Onlayn ictimai-siyasi qəzet
Ukrayna müharibəsi və bunun nəticəsində Rusiya qazının Avropaya yolunun bağlanması bu qitəyə Azərbaycan qazına tələbatı kəskin artırıb. Hazırda Azərbaycanın 10 Avropa ölkəsi ilə qaz təchizatı müqaviləsi var: İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Slovakiya və Şimali Makedoniya. Bu ölkələrdən üçü ilə - İtaliya, Yunanıstan və Bolqarıstanla sabit tədarük həcmi ilə uzunmüddətli müqavilələr, qalanları ilə isə dəqiq alış həcmi olmayan müqavilələr imzalanıb.
Bu ilin yanvarından Ukrayna Rusiya qazının öz üzərindən nəqlini tam dayandırdıqdan sonra Cənub-Şərqi Avropa ölkələrindən qazla bağlı müraciətlər artır. Belə ki, Türkiyə üzərindən - "Türk axını" ilə alınan Rusiya qazının Avropaya ötürülməsi üçün infrastrukturun imkanları geniş deyil - Ukrayna üzərindən nəql olunan 15-17 milyard kubmetri tam təmin etmək mümkün olmur. Buna görə də digər mənbələrdən - xüsusilə Azərbaycandan qaz almaq istəyənlər çoxalır. Digər tərəfdən, bir sıra ölkələr, xüsusilə də Ukrayna və Moldova Rusiyadan heç bir halda qaz almaq istəmirlər. Ötən ildən etibarən hər iki ölkənin Azərbaycandan qaz alması məsələsi gündəmə gətirilir. Ukrayna ilə bağlı əsas müzakirə mövzusu Azərbaycan qazının bu ölkənin infrastrukturu ilə Avropaya nəqli məsələsidir. Ötən ilin aprelindən etibarən həm xarici media, həm ayrı-ayrı Avropa ölkələrinin başçıları, həm də Ukrayna rəsmiləri tərəfindən bu məsələ gündəmə daşınır. Hətta yanvarın sonlarında Davos İqtisadi Forumunda Ukrayna və Azərbaycan prezidentlərinin görüşündə də bu məsələ müzakirə olunub. Yanvardan həmçinin Rusiyanın Moldova ərazisində dəstəklədiyi separatçı Dnestryanı bölgəyə Azərbaycandan qaz çatdırılması məsələsi gündəmə gətirilib. Hazırda bölgəyə “Türk axını” ilə Türkiyəyə, oradan Macarıstana çatdırılan Rusiya qazı verilir. Lakin ötən il “Türk axını” ilə 7 milyard kubmetrə yaxın qaz alan Macarıstan bu il daha çox almağı planlaşdırır, çünki Ukrayna öz ərazisindən nəqlə icazə vermir. Bu halda Dnestryanının qaz təminatının Macarıstan üzərindən reallaşdırılması çətin görünür.
Azərbaycan qazını Cənub Qaz Dəhlizinin Yunanıstan seqmentindən Bolqarıstana çatdıran Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (İGB) rəhbəri Teodora Georgieva ötən ildən Azərbaycan qazının Ukrayna və Moldovaya Bolqarıstan vasitəsilə ötürülməsini təklif edir. Xanım Georgiyeva “Azərtac”a müsahibəsində bir daha bu məsələyə toxunub. Onun sözlərinə görə, boru kəməri 2022-ci ilin oktyabrında kommersiya istismarına verilib: “Cəmi iki ay sonra IGB Moldovaya təhlükəsiz qaz nəqli marşrutunun təmin edilməsində mühüm rol oynayıb, ölkəyə qış dövründə daxili tələbatı ödəməyə kömək edib. Bu məqsədə nail olmaq üçün Trans-Balkan qaz kəmərindən əks rejimdə istifadə edilib. Bu nümunə beynəlxalq enerji layihələrinin əhəmiyyətini əyani şəkildə nümayiş etdirir: onlar təkcə ev sahibi ölkələr üçün tədarüklərə zəmanət vermir, həm də regionun enerji əlaqələrinin gücləndirilməsinə kömək edən yeni marşrutlar açır. IGB-nin işə salınması şaxələndirilmiş təchizat marşrutlarının yaradılmasında, enerji təhlükəsizliyinin artırılmasında və tək mənbədən asılılığın azaldılmasında mühüm addımdır. Boru kəməri dərhal Bolqarıstanın Rusiya tədarükündən asılılığının azaldılmasına əhəmiyyətli təsir göstərdi, hazırda Moldova və Ukrayna da daxil olmaqla, digər regional bazarlarını təmin etmək üçün etibarlı marşrut rolunu oynayır”.
Qeyd edək ki, interkonnektor vasitəsilə Azərbaycan qazının Bolqarıstana tədarükünün illik həcmi iki dəfə artıb və 2024-cü ildə 2 milyard kubmetr təşkil edib. Bunu Azərbaycanın Sofiyadakı səfiri Hüseyn Hüseynov Bolqarıstanın “Nova” nəşrinə bildirib.
Səfirin sözlərinə görə, Bolqarıstana qaz Avropa bazar qiymətindən ucuz satılır: “Biz Azərbaycan qazının Bolqarıstana tədarükünü artırmışıq və qiymətlər də münasibdir - SOCAR qazının bazar qiymətindən nisbətən aşağıdır. Biz tədarükləri 1 milyard kubmetrdən 1,2 milyard kubmetrə, sonra isə 1,5 milyard kubmetrə çatdırdıq, ötən ilin sonunda isə Azərbaycan qazının həcmi 2 milyard kubmetrə çatıb. Bu o deməkdir ki, biz Bolqarıstanın təbii qaza olan ehtiyacının əsas hissəsini qarşılayırıq”.
Səfir xatırladıb ki, 2013-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti “Bulgargaz” şirkəti ilə Bolqarıstana illik 1 milyard kubmetr qaz tədarükü üçün 25 illik müqavilə imzalayıb: “Lakin Bolqarıstanda baş verən enerji böhranından sonra və Sofiya hakimiyyətinin tələbi ilə biz qaz tədarükünü artırmağa başladıq, çünki sənayeniz təbii qazdan asılıdır”.
O, həmçinin xatırladıb ki, 2022-ci ildə Azərbaycan Aİ ilə enerji sektorunda strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalayıb: “Biz ilkin olaraq Trans-Adriatik Boru Kəməri ilə Aİ-yə 10 milyard kubmetr təbii qaz tədarük etməyi gözləyirdik, lakin sizin regionunuzda və bütövlükdə Avropada vəziyyəti nəzərə alaraq, biz Avropa bazarına qaz tədarükünü artırdıq. Nəticədə ötən ilin sonuna qədər bu, təxminən 13 milyard kubmetr təşkil edib”.
Hüseynov qeyd edib ki, Azərbaycan hazırda “12 Avropa ölkəsinin ərazisinə” qaz ixrac edir: “Bu baxımdan Bolqarıstan Azərbaycan tərəfindən qaz tranziti baxımından çox mühüm ölkə kimi qəbul edilir, çünki ölkəniz inkişaf etmiş daxili qaz nəqli şəbəkəsinə malikdir”.
Qeyd edək ki, 2023-cü ildə Bolqarıstan Azərbaycandan 1 milyard 250 milyon kubmetr qaz alıb.
İlham Şaban
Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, İGB rəhbəri Bolqarıstanın maraqlarından çıxış edir: “Bolqarıstan üzərindən hazırda 2 ölkənin boru kəməri ilə qaz tranziti həyata keçirilir: Azərbaycan və Rusiya. Hərdən də Yunanıstana gətirilən LNG partiyası kiçik həcmdə qonşu ölkələrə çatdırılır. Ona görə də Bolqarıstan hökuməti maraqlıdır ki, qaza ehtiyacı olan Balkan və Şərqi Avropa ölkələri daha çox məhz Bolqarıstandan keçən marşrutlarla enerji əldə etsinlər. Bu baxımdan da rəsmi Bolqarıstandan gələn arzular başadüşüləndir. Amma Moldova və Ukraynanın Azərbaycanla qaz alqı-satqısına dair nə qısamüddətli, nə də ortamüddətli dövr üçün hansısa müqavilələri yoxdur. Nə zaman olar, onda da təbii ki, optimal marşrut (tariflər də nəzərə alınmaqla) seçilər. Boru qaz bazarında bu gün müqavilə imzalanıb sabah qaz verməyə başlanması mümkün deyil. Bunun üçün orta və uzunmüddətli müqavilələr imzalanmalıdır. Orta və uzunmüddətli müqavilələrin icrası isə həmişə hansısa yatağın işlənməsinə bağlı olur və tərəflər alqı-satqı müqaviləsi imzalayıb hüquqi öhdəlik götürdükdən sonra başlanır icra, yəni yatağın işlənməsi və nəql məsələləri”.
Ekspert bildirir ki, Azərbaycanın Avropaya, o cümlədən Ukrayna və Moldovaya qaz nəqlini artırmaq imkanları var: “Bizim ehtiyatlar var və 2026-cı ildə AÇG dərin qaz layihəsi üzrə hasilat başlayacaq. 2029-da Şahdəniz Kompressiya Layihəsi üzrə ilk qaz alınacaq və bundan sonra Abşeron yatağının ikinci mərhələsi üzrə hasilat planlaşdırılır. Yəni bizim problem ehtiyatlarla bağlı deyil, onun potensial alıcılarının imkanlarındadır”.
Dünya SAKİT,
“Yeni Müsavat”
26 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ