İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan ÜTT-yə üzv olmaq üçün gecikib, yaxın 10 ildə dünya yeni formata keçəcək- ŞƏRH

 

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) aktuallığı artıq sual altına düşüb. Əgər ABŞ Administrasiyası siyasətini davam etdirməyə çalışacaqsa, belə bir şəraitdə artıq ÜTT-nın prinsipləri pozulur və ticarət müharibələrinin başlaması bütövlükdə bu istiqamətdə qurumun fəaliyyətini sadəcə formal xarakterə, əhəmiyyətsiz bir formata çevirə bilər”.

Bu fikirləri Musavat.com-a açıqlamasında iqtisadçı Rəşad Həsənov bildirib. O əlavə edib ki, əslində, son 10 ildə bu istiqamətdə meyllər müşahidə olunurdu: “Ölkələr preferensial sazişlər bağlamaqla, ÜTT-nın müəyyən etdiyi şərtlərdən kənar qarşılıqlı şərtlər müəyyən edərək, idxal-ixrac əməliyyatlarını həyata keçirirdilər. Pandemiya dövründə bir çox ölkələr ixrac kvotaları tətbiq etməyə başladılar, yaxud da ixraca məhdudiyyətlər tətbiq etdilər, daxili tələbatın və ya gələcəkdə yarana biləcək risklərin qorunması aspektindən. Yəni vəziyyəti dəyərləndirsək, indiki halda ÜTT-a Azərbaycanın daxil olmasının gətirdiyi fayda o qədər də böyük deyil. Əslində, zamanında bu istiqamətdə addım atılmalı idi. Azərbaycan kifayət qədər gecikib və çox böyük ehtimalla növbəti 10 ildə dünya yeni formatlar üzərində işləyəcək. Yeni şərtlər, yeni qaydalar müəyyən, yeni yollar müəyyən etməyə çalışacaqdır. Çünki dünya təkdir və onun resursları tükənəndir. İqtisadiyyatın ən əsas prinsiplərindən biri tükənən resursların mümkün qədər səmərəli istifadəsidir. ÜTT-nın təklif etdiyi format, əslində, bu istiqamətdə səylərin birləşdirilməsinə yönəlirdi, təəssüf ki, Azərbaycan bu formatdan bu günə qədər istifadə edə bilmədi”.

İqtisadçı ölkəmizin bundan sonra bu təşkilata daxil olmaqla bağlı qərar qəbul edəcəyini zənn etmir:

“Amma əgər daxil olmaq haqqında narahatlıqlar varsa, xüsusilə də daxili iqtisadiyyatın qorunması aspektindən, o zaman ÜTT-nın təcrübəsində müxtəlif formatlar mövcuddur. Bəzi ölkələrə müəyyən dövr tanınır, yəni bu dövr bəzən 7-10 il çəkə  bilir və belə bir dövr ərzində həmin ölkə iqtisadiyyatını müvafiq şəraitə uyğunlaşdırır. Eyni zamanda paralel olaraq da bunun müqabilində müəyyən investisiyalar cəlb edilə bilir. Xüsusilə də, Azərbaycanla aparılan danışıqlarda əsas məsələlərdən biri, işğaldan azad olunmuş ərazilərin bərpası üçün birbaşa maliyyə dəstəyinin edilməsi ilə bağlı məqamlar idi. Bu məsələlər hansısa formada gündəmə gətirilə bilər. Eyni zamanda burada Azərbaycan üçün xarakterik xüsusiyyətlərdən biri də aqrar sektorun müdafiəsi məsələsidir. Çünki əhalinin 36 faizi bu sahədə məşğulluğu formalaşdırır, amma sektor demək olar ki, inkişaf etməyib. Yəni insentiv modelə keçilməyib və nəticədə sektorun rəqabətli üstünlüyü çox zəifdir. Lakin onunla yanaşı, ölkədə həm ərzaq təhlükəsizliyi, həm də məşğulluq aspektindən strateji əhəmiyyət daşıyır. Bununla bağlı müəyyən mövqelər formalaşdırıla bilər. Ümumiyyətlə isə düşünmürəm ki, bu istiqamətdə qısa müddətdə addımlar atılsın, yaxud da bu addımların əvvəlki dövrlərdə gözlənildiyi qədər Azərbaycan iqtisadiyyatına töhfəsi olsun. Artıq bu prosesdə birmənalı şəkildə gecikmişik”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR