Onlayn ictimai-siyasi qəzet
Azərbaycan-Türkiyə qardaşlığının dünyada analoqu yoxdur. Azərbaycanın torpaqları işğal altında olduğu dövrdə, İkinci Qarabağ müharibəsi dövründə, eləcə də Qarabağımızı yenidən bərpa etdiyimiz bu günlərdə də qardaş Türkiyə dövləti yanımızda olub. Azərbaycan da hər zaman Türkiyənin yanında olub. Bu baxımdan Azərbaycan-Türkiyə dostluğunun dünyada analoqu yoxdur. Şuşa bəyannaməsi təhsildən tutmuş, müdafiəyə, quruculuq işlərinə qədər bir çox sahəni tam olaraq əhatə edir. Təbii ki, bu kontekstdə bir çox uğurlu layihə reallaşdırılmaqdadır. İğdır-Naxçıvan qaz kəmərinin açılışı ilə bu layihələrin uğurla davam etməsinin şahidi oluruq.
Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.
O xatırladıb ki, Azərbaycanın müstəqilliyinin ilk illərində, Qarabağın işğal altında olduğu ən ağır dövrdə Naxçıvan blokada vəziyyətində idi və blokada vəziyyətindən çıxmaqda qardaş Türkiyə dövlətinin çox böyük dəstəyi olub:
“Həmin dövrdə Naxçıvan və Türkiyə arasında İğdır istiqamətində körpü inşa edildi və həmin körpü vasitəsi ilə Naxçıvana ciddi yardımlar edildi. Bu gün mühüm layihələrin həyata keçirilməsi onu deməyə əsas verir ki, gələcəkdə də iki dövlətin birgə səyi ilə daha möhtəşəm layihələr reallaşdırılacaq.
Həmçinin, qarşıda çox böyük hədəflər var-Zəngəzur dəhlizi, bölgədə kommunikasiya xətlərinin açılması ilə bağlı, eləcə də bu gün Qərbi Azərbaycan adlandırdığımız tarixi torpaqlarımızdan zaman-zaman qovulmuş, deportasiya olunmuş bacı-qardaşlarımızın həmin ərazilərə qayıdışı ilə bağlı məsələlər gündəmdədir. Bunların reallaşmasını təmin etmək üçün də iki dövlətin birgə fəaliyyətinə çox böyük ehtiyac var. Dostluq-qardaşlıq davam etdikcə, təbii ki, bu gün Azərbaycan və Türkiyə regionun şəksiz liderləri, söz və güc sahibidirlər. Bu liderliyi bir qədər də gücləndirmək, hədəflərimizə çatmaq üçün bu cür layihələrin davamlı olaraq həyata keçirilməsi ilə iki dövlət arasında müxtəlif səviyyələrdə münasibətlərin ən yaxşı mərhələyə keçməsi, hədəflərə doğru birgə irəliləməyimiz, həm Azərbaycanın, həm də Türkiyənin dövlət maraqlarına xidmət etməklə yanaşı, bütövlükdə Türk dünyası üçün çox böyük örnəkdir, eyni zamanda böyük uğurlar gətirəcək”.
Nigar HƏSƏNLİ,
Musavat.com
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ