Onlayn ictimai-siyasi qəzet
Ölkəyə qarşı sistemli dezinformasiya daha da intensivləşib; bununla mübarizə və kommunikasiya mərkəzi təsis oluna bilər
Vətən müharibəsindən məğlubiyyətlə çıxan dünya erməniləri, Qərb mediasının siyasi korrupsiyaya uğrayan dairələri və onların yerli uzantıları tərəfindən Azərbaycana qarşı sistemli dezinformasiyanın son aylar daha da intensivləşməsi müşahidə olunur. Müasir dünyada informasiya məkanı dövlətlərin həm də coğrafi ərazisinin ayrılmaz hissəsidir. Son dövrlər bəzi ölkələrin media resursları mötəbərliyi şübhə doğuran mənbələrə istinad edərək Azərbaycan barədə həqiqəti əks etdirməyən, yerli və beynəlxalq auditoriyanın ictimai rəyini çaşdırmağa yönəlmiş məlumatlar yaymaqdadırlar.
Yada salaq ki, həftəsonu İsrailin “Kan” dövlət televiziya və radio şirkəti informasiya yaydı ki, yəhudi dövlətinin ordusu İrandan gələn hücum təhlükəsi fonunda öz hərbçilərinin Azərbaycan və Gürcüstanda qalmasını qadağan edib. Bildirilib ki, ordu rəhbərliyinin əmrinə əsasən, hazırda “Cənubi Qafqazın bu iki respublikasında hər hansı səbəbdən hərbi xidmətdə olan israillilər dərhal İsrailə qayıtmağa borcludurlar”.
“Kan” qeyd edib ki, Gürcüstan və Azərbaycan İranla yanaşı yerləşir, onların ərazisində iranlılar yaşayır və Azərbaycanın İslam Respublikası ilə ümumi sərhədi var.
Ardınca Azərbaycan Media Agentliyi bu informasiyanı “dezinformasiya” adlandıran bəyanat yaydı və bildirildi ki, “Son dövrlər bəzi ölkələrin media resursları mötəbərliyi şübhə doğuran mənbələrə istinad edərək Azərbaycan barədə həqiqəti əks etdirməyən, yerli və beynəlxalq auditoriyanın ictimai rəyini çaşdırmağa yönəlmiş məlumatlar yaymaqdadırlar. Dezinformasiyanın təsiri altında "İran İnternational" televiziya kanalı, habelə “The Telegraph” nəşri və “Kan” agentliyi Azərbaycan barədə beynəlxalq jurnalistika standartları ilə bir araya sığmayan informasiya manipulyasiyası həyata keçirib, guya İsrailin öz hərbçilərinə Azərbaycanda qalmağı qadağan etməsi barədə dezinformasiya yayıblar".
Məlumatda qeyd olunub ki, Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingenti mövcud deyil və bununla bağlı yalan məlumatlara söykənmiş informasiya manipulyasiyaları ciddi şəkildə qınanılır: “Eyni zamanda bir daha diqqətə çatdırırıq ki, hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq, media məlumatları paylaşarkən hamı tərəfindən qəbul olunmuş jurnalistikanın vahid etik prinsiplərinə əməl etməlidir. Bu tipli klassik dezinformasiya nümunəsi olan materialların sosial şəbəkə seqmentinə sirayət etdikdən sonra bəzi yerli media subyektlərimiz tərəfindən təkrar tirajlanmasını yolverilməz hesab edirik”.
“Kan” televiziyasının yaydığı məlumatdan sonra İran tərəfində Azərbaycana qarşı olan qüvvələr tərəfindən hədələyici bəyanatlar səsləndirilir. Yerli ekspertlər hesab edirlər ki, Yaxın Şərqdə baş verən proseslərə Azərbaycanı da qoşmaq niyyətində olan qüvvələr dezinformasiyalar yaymaqla ölkəmizə qarşı təxribata cəhdlər edirlər.
Qeyd edək ki, İran çoxdan Azərbaycanla sərhəddə İsrailin “kəşfiyyat obyektləri” yaratdığında israr edir. Rəsmi Bakı dəfələrlə bunu təkzib edib, öz ərazisindən İrana qarşı hər hansı düşmənçilik hərəkətlərinə yol verməyəcəyini bildirib. Öz növbəsində, Tehran indiyədək Azərbaycanda İsrail obyektlərinin mövcudluğunun hər hansı dəlilini təqdim etməyib. İranın Kürdüstandakı və Azərbaycandakı İsrail obyektlərinə zərbə endirməsi mümkünlüyü haqqında məlumat şənbə günü Britaniyanın “The Telegraph” qəzetindəki nəşrdən sonra yayılmışdı. Bu nəşrdə prezident Pezeşkianın köməkçilərindən birinin Kürdüstan və Azərbaycanın liderlərinə əvvəlcədən xəbərdarlıq edərək, İsrailin bu ölkələrdəki obyektlərinə şərti zərbə endirmək İsrailin özünə qarşı böyük müharibəyə başlamaqdan daha yaxşı olduğu haqqında sözlərindən sitat gətirilib.
Dünyada ayrı-ayrı KİV-lər və müvafiq qurumlarla bu tip dezinformasiya ilə mübarizə aparmaq, yaxud onu təkzib etmək kimi təcrübə yoxdur. Bu xüsusi spesifik yanaşma tələb edən bir işdir. Bu gün dünya informasiya məkanında yalanın və dezinformasiyaların xüsusi çəkisi artır. Bu ona qarşı mübarizəni də aktuallaşdırır. Məsələn, ABŞ Senatı hələ Ukrayna müharibəsindən əvvəl Rusiyanın dezinformasiya siyasətinə qarşı mübarizə aparmaq üçün 200 milyon dollar vəsait ayırmışdı. Bu işlə xüsusi mərkəzlər məşğul olur. Ölkəmizə qarşı dezinformasiya hücumuna qarşı çıxmaq üçün əlbəttə ki, sistemli və düşünülmüş, ardıcıl iş aparılmalıdır. Qeyd edək ki, qardaş Türkiyədə dezinformasiyaları aşkarlamaq və zərərsizləşdirmək məqsədilə xüsusi mərkəz təsis edilib. Azərbaycanda ekspertlər, araşdırmaçı jurnalist və media sahəsində analitiklərdən ibarət dezinformasiya ilə mübarizə və kommunikasiya mərkəzinin yaradılması təklif olunsa da, bu proses ləngiyir.
Vüsal Məmmədov
Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov qeyd etdi ki, belə bir mərkəzin yaradılması zəruridir: “Hətta deyərdim ki, bizə hava-su kimi lazımdır. Xüsusən də müharibədən sonra Azərbaycan əleyhinə hibrid müharibə güclənib, təhdid xarakterli, yalan və böhtanlarla dolu məlumatların tirajlanması artıb. Ona görə informasiya işini bilən, dezinformasiya mexanizmlərinə bələd olan operativ qərargah yaratmaq vacibdir”. V.Məmmədovun sözlərinə görə, Qərb informasiya məkanından, həmçinin Ermənistandan Azərbaycana qarşı dezinformasiya hücumları artıb: “Özəlliklə də bir günlük antiterror əməliyyatından sonra Qərb mənbələri hadisələri yanlış şəkildə təqdim etməyə başladılar, Azərbaycanı əsassız yerə etnik təmizləmədə ittiham etdilər və bu gün də saxta xəbərlər, təhdidedici informasiyalar işıqlandırılır. Son məsələdə də Azərbaycanı dost İsrail və qonşu İranla üz-üzə qoymaq cəhdi var idi. Ona görə də belə bir mərkəzin yaradılmasına ehtiyac var”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ