Onlayn ictimai-siyasi qəzet
“ABŞ-nin hazırki hakimiyyəti qlobal təhlükəsizlik sistemində, yaxud da İkinci Dünya Müharibəsindən sonra formalaşan arxitekturada köklü bir şəkildə dəyişikliklər etməsi ilə gündəmdədir. Trampın hakimiyyətə gəlməsinin heç 100 günü tamam olmayıb, amma USAID və onun timsalında 3-cü sektor vətəndaş cəmiyyətləri institutları adı ilə müxtəlif ölkələrin daxili işlərində aktiv şəkildə iştirak edən və hakimiyyət əleyhinə kütlə formalaşdıran güclərin ifşasının şahidiyik. Biz bu fonda Azərbaycan əleyhinə olan qüvvələrin də ciddi bir şəkildə ifşasını görürürük”.
Musavat.com xəbər verir ki, bunu millət vəkili Zahid Oruc ABŞ hökuməti tərəfindən maliyyələşdirilən "Amerikanın Səsi" radisounun 83 illik fəaliyyətindən sonra tamamilə bağlanmasından danışarkən deyib.
Deputat Tramp administrasiyasının ABŞ-ın başqa ölkələrin daxili işlərinə qarışan və informasiya diversiyası ilə məşğul olan qurumların fəaliyyətini məhdudlaşdırmasından söz açarkən bildirib ki, USAID-ın yüzlərlə ölkədə həyata keçirilən son dərəcə absurd, amorf layihələrin üzərindən aparılan əməliyyatları dayandırılıb:
”Faktiki olaraq ayrı-ayrı milli hökumətlərə alternativ yaradılan təşkilatların, qüvvələrin fəaliyyətlərinə Tramp son verir. Paralel olaraq bu media subyektlərinə də şamil olunur. Uzun illər özlərinə titullu adlar seçən “Amerikanın səsi”, “Vaşinqton Post”, yaxud da “Azadlıq radisou” və digər medialar bəlli ölkələri hədəf seçərək onları beynəlxalq informasiya məkanında linç etmək, ləkələmək, həmin ölkələri sanksiyalar altına almaq, daima xalqla hakimiyyətin əlaqələrini zədələmək xəttləri seçilirdi. Avropa parlamentinə, Avropa Şurasına qədər uzanan bu xəttlərin hamısı indi ifşa olunur. Azadlıq və demokratiya etalonları kim çıxış edən bu qüvvələrin idarəediciləri onları maliyyələşdirən konqresmenlər, departamentlər idi.
“Amerikanın səsi”, “Azadlıq radiosu” Azərbaycanda fəaliyyət göstərirdi, biz deyirdik ki, Azərbaycanın da mediası həmin məkanlarda eyni şərtlər altnda fəaliyyət göstərməlidir. Bu mənada dövlətlər arasında sazişlər gözlənilmirsə, onda birtərəfli qaydada milli informasiya məkanını onların xeyrinə vrmək təhlükəsizlik baxımdan maraqlarımıza uyğun gəlmirdi. Bizi demokratiya göstəricilərində ən aşağı sırada göstərənlərin diktəsi ilə hərəkət etsəydik, ölkəmizi Əfqanıstana, Ukraynaya, Suriyaya çevirəcəkdilər.
Bu media qurumları özlərini ayrıca hökmran qlobal qurumlar kimi aparırdılar. Parçala və hökmranlıq et siyasətini yürüdürdülər. İndi Tramp hakimiyyəti etiraf edir ki, bu global təşkilatların hətta Amerikanın özünə zidd olub. Bizim haqlı mövqeyimiz sübuta yetirilir. Biz qələbəni bu radioların dağıdıcı fəaliyyətindən yan keçərək əldə etdik. Həmin radiolarda Qarabağdakı separatçılara açıq dəstək ifadə olunurdu. Hətta Paşinyanın irəli sürmədiyi arqumentləri dövlətimizə qarşı təzyiq aləti kimi istifadə edirdilər”.
Deputat Hikmət Babaoğlu bildirir ki, “Amerikanın səsi” və “Azadlıq radiosu”nun bağlanması infomasiya müharibəsi əsrində bir mərhələnin qapadılmasıdır.
Onun sözlərinə görə, 80 ildən çox fəaliyyət göstərən hər iki radio əslində ABŞ-nin Varşava paktına üzv olan ölkələrə qarşı apardığı informasiya müharibəsində vasitə idi:
“Bu radiolar sonralar milli dövlətlərin üzərində təzyiq qurmaq üçün xüsusi bir alətə çevrildi və milli dövlətləri insan hüquqları, söz azadlıqları kimi universal dəyərlərlə təhdid etdi. Lakin müəyyən bir mərhələdən sonra bu cür alətlər elə onu yaradanların özünə qarşı çevrildi. Tramp administrasiyası hər iki media subyektinin bağlanmasını onların radikal təbliğat vasitələri olmaları ilə əsaslandırır. Azərbaycan bu həqiqəti əvvəldən bilirdi. O zaman bu mövqeyimiz bəziləri tərəfindən top tufəngə tutulurdu. Demokratiyanın, söz azadlığının, insan hüquqlarının boğulması kimi təqdim olunurdu. İndi heç kim demir ki, Tramp söz azadlığını, insan hüquqlarını pozdu. Azərbaycan eyni addımı atanda isə bunlar deyildi. Azərbaycan öz milli maraqlarını qorumaq üçün vaxtında bu radioların ölkədə fəaliyyətini məhdudlaşdırdı. Bu gün haqlı olduğumuzu zaman sübut etdi”.
Millət vəkili Ceyhun Məmmədov deyir ki, ABŞ-də baş verən hadisələr göstərir ki, uzun illər öncə Azərbaycan doğru qərar qəbul edib:
“Bu radioların əsas hədəfi pozuculuq, digər dövlətlərin daxili işinə qarışmaq idi. Biz bu cür fəaliyyətlərin şahidi olduq. Belə fəaliyyətləri insan hüquqlarının qorunması, demokratiya adı altında etməyə çalışırdılar. Bu da Azərbaycan hakimiyyətinin haqlı narazılığına səbəb olurdu. Dəfələrlə bu ABŞ-nin rəsmiləri ilə müzakirə edilmişdi, lakin heç bir tədbir görülməmişdi. Bu günə kimi də Ermənistana dəstək, Azərbaycana qarşı təhdid münasibətinin şahidi olduq. Trampın qərarı Azərbaycanın nə dərəcədə haqlı olduğunu göstərdi”.
Qeyd edək ki, ABŞ hökuməti tərəfindən maliyyələşdirilən "Amerikanın Səsi" (VOA) 83 illik fəaliyyətindən sonra tamamilə bağlanıb.
Bu barədə qurumun direktoru Maykl Abramoviç məlumat verib: "Bu səhər öyrəndim ki, "Amerikanın Səsi"nin 1300-dən çox jurnalisti, prodüseri və texniki heyəti inzibati məzuniyyətə göndərilib. Mən də onların içindəyəm. Bu tarixi media platformasının susması məni dərindən kədərləndirir", – deyə Abramoviçin bəyanatında bildirilir.
Məsələ ABŞ Prezidenti Donald Trampın daha əvvəl verdiyi qərarla bağlıdır. O, ABŞ Qlobal Media Agentliyinin (USAGM) işçi heyətinin ixtisara salınmasını tapşırmışdı. Həmin agentlik 49 dildə yayımlanan beş böyük media korporasiyasına, o cümlədən "Azad Avropa/Azadlıq Radiosu" və "Amerikanın Səsi"nə nəzarət edirdi. Bundan əlavə, "Azad Avropa/Azadlıq Radiosu"nun maliyyələşdirilməsini təmin edən qrantın da dayandırıldığı məlum olub, baxmayaraq ki, ABŞ Konqresi bu vəsaiti təsdiqləmişdi.
Bu qərar ABŞ mediasında böyük rezonans doğurub və media azadlığı ilə bağlı ciddi narahatlıqlar yaradıb.
Şahanə Rəhimli,
Musavat.com
17 Mart 2025
16 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ