Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərarla karantin rejiminin müddəti aprelin 1-dən iyulun 1-dək uzadılıb.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov Musavat.com-a açıqlamasında bildirib ki, belə qərarlar müəyyən məlumat bazası əsasında qəbul edilir.
Ş.Ramaldanov vurğulayıb ki, hər bir dövlətin təhlükəsizliyi üçün bu kimi addımlar prioritet hesab olunur:
“Azərbaycan 2024-cü ilin nəticələrinə görə, terrorun olmadığı ölkələr sırasında yer alıb. Azərbaycan dövləti bütün riskləri və ətraf bölgələrdəki vəziyyəti, geosiyasi və regionla bağlı təhlükəsizliyə mane olan və təhlükə yaradan prosesləri nəzərə alaraq təhlillər aparır, qərarlar qəbul edir.
Düşünürəm ki, cənubda, son zamanlar şimalda da narahatlığa səbəb olan proseslər onu göstərir ki, hələ də müəyyən qüvvələr Azərbaycanda vəziyyəti qarışdırmaq, terror aktları törətmək istəyirlər. Biz sabitliyin hökm sürdüyü ölkədə yaşayırıq. Təhlükəsizliyimiz gecə-gündüz yüksək səviyyədə qorunur”.
Polkovnik Prezident İlham Əliyevin bu məsələ ilə bağlı mövqeyini xatırladaraq bildirib ki, ölkə başçısı bu qərarın Azərbaycanın təhlükəsizliyi baxımından qəbul edildiyini vurğulayır:
“Fikrimcə, buna hələ də ehtiyac var. Azərbaycanın təhlükəsizliyini bundan sonra da tam şəkildə qorumaq üçün bu və buna bənzər addımlar atılacaq. Azərbaycan dövləti üçün prioritet məsələlər öz əhalisinin və Azərbaycanın təhlükəsizliyi, o cümlədən terrorçuluqla mübarizədir. Ermənistanın silahlanması, havadarları tərəfindən regiona yönəlmiş təhlükəli fəaliyyətlər Azərbaycanın diqqətindən yayınmır.
XII Qlobal Bakı Forumunda Prezident İlham Əliyev söylədi ki, Azərbaycanın yetəri qədər kəşfiyyat məlumatı var. Düşünürəm ki, bu, təkcə Avropa İttifaqının missiyası ilə bağlı deyil, digər sahələri də əhatə edir. Yaranmış vəziyyəti nəzərə alaraq, təhlükəsizlik baxımından vəziyyəti qiymətləndirərək belə bir qərar qəbul olunub.
Turistlər də Azərbaycanı təhlükəsiz ölkə kimi qiymətləndirirlər. Məncə, bu məsələdə karantin rejiminin uzadılmasının da rolu var”.
Qeyd edək ki, Azərbaycan “Global Terrorism Index 2025” (GTI) hesabatına görə, terror təhlükəsi üzrə “0.233” indekslə 2024-cü illə müqayisədə (89) bir reytinq də yüksələrək 2025-ci ildə 90-cı yerdə qərarlaşmaqla (1-dən 100-dək artan mümkün reytinq həddində) dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biridir.
Nigar HƏSƏNLİ,
Musavat.com
18 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ