Onlayn ictimai-siyasi qəzet
Bir neçə gün əvvəl dünyanın diqqəti yenidən Azərbaycanın işğaldan azad edilmiş ərazisinə yönəlmişdi. Son illər bu ərazilərin beynəlxalq aləmin diqqət mərkəzində olması təsadüfi deyil. Xankəndidə, Şuşada, Ağdamda, Suqovuşanda, Laçında gah el şənlikləri, gah beynəlxalq tədbirlər, gah musiqi festivalları, gah da beynəlxalq miqyaslı idman yarışları keçirilməsi “Qarabağ Azərbaycandır!” reallığının dünyaya mesajıdır. Bir neçə gün əvvəl isə dünya ictimaiyyəti Laçın rayonunda daha bir nüfuzlu tədbirin - Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli Zirvə görüşünün şahidi oldu. Sayca ikinci olan bu Zirvə görüşü Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürü idi. Bu görüş həm də ona görə diqqət mərkəzinə çevrildi ki, artıq Laçın Beynəlxalq Hava Limanı öz qapılarını dünyaya açıq elan etdi. 30 il ərzində işğal altında qalan Laçın şəhərində belə bir nüfuzlu tədbirin keçirilməsi böyük rəmzi məna daşıyır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Laçında keçirilən Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli ikinci Zirvə görüşünə münasibət bildirən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi deyib ki, Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığını ildən-ilə, gündən-günə gücləndirir. Yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birinə, həmrəylik, dəstək göstərir, münasibətləri daha da möhkəmləndirirlər. Azərbaycanın şanlı Zəfəri ilə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Türkiyə və Pakistan ölkəmizin yanında olduğunu açıq şəkildə nümayiş etdirdi. Bu gün də üç qardaş ölkə arasında həmrəylik davam edir. Üç ölkənin iştirakı ilə Laçında ikinci Zirvə görüşünün keçirilməsi dostluq və qardaşlığın bariz nümunəsidir. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən təntənəli mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının və strateji əməkdaşlığının növbəti təzahürü oldu
Ç.Qənizadə Zirvə görüşündə Prezident İlham Əliyevin çıxışındakı bəzi məqamları diqqətə çatdıraraq deyib: “Dövlətimizin başçısı qeyd etdi ki, bu görüş vasitəsilə bizim üçtərəfli əməkdaşlığımızın yeni səhifəsi açılır. Əminəm ki, bu gün müzakirə etdiyimiz məsələlər, əldə edilmiş razılaşmalar bizi bir-birimizə daha da yaxın edəcək. Prezident, həmçinin Azərbaycanın müstəqilliyinin ilk illərindən - çətin və şərəfli dövründən də söhbət açdı. Dedi ki, 107 il bundan əvvəl müsəlman aləmində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Bu, böyük tarixi hadisə idi. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. İki il sonra - 1920-ci ilin aprel ayında müstəqilliyimiz əlimizdən alınmışdır. Ondan bir neçə ay sonra - 1920-ci ilin noyabr ayında Sovet Rusiyası tərəfindən Qərbi Zəngəzur bölgəsi Azərbaycandan ayrılıb Ermənistana birləşdirilmişdir. Bu, böyük ədalətsizlik idi və Azərbaycan xalqı buna oxşar ədalətsizliklərlə tarix boyu üz-üzə qalmışdır. Ancaq xalqımızın iradəsi və qardaş xalqların dəstəyi bizə güc verirdi, bizi ruhlandırırdı və iradəmizi gücləndirirdi. Ermənistanın işğalçılıq siyasəti Azərbaycana böyük faciələr gətirmişdir. Müstəqillik elan olunandan dörd ay sonra Ermənistan dövləti xalqımıza qarşı soyqırımı törətmişdir”.
Hüquq müdafiəçisi dövlətimizin başçısının Azərbaycan dövləti və xalqının bu ədalətsizliklə, işğalla heç vaxt barışmayacağı barədəki fikirlərini diqqətə çatdıraraq deyib ki, güclü siyasi iradə, güclü iqtisadiyyat və güclü ordu faktorları bizi Qələbəyə aparan amillər idi. Xalqımız vətənpərvərlik ruhunda, xalqa, torpağa bağlı yeni gənc nəsli yetişdirərək Qələbəmizi şərtləndirdi. Bu şanlı tariximiz bölgəmizdəki geosiyasi vəziyyəti dəyişdirdi, yeni reallıqlar yaratdı və hər bir ölkə bu reallıqlarla barışmalı oldu. Yenilməz ordumuzun 2023-cü ildə birgünlük antiterror əməliyyatı isə dövlət suverenliyimizi tam bərpa etdi və Azərbaycanda separatizmin kökü birdəfəlik kəsildi.
Tanınmış hüquqşünas Zirvə görüşündə işğaldan azad edilmiş bütün ərazilərdə aparılan yenidənqurma, bərpa və quruculuq işlərindən də söhbət açıldığını qeyd edib: “Prezident deyib ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda böyük infrastruktur layihələri icra edilir - xəstəxanalar, məktəblər, üç hava limanı tikilib, dəmir yolları, avtomobil yolları salınıb, 70 kilometrə yaxın tunelin inşası sürətlə gedir. Bu gün bizim qonaqlarımız azad edilmiş torpaqlarda gedən işlərin bir hissəsi ilə tanış olmuşlar. Artıq Şərqi Zəngəzur və Qarabağ bölgələrimizdə 43 min insan yaşayır və çalışır. Bu bölgəyə həyat qayıdıb, bu bölgənin sahibləri qayıdıblar. Biz Ermənistan ordusunu məğlub etmişik və bununla Azərbaycan xalqı fəxr edir. Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq”.
Üç dost ölkənin liderlərinin Qarabağda, Şərqi Zəngəzurda birlikdə bayram tədbirlərində iştirakı və həmrəylik nümayiş etdirmələri dünya miqyasında yeni reallıqlar yaradır. Laçında təşkil olunmuş bayram konsertində səslənən mahnılar bu birliyin zəngin mədəniyyətə malik olmasının göstəricisidir. Bunlarla yanaşı, Üçtərəfli Zirvə görüşü üç ölkənin Laçından dünyaya verdiyi ciddi mesajdır”, – deyə Ç.Qənizadə bildirib.
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ