Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 14-də Bolqarıstanın xarici işlər naziri Georg Georgiyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən Musavat.com-a verilən məlumata görə, tərəflər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Geniştərkibli görüşdə Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlığının müxtəlif, o cümlədən iqtisadi, ticarət, enerji təhlükəsizliyi, yaşıl enerji, humanitar, mədəni və s. aspektləri, gələcək planlar, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
İki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafında mövcud siyasi dialoqun əhəmiyyəti vurğulanıb. İqtisadiyyat, ticarət sahələri üzrə əməkdaşlıq imkanlarının mövcudluğu vurğulanıb, Azərbaycan və Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın bu xüsusda rolu qeyd edilib.
Enerji sahəsi üzrə həyata keçirilən birgə təşəbbüslərin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynadığı diqqətə çatdırılıb, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsinin, xüsusilə yaşıl enerji sahəsi üzrə yeni layihələrin icrası üçün geniş perspektivlərin mövcud olduğu bildirilib.
Ceyhun Bayramov həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.
Sülh müqaviləsinin mətninin razılaşdırılmasına baxmayaraq, Ermənistan tərəfinin konstitusiyası və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddialarına son qoyulmasının, ATƏT-in keçmiş Minsk qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğvinin ən vacib amil olduğu vurğulanıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
15:36
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Bolqarıstanın xarici işlər naziri Georq Georgiyev geniş formatda görüş keçiriblər.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Nazirlər Azərbaycan və Bolqarıstan arasında iqtisadiyyat, ticarət, energetika, nəqliyyat və rabitə daxil olmaqla bir neçə əsas sahədə strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər.
XİN başçıları həmçinin iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün gələcək planlar və potensiallar barədə də fikir mübadiləsi aparıblar.
Bundan əlavə, Ceyhun Bayramov bolqarıstanlı həmkarını postmünaqişə vəziyyəti və regiondakı son hadisələr, həmçinin çağırışlar, xüsusilə də Ermənistanın bu ölkənin konstitusiyasında təsbit olunmuş Azərbaycana qarşı ərazi iddiaları barədə məlumatlandırıb.
***
13:56
Azərbaycan və Bolqarıstanın xarici işlər nazirləri Ceyhun Bayramov və Georq Georgiyev arasında təkbətək görüş başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ