkdaşlığa töhfə verən xidmətlərini etiraf edib, təşəkkürlərini bildirib. Rusiya sanksiyalardan əziyyət çəkəndə, kənd təsərrüfatı məhsullarına tamarzı qalanda da Azərbaycan yardım əlini uzatmaqdan çəkinməmişdi. Eyni zamanda Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə müdafiə edən Azərbaycan işğaldan əziyyət çəkən dost ölkəyə humanitar yardımlarını heç zaman əsirgəməyib, bu, dəfələrlə Ukrayna rəhbərliyi, elə bu yaxınlarda Bakıya səfər etmiş ukraynalı baş diplomat tərəfindən etiraf olunub.
Azərbaycan müstəqil siyasət yürütdüyü üçün hər hansı xarici müdaxiləni qəbul etməyərək, ikitərəfli münasibətlərini beynəlxalq hüquqa istinadən davam etdirməkdə qərarlı olub. Eyni zamanda Rusiya ilə 2022-ci ilin fevralında imzalanan Müttəfiqlik Bəyannaməsinə də Ukrayna, yaxud digər hansısa ölkənin irad bildirməsinə imkan verməyib, bunu özünün müstəqil siyasəti olaraq bəyan edib. Eyni zamanda Moskvada imzalanan sənəd də bizim Ukraynanın ərazi bütövlüyünü müdafiə etməyimizə mane olmayıb. Azərbaycan ləyaqətli mövqe sahibidir, on illərlə özü işğalda və təcavüzə məruz qaldığı üçün işğala və təcavüzə məruz qalan ölkələrin, xalqların durumunu çox yaxşı anlayır, üstəlik də beynəlxalq hüquqa istinad edir, hörmət bəsləyir: hətta 44 günlük müharibədə də, 1 günlük antiterror əməliyyatında da ləyaqətli müharibə, mübarizə ölkəmiz üçün əsas oldu.
Amma çox təəssüf ki, “çörəyimizin duzu” yoxdur, çətin gündə əlindən tutduğumuz çevrələrdən bir çox hallarda zərbələr alırıq, paytaxtımızı barış üçün məkan olaraq təşkil etdiyimiz halda bizim üstümüzə gəlirlər, xəpis niyyətlərini işə salırlar, böyük dövlətin adına yaraşmayan kiçik hərəkətləri görəndə adam daha çox üzülür.
Diqqət edin, son vaxtlar Rusiyanın informasiya resursları Azərbaycandan “düşmən” obrazı formalaşdırmağa çalışırlar, kölgəmizi qılınclayırlar. XİN başçısı Sergey Lavrov İrəvanda olarkən Azərbaycanın 7 rayonunun işğalı zamanı Rusiya silahlarından istifadə olunduğunu söyləməsi əslində biabırçılığın etirafı idi.
Bundan sonra hansı üzlə yenə də sülh məramından bəhs edə bilər bunlar? Bütün bunlardan sonra necə Minsk Qrupunun vasitəçisi kimi özünü sırımağa çalışa bilərlər? Bunlar hələ “vasitəçi” olanda Ermənistana öldürücü silahlar veriblərsə - əslində bunları bilirdik, sadəcə Lavrov tərəfindən etiraf olunması yeni xüsusat yaradır – bundan sonra hansı nöqtədə Rusiyaya etiraf edə bilərik? Lavrovun səfəri zamanı küçəyə çıxan ermənilərin Putinin və Lavrovun şəkillərinin altında hansı sözlər yazdığını hamımız gördük. Bu sözləri ermənilər deyirlər, Rusiyanın boğazımıza keçirdikləri! Bütün bunlardan sonra Rusiya Zəngəzur dəhlizində özünün hansısa formada təhlükəsizlik qüvvələrini necə yerləşdirə bilər? Yaxud Azərbaycana qarşı bunca bəd niyyətlərin ardınca dəhlizdə Rusiyaya məxsus qüvvələrin olmasının özü təhlükəli olmazmı? Demək Rusiyanın hərbi-siyasi-diplomatik çevrələri 2020-ci ilin 10 noyabr bəyannaməsindəki 9-cu bəndin üstündən xətt çəkmiş oldular. Həmin maddəni xatırladaq: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”.
25 dekabr 2024-cü ildən etibarən, mülki təyyarəmizin vurulmasından sonrakı situasiyada Azərbaycanın Zəngilan və Ordubad rayonları arasındakı 43 km-lik dəhlizi Rusiya sərhədçilərinin ixtiyarına verməsi nonses olardı. “Göyün yeddinci qatında”kı mülki təyyarəni hədəf seçən, hətta onun üç hava limanından birinə enməsinə imkan verməyən ölkə Zəngəzurdan keçən qatarın, yaxud avtomobillərin təhlükəsizliyini qoruya bilərmi, yaxud qoruyarmı?..
Kəsəsi, Ukrayna Rusiyaya “Stalinqrad zərbəsi” endirdi. İkinci Dünya müharibəsində Rusiya və Ukrayna Stalinqradın – indiki Volqoqradın almanlardan azad olunması uğrunda birgə müharibə aparırdı. Amma Rusiyanın daxilində baş qaldırmış faşizm onu “uf” demədən qandaşını, dindaşını, 80 il öncənin cəbhədaşını da asanlıqla məhv etməyə həvəsləndirdi. Ukraynanın Rusiya qırıcılarını sıradan çıxarması bu əməliyyatın yüksək səviyyədə hazırlanması və Rusiya kəşfiyyatının faktiki olaraq “yuxuya” qalmasının məntiqi nəticəsidir. Rusiya dinc ukraynalıları hədəfə alır və yəqin ki, bundan sonra daha amansız zərbələr endirməyə cəhd göstərəcək, İstanbul masası davam edərkən.
Amma Ukrayna Rusiyanın daxilindən qəfil ortaya çıxdı və hərbi infrastruktura sarsıdıcı zərbələr endirdi. O zaman Rusiya kəşfiyyatı yuxuda olub yəqin. Deyəsən, Rusiya kəşfiyyatı Azərbaycan kimi ölkələrə qarşı kiberhücumlara başı qarışığı üçün bu miqyasda hücumu “gözdən qaçırıb”. Göz onun-bunun ölkəsində olanda, Azərbaycanı güdəndə əlbəttə, öz ölkəndən, özündən xəbərin olmaz...
Budur, Rusiya nefti ilə dolu “Big Star” tankeri Çin sahillərində qalıb və Çin limanlarına yan almaq üçün icazə ala bilmir. Səbəb: tankerdəki 2,1 milyon barel nefti qəbul etmək istəyən yoxdur. Çin zavodları Ağ Evin yeni sanksiyalarından ehtiyatlanır. Hazırda Rusiya neftini daşıyan və ya daşımaqda şübhəli bilinən 180 tanker sanksiya altındadır. Belə, Rusiya rəhbərliyinin hikkəsi o boyda ölkəni batırır. Belə bir durumda dünyanın digər ölkələri, hətta Rusiya ilə normal münasibətdə olanlar belə, “cəhənnəmə yoldaşlıq”dan imtina edirlər...
04 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ