İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda ət istehlakı son 5 ildə ən aşağı nəticəni göstərib – SƏBƏB

“Vətəndaş məcburi şəkildə daha ucuz ət hesab olunan toyuq, quşçuluq məhsullarını almağa yönəlir”

Azərbaycanda adambaşına düşən ət istehlakının həcmi artsa da, mal əti üzrə göstərici zəifləyib.

Musavat.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ildə bütün növ ət və ət məhsulları üzrə adambaşına düşən həcm 41.2 kiloqram təşkil edib.

2021-ci ildə mal əti və ət məhsullarının adambaşına düşən çəkisi 15.9 kq təşkil etdiyi halda, 2022-ci ildə bu rəqəm 15.8 kq-a qədər azalıb. Qeyd edək ki, 2020-ci ildə bu rəqəm 16.3 kq təşkil edirdi. Bu, son 5 ilin ən aşağı göstəricisi hesab olunur.

Buna hansı amillər təsir edir? Qiymət artımı, yoxsa başqa səbəblər də var?

XALİD SON.png (554 KB)

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Musavat.com-a bildirib ki, Azərbaycanda adambaşına düşən ət istehlakını dünya göstəriciləri ilə müqayisə etsək, inkişaf etmiş ölkələrdən (İEÖ) çox aşağıdır:

“Amma inkişafdan geridə qalmış ölkələrdən bir qədər yuxarıdır. Amma bu yuxarı səviyyə də çox deyil. Misal üçün, Çexiyada adambaşına düşən ət istehlakı illik 83 kiloqramdır. Bu müqayisəni yalnız mal əti üzrə aparmıram. Çünki cəmiyyətlərin müxtəlif ət seçimi var. Bir hissəsində quş əti, bəzilərində donuz əti ön plandadır, misal üçün, Türkiyədə qoyun və quş əti daha çox istehlak olunur.

Avropada adambaşına düşən ət istehlakına nəzər salaq. Finlandiyada 77 kiloqram, Fransada 83 kiloqram, İsraildə 97 kiloqram, İrlandiyada 77 kiloqramdır. Yəni ümumiləşdirsək, Avropa ölkələrində adambaşına düşən ət istehlakı 75-90 kiloqramdır. Yeni Zellandiyada bu göstərici 101 kiloqramdır. Portuqaliyada adambaşına düşən ət istehlakı 94 kiloqramdır. Azərbaycan Avropadan, İEÖ-dən iki dəfə az ət istehlak edir. Bu da son dövrlərin artımı hesabınadır. Bu isə sosial vəziyyətin nisbətən pis olmasını xarakterizə edən göstəricidir”.

Ekspertin sözlərinə görə, konkret olaraq ət strukturunda dəyişikliyə gələndə burada iki məsələ ön plandadır:

“Birincisi yenə son dövrlər baş verən inflyasiya, inflyasiyanın əhalinin nominal gəlirlərini üstələməsi ilə bağlıdır. Vətəndaş məcburi şəkildə daha ucuz ət hesab olunan toyuğa, quşçuluq məhsullarını almağa yönəlir. Əgər Azərbaycanda quşçuluq məhsullarının bir kiloqramı 5-6 manatdırsa, mal və qoyun ətinin kiloqramı bundan 2 və 2.5 dəfə bahadır. Əhalinin maddi vəziyyətinin pisləşməsi birinci məqamdır, insanların Avropadakı kimi ət almağa imkanı çatmır. İkinci məqam isə mal ətinin bahalaşması ilə əlaqədardır. Eyni zamanda, qırmızı ətlə bağlı maarifləndirmənin aparılması da statistik göstəricilərə təsir edə bilər. Diyetoloqların cəmiyyətdə təbliğat aparması nəticəsində qırmızı ət istehlakının ağ ət istehlakına çevirmə cəhdləri də burada rol oynaya bilər”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR