Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Azərbaycanda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan-ÜST əməkdaşlığı, habelə ölkəmizin COP29 sədrliyi müzakirə olunub.
Azərbaycanın ÜST ilə yaxından əməkdaşlıq etdiyi, xüsusilə COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin görülməsi istiqamətində aparılan birgə fəaliyyətin təqdirəlayiq olduğu diqqətə çatdırılıb.
Pandemiya dövründə Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizə sahəsində beynəlxalq səylərin gücləndirilməsi, inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi, xüsusilə vaksinlərə əlçatanlığın təmin olunması baxımından təşəbbüslərinin əhəmiyyəti qeyd olunub. Bu istiqamətdə, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul olunması xüsusilə vurğulanıb.
Tibb və sağlamlıq sahəsində beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdirilməsinin, xüsusilə tibb universitetləri arasında qarşılıqlı əlaqə və təcrübə mübadiləsinin vacibliyi qeyd olunub.
Azərbaycan və ÜST tərəfindən həyata keçirilən birgə layihələr, xüsusilə postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə psixoloji sağlamlıq xidmətlərinin göstərilməsinə dəstək istiqamətli təşəbbüslərin əhəmiyyətindən bəhs olunub. Bununla yanaşı, post-münaqişə reabilitasiya dövründə mina təhdidi ilə mübarizə sahəsində səhiyyənin roluna və bu istiqamətdə əməkdaşlığın vacibliyinə vurğu edilib.
C.Bayramov həmçinin Azərbaycanın COP29 sədrliyi, aparılan danışıqlar və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. COP29-un ilk günündə sessiyanın gündəliyinin təsdiqi, Paris Sazişinin 6.4 və 6.8-ci maddələrinin razılaşdırılması, maliyyə institutları tərəfindən illik əsasda iqlim maliyyəsi öhdəliyinin 75 milyarddan 170 milyard ABŞ dollarına qədər artırılması, habelə İtki və Zərərə cavab verən Fondun fəaliyyət üçün tam hazır olması ilə bağlı qəbul olunan mühüm qərarlar xüsusilə vurğulanıb.
İqlim dəyişikliyi və sağlamlıq mövzuları arasında mövcud üzvi əlaqəni nəzərə alaraq, bu istiqamətdə sədrliyimiz çərçivəsində ÜST ilə əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
19 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ