Onlayn ictimai-siyasi qəzet
Həkimlər təhlükəlidir deyir, amma...; iqtisadçı: “Qadağan olunarsa, daha zərərli tütün məmulatlarına üstünlük verəcəklər”
Avstraliya gələn həftədən etibarən apteklərdən kənarda elektron siqaretlərin satışını qadağan etməyə hazırlaşır. Hökumətin hazırladığı qanun layihəsində böyüklər apteklərdən elektron siqaret ala biləcək, yaşı 18-dən aşağı olanlar isə yalnız həkim resepti ilə onu əldə edə biləcəklər. Hökumət təcili tədbirlər görülməsə, nikotinə aludə olan nəslin yetişəcəyi ilə bağlı xəbərdarlıq etdiyi halda, elektron siqareti tərgitmiş gənclərə dəstək üçün əlavə vəsait ayrılacaq. İyulun 1-də qüvvəyə minəcək qanunla Avstraliya elektron siqaretləri qadağan edən ilk ölkə olacaq.
Qeyd edək ki, bu ilin yanvarında Qazaxıstanda elektron siqaretlə bağlı qanun qəbul edilib. Sənədə əsasən, qadağanın pozulmasına görə elektron siqaretlərin satışına, idxalına və yayılmasına görə 50 günə qədər inzibati həbs, eyni əmələ görə, lakin cinayətkar qrupun tərkibində olduqda iki ilədək, daha böyük miqyasda olduqda beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası veriləcək.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili də aprel ayında Azərbaycanda elektron siqaretin istifadəsinin qadağan olunmasını təklif edib. Komitə sədri parlamentin iclasında çıxışında bildirib ki, dünyanın bir çox ölkələrində bu siqaret növü getdikcə qadağan edilir. T.Mirkişili apardığı araşdırmaya görə, elektron siqaret gənclər arasında geniş yayılan, dəb, moda halını alan amma gələcəkdə çox ciddi şəkildə fəsadlara yol açacaq siqaret çəkmək növüdür: “Əgər xanım sədr siz də icazə versəydiniz, Aqrar siyasət komitəsi ilə kiçik araşdırma aparardıq. Əksər ölkələrdə bu, qadağandır. Azərbaycanda buna qadağa yoxdur və il ərzində təxminin 3 milyona yaxın birdəfəlik elektron siqaret ölkəyə idxal olunur. Əgər iqtisadi cəhətdən bu, zərər verməzsə və ya digər məsələlər önə çıxmazsa, biz bu məsələ ilə bağlı təşəbbüslə çıxış edə bilərik”.
Bəzi iddialara görə, elektron siqaretlərin idxalına qadağa qoyulması ilə bağlı təkliflərdə biznes amili də rol oynaya bilər. Çünki ölkəmizdə münasib şərait olan tütün sənayesini daha fəal inkişaf etdirməyi, daha çox siqaret ixrac etməyi planlaşdırırıq, çünki bu, valyuta tutumlu sahədir.
Eyyub Kərimli
İqtisadçı ekspert Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, ümumiyyətlə, istehlak və idxal edilən məhsulun qadağan edilməsi həmin məhsulun bahalaşmasına səbəb olur: “Biz o halda o məhsulu qadağan edə bilərik ki, daxildə istehsal olsun. Daxildə istehsal yoxdursa, bunun qadağan edilməsində əsaslı səbəb görmürəm. Həmin məhsulların istehsalını ölkədə təmin edə bilsək, qadağan etməyə imkan olar. İndiki halda düşünürəm ki, bu qadağa əhəmiyyət kəsb etməyəcək, əksinə, hər hansı yollarla məhsullar Azərbaycana gətiriləcək. Bunların qiyməti daha da baha olacaq. Onun istehlakına da düşünmürəm ki, təsiri olsun. İnsanlar bundan istifadə etməyib, daha zərərli siqaretə, qəlyana, tütün məmulatlarına üstünlük verəcəklər”. Əhali arasında isə təşviş var. Qeyd edilir ki, məktəb və liseylərdə 13,14 yaşlı oğlan və qızlar arasında çox təhlükəli bir vərdiş yaranıb. Tənəffüslərdə məktəblilər tualetlərdə elektron siqaret çəkirlər. Bununla bağlı sosial mediada da insanlar narahatlıqlarını bildirirlər.
Ekspertlərə görə, elektron siqaretlər tütün məmulatı olmadığı üçün dünya bazarında asanlıqla irəliləyir. Ona görə də nəzarət etmək çətindir. Çünki bu siqaretlər nə elektron, nə də ki, tütün məmulatı sayılır. Bir çox ölkələrdə tütün əleyhinə qəbul edilən qanunlar bunlara aid deyil. O da qeyd edilir ki, Azərbaycanda elektron siqaretlərin qaçaq mal variantı var. Lakin qaçaq mallar daha təhlükəlidir. Çünki onların mənşəyi bəlli deyil.
Musa Qəniyev
Mütəxəssislər onu da bildirirlər ki, elektron siqaret adi siqaretdən dəfələrlə zərərlidir. Azərbaycan Tibb Universitetinin professoru Musa Qəniyev “Yeni Müsavat”a deyib ki, elektron siqaretin (ES) ağciyərə təsiri klinik gedişinə görə koronavirusdan praktik olaraq fərqlənməyən atipik gedişli ikitərəfli kəskin ağciyər pnevmoniyasına səbəb ola bilir: “Misal üçün, "Nyu York Tayms" qəzetinin 5 avqust 2019-cu il sayında haqqında məlumat verilən, yanvar ayına qədər 2,5 mindən artıq insanın yoluxduğu və 60 nəfərin ölümünə səbəb olan atipik pnevmoniyanın koronavirus etiologiyalı olduğu iddia olunsa da, aparılan monitorinq bunun elektron siqaretlə əlaqədar olduğunu təsdiq etdi. Odur ki, bu xəstəlik ümumdünya elmi ədəbiyyatında EVALI adını alıb. Nikotinsiz elektron siqaretə gəlincə, nikotinli və nikotinsiz məhlulların kimyəvi tərkibindəki fərqlilik yalnız nikotinlə bağlıdır. 2023-cü ildə sübut olunub ki, ağciyərlərdə mikrosirkulyasiyanın daha ciddi pozğunluğunu törətdiyinə görə nikotinsiz elektron siqaretin dağıdıcı təsiri nikotinli elektron siqaretdən daha güclüdür. Qəribə görünsə də, bunu provitamin olaraq nikotinin orqanizmdə vitamin B3-ə (vitamin PP, nikotinamid, nikotin turşusu) çevrilərək nisbi korreksiya halı törətməsi ehtimalı ilə əlaqələndirirlər. Unutmaq olmaz ki, elektron siqaretdən dövri olaraq, hətta qısamüddətli istifadə olunsa belə, ağciyərlərin bərpası 2-3 aya qədər, asinusların regenerasiyası isə 12 ay və daha uzun müddət çəkir. ES-in satışı və istifadəsinə 2021-ci ilə qədər dünyanın 41 ölkəsi, o cümlədən, Aİ-nin Danimarka və Norveç kimi ölkələrində qadağa qoyulub. 2024-cü ildə bu siyahıya qardaş Türkiyə və Qazaxıstan da əlavə olunub. Misir, İordaniya, Oman, Qətər və sair kimi müsəlman ölkələrində isə elektron siqaret haram hesab edilərək qadağan olunub. Elektron siqaretin marketinqi hazırda əsasən internet və sosial şəbəkələr vasitəsilə edilir. Bu təbliğatın əsas istiqaməti və obyekti yeniyetmələr və uşaqlardır. Odur ki, üzümü bütün ailələrə tutub deyirəm, ES guya “qorxusuz su parı” hasil edir fikri tamamilə yanlış və əsassızdır. Övladlarınızı ES bəlasından qoruyun. Ölkəmizin gəncləri arasında ES-dən istifadənin artması səhiyyəmizin potensial problemi hesab olunmalıdır. Gənclərimizi bu bəladan qorumağın yeganə yolu elektron siqaretin ölkəyə gətirilməsi və istifadəsinə mütləq və qeyri-şərtsiz olaraq qadağanın qoyulmasıdır".
Həkim əlavə edib ki, əslində elektron siqaret nikotin və digər zərərli maddələrin miqdarı göstərilən normativlərdən 10-30% çox olur: “ES adi siqaretlərdən daha təhlükəli və qorxuludur. Bu siqareti çəkərkən buxar halında olan aerozol ağız boşluğu və tənəffüs yolu selikli qişasını yandırdığından çox ciddi xəstəliklərə səbəb ola bilir. ES-in xərçəng, kəskin ağciyər və ürək xəstəlikləri törətmə potensialı adi siqaretdən yüksəkdir. Digər tərəfdən, aerozolun ultrakiçik hissəcikləri (diametri 2,5 mkm) ağciyər toxumasının dərinliyinə nüfuz edir, selik baryerinə təsir göstərərək mukosiliar klirensi zəiflədə və peribronxial iltihaba, fibroza səbəb ola bilir. Aerozolun tərkibində olan bəzi maddələr, xüsusən akrolein mutagen təsir göstərə, xromosom aparatında ciddi dəyişikliklər törədə bilir. Əvvəllər ES çəkməmiş şəxs cəmi 20 dəfə bu tüstünü ciyərlərinə alıb-buraxarsa, alveolların makrofaqlarında 60-dan artıq genin ekspresiyasında irsiyyətə verilmə ehtimalı olan dəyişiklik baş verir. Aerozolun tərkibində olan formaldehidin çox güclü kanserogen (xərçəngntörətmə) olması isə məlum həqiqətdir. Bu siqaretdən dövrü istifadə orqanizmin toxumalarını fermentlərin destruktiv təsirindən qoruyan zülal-inhibitorların aktivliyini kəskin şəkildə azaldır. Asılılıq törətmə potensialına görə isə adi siqaretdən heç də geri qalmır. ES-dən ümumi istifadə hepatit, vərəm və sairə kimi qorxulu, öldürücü infeksiyalara yoluxmaya 100%-li zəmin yaradır”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ