İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan sınağı”dan “2" alanlar - dar gündə tanınan ”dostlar"

Serbiyanın AŞ PA-dakı nümayəndə heyəti məlum qətnaməyə etiraz edib, Ukrayna Ali Radası isə tərəfləri dialoqa çağırıb; bəs torpaq itirən Gürcüstan, Ukrayna, Moldova, eləcə Rumıniya serb həmkarları kimi adekvat addım atacaqlarmı?

Serbiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyəti AŞ PA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qətnaməyə etiraz olaraq assambleyanın sədri Teodoros Rousopoulosa etiraz müraciəti ünvanlayıb. “Yeni Müsavat”ın xəbərinə görə, müraciətdə ölkəmizin mövqeyi müdafiə olunur. 

“Serbiya nümayəndə heyəti qəbul edilmiş qətnaməyə qəti etiraz bildirərək assambleyamızın və Avropa Şurasının reputasiyasına və müəyyən edilmiş roluna mənfi təsirlərin qarşısını almaq məqsədilə onu yenidən nəzərdən keçirməyə çağırır. Azərbaycanın parlament nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi AŞ PA çərçivəsində Azərbaycanla əməkdaşlığı qeyri-mümkün edir və bu ölkə ilə Avropa Şurasının daha geniş çərçivədə müxtəlif orqan və mexanizmlərdən ibarət zəngin palitrasında əməkdaşlıq və öhdəliklərin yerinə yetirilməsi baxımından daha çox imkanın itirilməsinə gətirib çıxarır. Belə vəziyyət dialoq və müvafiq öhdəliklərimizin yerinə yetirilməsi üçün platforma rolunu oynayan bu qurumun əsas məqsədinə ziddir. Bu, həmçinin assambleyanın və bütövlükdə Avropa Şurasının nüfuzuna ciddi zərbə, eləcə də onların dəstəklədiyi əməkdaşlıq ruhuna etinasızlıqdır”, - müraciətdə vurğulanır və sədrdən Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı qətnamənin ləğvi xahiş edilir. 

Azərbaycan təbii ki, dost-tərəfdaş saydığı qonşu Gürcüstandan, Ukraynadan, Moldovadan, Rumıniyadan da eyni yanaşmanı gözləyir(di). Amma olmadı. Barı, bundan sonra onlar da Serbiya kimi hərəkət edəcəkmi? Axı dost dar gündə tanınır. İkinci yandan, belə müraciətlər nə dərəcədə təsirli ola bilər? AŞ PA-nın yaz sessiyasında (aprel) anti-Azərbaycan qətnaməsi ləğv edilə bilərmi? Nəzərə alaq ki, Gürcüstan, Ukrayna, Moldova Azərbaycanla eyni platformada - GUAM təşkilatında təmsil olunur. Bu il sədrlik Ukraynadan Azərbaycana keçir. Hər üç ölkə işğala məruz qalıb və Azərbaycan kimi təcavüzə məruz qalmış dövlətə dəstək olmalıydılar. Yeri gəlmişkən, Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsi Avropa Şurası Parlament Assambleyasını (AŞ PA) və Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsini dialoq və əməkdaşlığa çağırıb. Müraciətdə qeyd olunub ki, AŞ PA-nı və Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsini danışıqlar prosesinə qayıtmaq və konstruktiv dialoq yolu ilə fürsət tapmağa çağırır. Amma Ukrayna nümayəndə heyətinin də serb həmkarları kimi analoji addım atması gözləntisi var. 

Natiq Cəfərli: “İnflyasiyanın və qiymət artımının səbəbi...” » Reyting.az

Natiq Cəfərli

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a qeyd etdi ki, Serbiya etiraz məktubu ünvanlayıb, Gürcüstandan da təəssüf dolu bəyanatlar olub, hazırda Azərbaycan digər tərəfdaş ölkələrlə də ciddi diplomatik iş aparır. “Bu çağırışları, etirazları təsadüfi saymıram. Bu qətnamə beynəlxalq hüququn tələblərinə zidd idi. Azərbaycan Qarabağda etmədiyi məsələlərə görə ittiham olunur. Üstəgəl, 312 avropalı deputatdan cəmi 76 nəfərin səsi əsasında qərar qəbul olunub. Azərbaycanın siyasi məhbus, mətbuat azadlığı və digər siyasi problemlərinə gəlincə, onların həlli bizim özümüz üçün lazımdır. Bu bəhanələri verməmək üçün addımlar atılmalıdır ki, tərəfdaş ölkələrin də iştirakı ilə Azərbaycanla Avropa institutları arasında yaranmış gərginliyə son qoyulsun”. REAL funksioneri xatırlatdı ki, Azərbaycan Qərbin digər mühüm və nəhəng təşkilatı - Avropa Birliyi ilə əməkdaşlıqdan heç də imtina etmir: “Tam əksinə, Şarl Mişelin Azərbaycan prezidentinə təbrik mesajı oldu. Bu əlaqələrin gələcəkdə inkişaf etdirilməsi, hətta Brüssel formatının reabilitasiya edilməsi haqda razılaşmalar var. Bu da sözsüz ki, pozitiv məqamlardır. Əlbəttə, Aİ və AŞ PA ayrı-ayrı qurumlardır, amma hər iki institutda eyni ölkələr təmsil olunur, bu da gələcəkdə əlaqələrin düzəldilməsi üçün imkanlar aça bilər”.

Prezidentliyə namizəd Fuad Əliyev səs verdi

 Fuad Əliyev 

Prezidentliyə namizəd olmuş Fuad Əliyev isə bildirdi ki, o, təbliğat-təşviqat kampaniyası dövründə İTV-də çıxışı zamanı Azərbaycanın GUAM-dan çıxması təklifini səsləndirib. F.Əliyev hesab edir ki, bizə dost görünən dövlətlərin sonuncu hadisədə davranışı xoş deyildi: “Bu təşkilatın özü də formaldır. Hər hansı perspektivi yoxdur. Rumıniyaya gəldikdə, bu ölkənin nümayəndə heyəti də gözlənilməz davrandı. Başa düşmək olar ki, heyətdə müxalifət və iqtidar deputatları ola bilər, fərqli rəy verilir, yəni birbaşa ölkənin rəsmi mövqeyi deyil. Amma bütün hallarda, bizi özünə dost görən dövlətlər bu məsələdə Azərbaycanın yanında olduqlarını nümayiş etdirməlidir. Çünki özləri də işğala məruz qaldıqlarını iddia edirlər. Ümumiyyətlə, AŞ PA-nın qəbul etdiyi qərar, mandatımızın əlimizdən alınması haqsızlıq idi. Bu, dünyanın gözü qarşısında baş verdi”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR