İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda qızıl istehsalı azalıb - iqtisadiyyata təsiri

Rəşad Həsənov: “Səbəbi Gədəbəy yatağında istehsal həcminin azalması ilə bağlıdır, amma...”

Azərbaycanda qiymətli metal istehsalının həcmi ötən ildən qismən bərpa olunsa da, illik hasilat göstəricilərinin əvvəlki nəticəyə nail olmadığı müşahidə edilməkdədir. Banker.az Dövlət Statistika Komitəsinə istinadən yazıb ki, keçən il Azərbaycanda 2 663 kiloqrama yaxın qızıl və 3 185 kiloqrama yaxın gümüş istehsal edilib. DSK-nın yenilənmiş məlumatları ilə müqayisə edildikdə, qızıl istehsalının illik müqayisədə hələ də 3.5 faiz, gümüşün isə 14 faiz azaldığı müşahidə edilir.

İstehsalın son iki ildə düşməsinə səbəb 2023-cü ildə Gədəbəydə ekoloji məsələlərə görə rayonda qızıl və gümüş istehsalı ilə məşğul olan şirkətin fəaliyyətini dayandırması göstərilir. Böyük Britaniyanın Azərbaycandakı şirkəti “Anglo Asian Mining plc” ötən ilin son iki rübündən istehsala başladığını bildirmişdi.

Azərbaycan keçən ilin ilk 10 ayında 3 464 kq həcmində qızılı $163.4 mln.-a İsveçrəyə satmışdı. Qızılın bir unsiyası ötən il dünya mərkəzi banklarının faizləri yumşaltması və geosiyasi risklər səbəbindən 2000 dollardan 2700 dollara qədər bahalaşma yaşadı. DSK-nin son statistikasında illik 96.5%-lə, yəni 3.5% azalma kimi göstərilir.

Yeri gəlmişkən, 2024-cü ildə Azərbaycan qızıl alışına görə dünyanın ilk 5 ölkəsi sırasında idi. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2024-cü ilin üçüncü rübünün yekunlarına görə, dünyada qızıl alışına görə ilk beşliyə daxil olub. Bu barədə Dünya Qızıl Şurasının (WGC) hesabatında deyilir. Cari ilin yanvar-sentyabr aylarında ARDNF 30 tona yaxın bu qiymətli metalı alıb və beləliklə, oktyabrın 1-nə fondun qızıl ehtiyatı 127 ton təşkil edib ki, bu da illik müqayisədə 17,7% çoxdur. Bu ilin üç rübü ərzində ən çox qızılı Polşa (60 tondan çox), Türkiyə (təxminən 60 ton), Hindistan (50 tondan çox), Çin (30 tondan çox) və ARDNF (30 tona yaxın) alıb. 

Ümumiyyətlə, 2024-cü ilin aprelindən oktyabr ayına qədər ümumilikdə 27 176 kiloqram həcmində qızıl idxal edilib və bu qızılın idxal dəyəri 2 milyard 122.9 milyon ABŞ dolları həcmində olub. Qızıl dünya banklarının 2022-ci ildən bu tərəfə tətbiq etdiyi sərt monetar siyasəti yavaş-yavaş cari ilin əvvəlindən etibarən endirməsi və geosiyasi risklərin artması fonunda bahalaşmaqdadır. Sarı metal 2024-cü ildə tarixi rekord səviyyə olan bir unsiya üçün 2800 dollara qədər bahalaşdı. 

Onu da nəzərə çatdıraq ki, qızıl hasilatı strateji valyuta ehtiyatlarını artıraraq iqtisadi sabitliyə töhfə verən amildir. Bu, ölkənin beynəlxalq maliyyə bazarlarında mövqeyini gücləndirir. Qızıl ixracı xarici valyuta gəlirlərinin artmasına şərait yaradır, bu da ticarət balansını yaxşılaşdırır. Qızıl, valyutanın kredit etibarlılığını və dayanıqlığını artırmaqda mühüm rol oynayır. Qızılın beynəlxalq dəyəri sabit olduğu təqdirdə ölkə iqtisadiyyatının inflyasiyadan qorunmasına kömək edir. Qızıl hasilatı sahəsi, mədənlərdə və onlarla bağlı sənaye sahələrində minlərlə insanı işlə təmin olunması deməkdir. Mədənçilərdən tutmuş mühəndislərə, logistikadan tutmuş texnologiyaya qədər geniş sahələrdə yeni iş imkanları yaranır. Qızıl beynəlxalq bazarlarda ticarətdə, o cümlədən enerji və texnologiya sektorunda strateji ticarət vasitəsidir. Ən əsası yerli qızıl hasilatı, ölkənin xaricdən idxal asılılığını azaldaraq, iqtisadi müstəqillik üçün baza rolunu oynayır. Qızıl müasir texnologiyalarda, xüsusilə elektronika və telekommunikasiya sənayelərində əsas komponent kimi istifadə olunur..

Bəs Azərbaycanda qızıl istehsalının həcmi niyə əvvəlki kimi deyil. Bu azalmanın iqtisadiyyata hə hansı mənfi təsirləri ola bilərmi?

Ekspert iqtisadi rayonların yaradılmasının əhəmiyyətini şərh edir -  09.07.2021, Sputnik Azərbaycan

İqtisadçı Rəşad Həsənov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Burada müxtəlif səbəblər, istehsal faktorları, bazar amili və texniki səbəblər müvafiq vəziyyətin yaranmasına gətirib çıxarır. Bu da istehsalın həcminə bu və ya digər şəkildə təsir göstərir. Düşünürəm ki, 2024-cü ildə azalmanın əsas səbəbi daha çox Gədəbəy yatağında istehsal həcminin azalması ilə əlaqədardır. Bu vəziyyətdə müəyyən mənada yenidən təşkil olunma tələb olunur, xüsusilə də yataqların işlənməsində təhlükəsizlik standartlarının gözlənməsi ilə bağlı tələblərin müəyyən mənada yenidən dizayn edilməsi və s. məsələlər istehsalat prosesinin həcminə təsir göstərdi və nəticədə azalma baş verdi. Ümumiyyətlə, bir iqtisadçı olaraq deyim ki, Azərbaycanda resurs əsasında qurulmuş iqtisadi fəaliyyətlər, xüsusilə də mədən sənayesi, ətraf mühitə, icmalara neqativ təsiri daha böyük olan  qızıl və qiymətli metalların istehsalı ilə iqtisadi böyümənin tərəfdarı deyiləm. Bu gün dünya iqtisadiyyatı kifayət qədər qeyri-resurs əsaslı iqtisadi faktorlar üzərində böyüyüb və əlavə dəyər yaradır. Bu baxımdan, Azərbaycan iqtisadiyyatının bu kimi mənbələr hesabına formalaşmasını uzunmüddətli dövr ərzində arzuolunan hesab etmirəm”.

İqtisadçı əlavə edib ki, bu istiqamətdə hasilatın azalmasının da ciddi təsirlərindən söhbət getmir: “Çünki Azərbaycan bu bazarda böyük istehsalçı deyil və burada itiriləcək gəlirlərin də həcmi, yəni adambaşına düşən və ya iqtisadi göstəricilərə təsir edən effektivlik o qədər də böyük deyil. Əgər gəlirlərin bölüşdürülməsində xüsusilə də ədalətli mexanizmin çatışmazlığın nəzərə almış olsaq, bu istiqamətdə çox böyük itki olmayacağını düşünürəm.

Amma ümumi baxışım ondan ibarətdir ki, Azərbaycan resurs əsaslı iqtisadi modeldən əlavə dəyər əsaslı,  rəqəmsal tutumlu və xidmət əsaslı iqtisadi modelə transformasiya etməklə gələcəkdə yaranacaq bu kimi neqativ trendləri neytrallaşdıra və inkişafı sürətləndirə  bilər". 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR