İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycançılıq ideologiyasıtəhlükəli vəziyyətdən çıxmaqdaölkənin, xalqın harayına çatdı”

Deputat: “Böyük dövlət xadimi, Ulu öndər Heydər Əliyev gələcək nəsillərə sözün əsl mənasında dövlətçilik mirası qoyub getməyi bacardı”

İki gün sonra -12 dekabrda Ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasının 21-ci ili tamam olur. Ulu öndər cismən həyatda olmasa da daim Azərbaycan xalqının qəlbində yaşayır. Onun ideyaları Azərbaycanın müstəqilliyinin qorunması, ərazi bütövlüyünün bərpasında xilaskar rolunu oynayıb, bu gün də belədir. Bu barədə “Yeni Müsavat”a Milli Məclisin deputatı Aydın Hüseynov bildirib. 

Deputat qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində, inkişafında, bu gün ölkəmizin qlobal gücə çevrilməsi prosesində Ulu öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyasının müstəsna təsiri olub və var: “Sovet ittifaqının çöküşündən və Azərbaycanın dövlət müstəqilliyinin bərpasınından sonra ilk bir neçə ildə ölkəmizdə qarmaqarışıq vəziyyət, xaos hökm sürürdü, mərkəzdənqaçma meylləri baş qaldırmışdı. Bu ağır durumdan ölkənin çıxarılması çoxları üçün mümkünsüz görünəndə məhz Azərbaycançılıq ideologiyası bu təhlükəli vəziyyətdən çıxmaqda ölkənin, xalqın harayına çatdı. Bu ideologiyanın banisi Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə onun müəllifi olduğu azərbaycançılıq ideologiyası Azərbaycanda rəsmi status aldı. Məhz bu amil Azərbaycanın xilası oldu. Əldən getmək üzrə olan dövlət müstəqilliyimizi bu ideologiya qorudu, dirçəltdi. Xalqı bu ideologiya ətrafında birləşdirmək mümkün oldu. Azərbaycanın parçalanmasını, məhv olmasını gözləyən düşmənlərin planlarını, arzularını məhz azərbaycançılıq ideologiyası, bu ideologiyanın Heydər Əliyev tərəfindən böyük müdrikliklə həyata keçirilməsi pozdu”.

Aydın Hüseynov: “Onun əziz xatirəsi hər zaman anılacaq” - Oxu.az

A.Hüseynov həmçinin bildirdi ki, Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası Azərbaycanda yaşayan, onu vətən bilən bütün fərdləri birləşdirən ideologiyadır: "Azərbaycançılıq milli məfkurədir. Azərbaycançılığın dövlətçiliyə tətbiqi ölkənin bütün istiqamətlərdə möhkəmlənməsinin təməlində dayanan mühüm faktordur. Heydər Əliyev konstitusiyamızda ilk dəfə bunu nəzərə aldı. Dünya azərbaycanlılarının qurultayında məşhur deyim olan “Mən fəxr edirəm ki, azərbaycanlıyam” ifadəsini işlətdi və qeyd etdi ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir, müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır, hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı-Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Azərbaycançılıq ideologiyası böyük dövlət xadimi Heydər Əliyevin Azərbaycan cəmiyyətinə təqdim etdiyi universal dəyərlər sistemidir. Eyni zamanda azərbaycançılıq ideologiyası Azərbaycan cəmiyyətinin bütün təbəqələrində qəbul edilən, mənimsənilən və həyat tərzinə çevrilən bir ideoloji xətdir. Azərbaycançılıq bizim həm dövlət, həm də milli ideologiyamızdır. Azərbaycançılıq ideologiyasının təməl prinsipləri 1995-ci ildə müstəqil Azərbaycanın qəbul olunan ilk konstitusiyasının yaranmasında ciddi təsirə malik oldu. Ölkədə siyasi islahatlara başlanması prosesi bu ideologiyanı özünə meyar kimi seçdi. Ölkəmizin beynəlxalq birlik tərəfindən ciddi bir dövlət kimi qəbul olunmasında, gənclərin milli ruhda tərbiyələnməsində, çox vətənprəvər milli ruhda gənc nəslin yetişməsində azərbaycançılıq ideologiyasının son dərəcə böyük təsiri olub. Bu təsir bu gün də var. Azərbaycanın hər bir vətəndaşı etnik mənsubiyyətindən asılı olmayaraq buranı özünün doğma vətəni olaraq qoruyur. Azərbaycançılıq ideologiyasının təsiri altında Azərbaycanda çox vətənpərvər gənc nəsil yetişib. 2020-ci ildə 44 günlük Vətən müharibəsi də bunu bir daha əyani şəkildə nümayiş etdirmiş oldu. Torpaqlarımızın işğaldan azad olunmasında bu ideologiyanın ciddi əhəmiyyəti var. Bu ideologiya ilə yetişən nəsil torpağının azad olunması üçün hər cür fədakarlığa getdi.

Ulu öndər Heydər Əliyevdən sonrakı dövrdə onun müəllifi olduğu ideologiya Prezident İlham Əliyev tərəfindən çox böyük uzaqgörənliklə həyata keçirildi. Bugünkü qalib Azərbaycan məhz bu ideologiyanın dayaqları üzərində möhkəmlənib.

Böyük dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucu lideri Heydər Əliyev xalqımızın dünəni, bu günü və gələcəyi üçün böyük bir miras yaratdı və onu gələcək nəsillərə sözün əsl mənasında dövlətçilik mirası kimi qoyub getməyi bacardı. Bu gün inkişaf edən, gün keçdikcə beynəlxalq münasibətlər sistemində nüfuzu daha da artan qüdrətli Azərbaycanın təməlləri məhz Heydər Əliyev tərəfindən qoyulub. Onun əbədiyaşar ideyalarını bir daha yada salmalı oluruq. Bu ideyalar indi və gələcək yüzilliklərdə də Azərbaycan xalqının birlik və bərabərliyini təmin, milli kimliyimizi təyin edir. Ümummilli lider Heydər Əliyevin ideyaları azərbaycanlı olmaq fəlsəfəsini özündə əks etdirir. Əgər qısaca olaraq müstəqillik illərindən bugünədək olan tariximizi təhlil etməyə çalışsaq görərik ki, Ulu öndərin əməyi, uzaqgörənliyi, cəsarəti sayəsində xaosdan, etnik separatçılıqdan qurtulan Azərbaycan inkişaf edərək tarixi zəfər əldə edəcək qədər güclü bir dövlətə çevrilib. 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında əldə etdiyimiz zəfərin təməlində də məhz böyük dövlət xadimi Heydər Əliyevin yaratdığı dəyərlər, qurduğu dövlət sistemi dururdu. Hesab edirəm ki, ən böyük xidmətlərdən biri də Heydər Əliyevin Azərbaycan xalqı üçün siyasi məktəb yaratması olub. Ulu öndərin siyasi məktəbinin yetirməsi olan Ali Baş Komandan İlham Əliyev Heydər Əliyev dəyərləri və prinsiplərinə sadiq qalaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Ona görə də nə qədər ki Azərbaycan var, Heydər Əliyevin ideyaları o qədər yaşayacaq”.

Hazırladı: Etibar SEYİDAĞA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR