Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 14 mart tarixli plenar iclasında çıxış edib.
Musavat.com bildirir ki, spiker martın 10-da və 11-də Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri barədə qısa məlumat verib:
“Rəsmi səfərin ilk günündə Tiflis şəhərindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət etdik. Abidənin önünə əklil qoyuldu, Ulu Öndərin xatirəsi ehtiramla yad edildi.
Rəsmi səfər çərçivəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşlər keçirildi.
Görüşlərdə dost ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri haqqında fikir mübadiləsi aparıldı, möhkəm tarixi əsaslara malik olan münasibətlərin dinamik inkişafından razılıq ifadə edildi.
Qeyd olundu ki, Azərbaycanla Gürcüstanın iş birliyi böyük enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə imkan yaradıb. Xalqlarımızın mənafeyinə xidmət edən bu layihələr Avrasiya məkanında mühüm amilə çevrilib.
Yüksək səviyyəli münasibətlərin parlamentlər müstəvisində də uğurla davam etdirildiyi bildirildi. Vurğulandı ki, parlamentlərarası əlaqələr Azərbaycanla Gürcüstanın ikitərəfli və çoxtərəfli münasibətlərinin mühüm tərkib hissələrindən biridir”.
Sahibə Qafarova vurğulayıb ki, iki ölkənin parlament üzvlərinin beynəlxalq platformalarda bir-birinə qarşılıqlı dəstəyinin və birgə fəaliyyətinin əhəmiyyəti qeyd olundu:
“Söhbətlər zamanı regionda vəziyyət, sülh və sabitliyin təmin olunmasının vacibliyi ilə bağlı fikir mübadiləsi aparıldı. Beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartların, ölkələrə qarşı qərəzli, ədalətsiz yanaşmaların yolverilməz olduğu bildirildi”.
Spikerin sözlərinə görə, rəsmi səfər çərçivəsində Azərbaycan və Gürcüstan parlamentlərinin sədrləri iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlıq haqqında memorandum imzalayıb:
“Hesab edirəm ki, Gürcüstana rəsmi səfər uğurlu keçdi və bununla əlaqədar mən nümayəndə heyətinin üzvlərinə öz minnətdarlığımı bildirirəm”.
E.Paşasoy,
Musavat.com
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ