İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana gələn avropalı turistlərin sayı artır, ərəblərin sayı isə azalır - SƏBƏB

Bu ilin ilk 9 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 32.1 faiz artaraq 1.535 milyon nəfərə çatıb.

Gələnlərin sayı Çindən 8,2 dəfə, Cənubi Koreyadan 3,4 dəfə, Türkmənistandan 2,9 dəfə, Hindistandan 2,1 dəfə, Polşadan 2,0 dəfə, Qazaxıstandan 1,9 dəfə, Tacikistandan 1,9 dəfə, Misirdən 1,8 dəfə, Filippindən 1,8 dəfə, Qırğızıstandan 1,8 dəfə, Bəhreyndən 1,6 dəfə, Belarusdan 1,6 dəfə, Moldovadan 1,6 dəfə, Özbəkistandan 1,6 dəfə, İspaniyadan 1,6 dəfə, İtaliyadan 1,6 dəfə, Rusiya Federasiyasından 1,5 dəfə, ABŞ-dan 41,4 faiz, Kanadadan 41,1 faiz, İsraildən 34,6 faiz, Gürcüstandan 31,7 faiz, Niderlanddan 30,2 faiz, Böyük Britaniyadan 26,3 faiz, Küveytdən 24,0 faiz, Fransadan 23,2 faiz, Almaniyadan 20,6 faiz, Türkiyədən 20,0 faiz, Birləşmiş Ərəb Əmirliklərindən 11,6 faiz, Ukraynadan 8,6 faiz artıb.

Beləliklə, Azərbaycana gələn turistlərin coğrafi mənşə strukturunda əvvəlki illər ilə müqayisədə dəyişiklik qeydə alınır: avropalıların sayı artır, ərəb turistlərin səfərləri azalır.

Körfəz ölkələrindən gələnlərin sayı 9,3 faiz azalsa da, Avropa İttifaqından gələnlərin sayı 39,5 faiz artıb.

"Ərəb turistlərin sayının azalması alternativ turistik bazarlara marağın yüksəlməsi, Azərbaycanda turizm qiymətlərinin hələ də yüksək olması ilə əlaqələndirilir".

Musavat.com xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

Onun sözlərinə görə, Avropadan gələnlərin sayının artması  pandemiyadan sonra köhnə qitədə getmə turizmə istəyin yüksəlməsi, işgüzar səfərlərin sayının çoxalması və bütövlükdə bölgəyə xüsusi marağın artması ilə bağlıdır:

"Eyni zamanda, son illər xaricilərin Azərbaycanda sağlamlıq turizminə də marağının artması müşahidə olunur.

Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sahədir. Pandemiyadan əvvəlki il - 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlib və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləyib. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir".

Vüqar Bayramov qeyd edib ki, bu, turizm gəlirlərində dayanıqlığı artıra bilər.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR