Onlayn ictimai-siyasi qəzet
2024-ci ilin 11 ayı ərzində Azərbaycan ərazisində qanunsuz dövriyyədən çıxarılan kokain, heroin, həşiş, tiryək və psixotrop maddələrin ümumi dəyəri 154 milyon 579 min manat kimi qiymətləndirilir.
Musavat.com xəbər verir ki, bu rəqəmlər Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının məlumatında yer alır.
2023-cü ildə isə qanunsuz dövriyyədən 281 milyon 484 min manatlıq narkotik vasitələr çıxarılmışdı.
Ötən il hüquq mühafizə orqanları əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli ümumilikdə 8 min 549 cinayət faktı aşkarlayıblar. Onlardan 2 min 837-si narkotik vasitələrin qanunsuz satışı, 5 min 478-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 228-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 6-sı isə digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə 6 ton 403 kiloqram 647,445 qram narkotik vasitə və psixotrop maddə çıxarılıb. Həmin maddələrin 524 kiloqram 059,659qramını heroin, 5 ton 313 kiloqram 809,136 qramını marixuana, 164 kiloqram 849,07 qramını tiryək, 38 kiloqram 852,443 qramını həşiş, 205 kiloqram 385,123 qramını psixotrop maddələr, 156 kiloqram 692,014 qramını digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 38 min 807 ədəd metadon, 15 min 392 ədəd çətənə kolu, 429 qram və 240 ədəd həb şəkilli güclü təsir edən maddə,10 qram prekursor qanunsuz dövriyyədən götürülüb.
Ötən ilin 11 ayı ərzində Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1439,6 hektar sahədən 2 milyon 864 min 953 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib. Qanunsuz dövriyyədən çıxarılmış 6 ton 403 kiloqram 647,445 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 154 milyon 579 min manat qiymətləndirilir.
11 ay ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 6 min 693 nəfər cəlb edilib. Onlardan 2 nəfər 16-18, 498 nəfər 18-25, 1012 nəfər 26-29, 5181 nəfər 30 və ondan yuxarı yaşlarda olublar. Tutulanların 6 min 497-si kişi, 196-sı qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 59 xarici ölkə vətəndaşından 25-i İran İslam Respublikası, 10-u Rusiya, 13-ü Türkiyə, 7-si Gürcüstan, 1-i Özbəkistan, 2-si Ukrayna, 1-i Birləşmiş Ərəb Əmirlikləri vətəndaşıdır. Xarici ölkə vətəndaşlarından ümumilikdə 212 kiloqram 424,217 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb. Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 235 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 406 kiloqram 149,481 qram narkotik vasitə və psixotrop maddə, 38 min 807 ədəd metadon həbi, 1710 ədəd və 44 qram güclü təsir edən maddə çıxarılıb. Ümumilikdə, aşkar edilmiş cinayətlərin 313-ü qrup halında törədilib. Narkoqruplardan 2 ton 471 kiloqram 706,851 qram və 13 min 220 ədəd metadon həbi, psixotrop maddə və 213,4 qram güclü təsir edən maddə müsadirə edilib.
Narkocinayətlərin 2 min 888-i əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 1 ton 895 kiloqram 031,5 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Dövlət Komissiyasına daxil olan işçi qrupunun üzvləri 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövri ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı müqayisəli təhlil aparıblar.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 1209, narkotiklərin qanunsuz satışı ilə bağlı faktların sayı 321, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 798, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 66, digər növ cinayət faktların sayı 24, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 31 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 315 kiloqram 383,968 qram, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 1073 nəfər azalıb.
Qrup halında törədilən narkocinayətlərin sayı isə 7 fakt artıb.
2023-cü ilin 11 ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 1 ton 362 kiloqram 590,155 qram (72,2%), tiryəkin çəkisi 100 kiloqram 304,898 qram (37,8%), həşişin çəkisi 14 kiolqram 607,199 qram (27,3%), kokainin çəkisi 750,831 qr (100%), psixotrop maddələrin çəkisi 202 kq 566,206 qr (49,7%) azalıb. Təhlil göstərir ki, qeyd olunan xarici ölkə mənşəli narkotik vasitələrin təxminən 95 faizdən çoxu qaçaqmalçılıq və digər qanunsuz yollarla ölkəyə gətirilib. Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 5 ton 313 kiloqram 809,136 qramı (82,9 %) marixuana təşkil edib. Onun da 4 ton 638 kiloqram 315,436 qram (87,2%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 675 kiloqram 493,7 qram (12,7%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində, istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 16-17 aprel tarixlərində müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını
Məhvetmə Komissiyası tərəfindən 1741 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 3 ton 430 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə, 60 min 189 ədəd həb metadon, 58 min 773 ədəd narkotik xassəli çətənə bitkisi, həmçinin 3 min 477 ədəd həb, 19 min 341 ədəd kapsul, 24 flakon, 4 ampula, 81,446 qram güclü təsir edən maddə, eyni zamanda 2024-cü ilin 22 iyul tarixində Dövlət Sərhəd və Dövlət Təhlükəsizliyi xidmətlərində saxlanılan 17 cinayət işi üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş 248 kiloqram 293,151 qram müxtəlif növ narkotik vasitələr yandırma üsulu ilə məhv edilib. 43 rayon və şəhərdə qanunvericiliyə uyğun olaraq az və xeyli miqdarda müsadirə edilmiş 1990 hökm və qərar üzrə müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən çətənə bitkisi rayon və şəhər komissiyaları tərəfindən yandırma yolu ilə məhv olunub. Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 82 min 278 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2840 nəfərdən 1792 nəfərinin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib. Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 328, QİÇS-lə Mübarizə Mərkəzində 378, Sumqayıt Narkoloji Mərkəzində 143 nəfər) 849 xəstə müalicə alır. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2024-cü ilin noyabrın sonuna kimi İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 70 nəfəri (6,6%-i) inyekson narkotik istifadəçiləri olub.
Həmin dövrdə “802” qaynar xətt telefon zəng xidmətinə 1601 vətəndaş müraciəti daxil olub, onların 146-sı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 110-u narkotik asılılıqdan müalicə, 1345-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 256 məktub ünvanlanıb. 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib. Hesabat dövrü ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 155 tədbir (75 maarifləndirici və təşkilati tədbir, 66 təlim, 6 sosial layihə, 2 intelektual müsabiqə, 1 marafon və televiziya kanalında 5 verilişdə iştirak) təşkil edilib.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, narkomaniya və narkobiznesə qarşı mübarizənin əsas məqsədi insanları narkotik vasitələrdən uzaqlaşdırmaq və narkobiznesin yayılmasının qarşısını almaqdır:
“Açıqlanan məlumatdan da görünür ki, 2024-cü ildə 18 yaşına qədər iki şəxs narkotiklərlə əlaqəli saxlanılıb. Çox təəssüf ki, xüsusilə gənc nəsil narkotik vasitələrin təhlükələri, onların istifadəsinin ciddi nəticələrini tam olaraq dərk etmir. Dəfələrlə demişik, bir daha təkrarlayırq ki, narkotiklərə qarşı mübarizədə müntəzəm maarifləndirmə mühüm əhəmiyyətə malikdir. Əlbəttə ki, Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə həyata keçirilən tədbirlər təqdirəlayiqdir. Lakin, bu istiqamətdə görülən işləri bir qədər də genişləndirmək vacibdir. Eyni zamanda alternativ müalicənin əlçatanlığı təmin edilməlidir. Bu gün narkomaniya və alkoqolizmdən xilas olmaq üçün çoxsaylı reablitasiya mərkəzləri fəaliyyət göstərir. Həmin mərkəzlərdə müalicə bu bəladan qurtarmaq istəyənlərin əksəriyyətinin cibinə uyğun deyil. Dövlət xəstəxanalarında metadonla əvəzedici müalicə proqramı genişləndirilməlidir. Cəmiyyətdə “ağ ölüm” adlanan narkotiklə mübarizənin inkişafı və yayılması, insanların maarifləndirilməsi üçün narkotik vasitələrin tərkibi ilə birbaşa və ya dolayı yolla beyinin funksiyalarını dəyişdirən və buna bağlı olaraq fiziki və psixi sağlamlığı təhdid edən maddə olması təlqin edilməli, fəsadlarının ciddiliyi, həyat, birgəyaşayışa çox ciddi zərbələr vurduğunu dönə-dönə izah etmək vacibdir. Hər bir gənc bilməlidir ki, narkotiklər fiziki sağlamlığın pozulması və insanın sinir sisteminin alt-üst olması, müxtəlif nevroz hallarını şərtləndirir.
Narkotik maddələr qan dövranına da təsir edərək qanda oksigen və digər maddələrin orqanlara normal çatdırılmasını məhdudlaşdırır. Bu da orqanların və sistemlərin normal funksiyalarının pozulmasına və uzunmüddətli sağlamlıq problemlərinin yaranmasına səbəb olur. Narkotik vasitələrin psixi sağlamlıqla yanaşı, sosial həyata vurduğu zərərlər də acınacaqlıdır. Narkotik vasitələrdən istifadə yalnız fiziki sağlamlığa deyil, həm də sosial və iş həyatında problemlərə gətirib çıxarır. Narkotiklərə olan asılılıq insanların sosial və iş həyatını da alt-üst edir. İş həyatında iş qabiliyyətinin və qərarvermə qabiliyyətinin azalması, həyat yoldaşı, ailə üzvləri və dostlarla problemlər yaranmasına da səbəb olur. Kişi-qadın münasibətlərinin pozulması, ailələrin dağılması, boşanma halları da narkotiklərin acı fəsadlarıdır. Bu halda şəxsin cinayətə cəlb olmaq mərhələsinə belə gəlib çıxması da istisna deyil və bunun da nəticələrini kifayət qədər görmüşük. Xüsusi olaraq diqqətə çatdırmalıyıq ki, narkotik vasitələr həm də istifadəçilər üçün maliyyə problemlərinə səbəb olur və bu, çox vaxt cinayətə cəlb edilməklə nəticələnir”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
09 Yanvar 2025
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ