İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Rusiya münasibətlərində növbəti qəza

25 dekabrda, Aktau şəhərinin səması, qeyri-adi bir təyyarə qəzasının şahidinə çevrildi. Elə bu yazını da həmin gün yazmağa başladım, vaxt azlığı yazını eyni gündə yekunlaşdırmağa imkan vermədi, o cümlədən yazdığım proqnozlar gerçəkləşdiyi üçün yazını təkrar redaktə etməli oldum.

"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması, bir çox ehtimal və variantın müzakirəsinə yol açsa da, qəzanın səbəbi 1 gün keçmədən ortaya çıxdı.
62 sərnişin və 5 ekipaj üzvü olmaqla, 67 nəfərin olduğu təyyarənin, Qroznı üzərində Rusiyanın Çeçenistandakı Hava Hücumundan Müdafiə Sistemi, "Pantsir-S" tərəfindən vurulması, artıq öz təsdiqini tapdı.

Əgər Azərbaycana aid sərnişin təyyarəsi qəsdən vurulubsa, bu artıq açıq-aşkar meydan oxumadır və savaş elanıdır.

Yox, əgər qəsd yoxdursa, ciddi səriştəsizlik və məsuliyyətsizlik var, buna görə də Rusiya, Azərbaycandan rəsmi şəkildə üzr istəməli, ölənlərə baş sağlığı verməli, həyatını itirən və yaralanan sərnişinlərin ailələrinə kompensasiya ödəyəcəyini bildirməlidir.

Hava Müdafiə Sistemlərinin işə salınmasında, hansısa texniki xətadan söhbət gedə bilməz, ancaq dəqiqləşdirilməmiş informasiya yaxud panika halında verilmiş əmrdən söhbət gedə bilər!

Əgər, məsələ həqiqətən də belədirsə, bu Rusiya ordusunun nə qədər qeyri-professional və dağınıq olduğuna, öz hava sərhədlərinin təhlükəsizliyini belə qoruya bilmədiyinə bir işarədir. Bundan sonra Rusiya səmalarında uçan təyyarə şirkətləri, yəqin ki öz reyslərinə və trayektoriyalarına ciddi redaktələr edəcəklər.

Qəza nəticəsində 29 nəfərin sağ qalmasını, təyyarənin həlak olan pilotlarının peşəkarlıqlarına borcluyuq və düşünürəm ki, bu cür faciəvi vəziyyətdə öz həyatlarını təhlükəyə ataraq, sərnişinlərin yarısının xilas olmasına nail olmaq, onlara milli qəhraman adı verilməsi üçün kifayət idi, ölkə prezidenti də ictimaiyyətin gözlədiyi addımı atdı.

Qəza yerində "qara qutunun" tapılması və hadisənin səbəblərinin araşdırılması üçün müvafiq tədbirlərin operativ olaraq görülməsi, qısa müddətdə öz nəticəsini verdi.

Biz artıq bu qəzanın əsas səbəbkarının Rusiya olduğunu bilirik.

Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak üçün yola düşən və təxminən eyni trayektoriya üzrə hərəkət edən Azərbaycan prezidenti İlham Əliyevin təyyarəsinin havada olduğu əsnada, başqa bir Azərbaycan təyyarəsinin vurulması təsadüf idimi?

2010-cu ildə Polşa prezidenti Lex Kaçinskinin təyyarəsinin Rusiyanın Smolensk şəhərinin səmalarında, enişə az qalmış, naməlum şəraitdə qəzaya uğrayaraq Polşa prezidenti başda olmaqla, yüksəkrütbəli polyak dövlət məmurlarının həlak olmasıyla nəticələnməsi, uzaq tarix deyil.
Təyyarəni vurduqdan sonra enişinə icazə verməməyin bir adı var, cinayət! Rusiya, bu məsələdə şəffaflığın və ədalətin tərəfindədisə, ilkin detallar ortaya çıxandan sonra, təyyarənin səhvən vurulduğunu etiraf etməli, bu kobud səhvi edənlər və göstəriş verənlər, başda Ramazan Kadırov olmaqla, ciddi şəkildə cəzalandırılmalıydı. Təəssüf ki, biz uzun müddət Rusiya mediasında dolaşan manipulyativ açıqlamaların və diqqətləri qəzanın həqiqi səbəblərindən yayındırma cəhdlərinin şahidi olduq.

Məhz, buna görə də bizim Rusiyadan rəsmi cavab gözləmək haqqımız var idi. Nəhayət ki, Putin üzr istədi. Bu isə, əslində gün kimi ortaya çıxmış hadisədə Rusiyanın öz səhvini qəbul etməsini kimi görülsə də, yetərli deyil. Əgər, təyyarənin vurulmasında heç bir qəsd yoxdursa, Rusiya, Azərbaycana və ölən sərnişinlərə təzminat ödəmə öhdəliyi götürməlidir.

AZAL təyyarəsinin qəzaya uğramasına səbəb olan günə qayıdaq və bir neçə detala daha işıq tutaq.

Hərçənd ki, bu məsələ günlərdir mediada və sosial şəbəkələrdə geniş müzakirə olunur, müxtəlif dezinformasiyalara və məlumat kirliliyinə baxmayaraq bir çox detallar ortaya çıxmağa davam edir. Bu baxımdan qəza anından etibarən xronoloji ardıcıllığa baxsaq, daha dəqiq məlumat əldə etmiş olacağıq.

1. Təyyarəmiz Qroznı aeroportuna eniş cəhdinin 3-sündə vurulub. Yəni, belə bir təyyarənin enmək cəhdindən aşağıdakı bütüntipli infrasrtukturların xəbəri vardı və olmalıydı. Qroznı səmalarında aydın şəkildə dövr edən, qüllədəki dispetçerlərlə danışaraq enişə hazırlanan bir sərnişin təyyarəsi niyə vurulmalıdır? Bunun hələ də məntiqli açıqlaması yoxdur.

2. Təyyarə vurulduqdan sonra, səhvən vurulmuş olsa belə, bu barədə ekipaja məlumat verməmənin adı nədir ? Bu səhvi gizlətmənin özü daha böyük səhvdir və bu qərarı heç də dispetçerlər özləri almayıb. Aeroport rəhbərliyinin yaxud ordakı hərbi rəhbərliyin göstərişi ilə bu addım atılıb. Təyyarə ekipajı vurulmadan məlumatlandırılmayıb, yanlış yöndərilib.

3. Sosial mediada müzakirə olunanların əksində, dispetçerlər pilotları Aktau istiqamətinə yönləndirməyib, əksinə vurulmuş təyyarənin Azərbaycana geri qayıtmasına çalışıblar. Bu isə, mümkünsüz idi, çünki, həm gps sistemi sıradan çıxmışdı, həm də təyyarə vurulduğu üçün hidravlik maye itkisinə məruz qaldığı üçün idarə etmək çətinləşirdi. Belə bir halda, Azərbaycana dönüşdə ən az 900 metr -1 kilometr hündürlükdə Qafqaz dağlarını aşmaq daha çətin olacaqdı, hətta bilərək Azərbaycan istiqamətinə yönəltməklə, sildırım dağların arasında vurulmuş təyyarənin düşməsinə çalışmaqla izi itirmək istədikləri də burdan aydın olur!

Pilotlar isə, göz baxışı ilə təyyarəni idarə etmək qərarına gəlirlər, Xəzər dənizinə doğru yönəlirlər və daha aşağıdan uçmaqla, maksimum məsafə qət edə bilirlər.

Məhz, pilotlarımızın qorxmazlığı və soyuqqanlığı nəticəsində, Aktau şəhərinə təyyarə qəzalı eniş edə bilir və sərnişinlərin təxminən yarısının həyatını qurtarmaq mümkün olur.

Öz həyatları bahasına, verilməyən eniş icazəsinə, verilən yanlış informasiyalara rəğmən son ana qədər təyyarəni ən doğru şəkildə endirməyə cəhd edən bu qəhramanların önündə baş əyirəm.

Putinin üzr istəməsi, təbii ki vacib idi, ancaq yetərli deyil. Onun üzr istəməsi, içimizdəki rus kolonunun tör-töküntülərinə də yaman yer edib...

Azərbaycan prezidenti İlham Əliyev isə, bir daha balaca respublikanın böyük prezidenti olduğunu sübut etdi. Öz duruşundan və qətiyyətindən vaz keçmədən, Azərbaycanın və ölən vətəndaşlarımızın haqqını açıq şəkildə müdafiə etdi.

Təəssüf ki, son iki əsrdə Azərbaycan xalqının yaşadığı bütün faciələrdə rus dövlətinin barmağı, yaxud izi var.
İnkişaf etmiş Avropanın ortasında olsaydıq, biz də bir İsveçrə olardıq.

Gəl gör ki, bizə də, bu cür səfeh və axmaq (İran), narsist və separatist (Ermənistan), səhlənkar və bivec (Gürcüstan), aqressiv və yırtıcı (Rusiya) qonşular nəsib olub.

Yaxşı ki, 17 km uzunluqda da olsa, qardaş Türkiyə ilə sərhədimiz var.

Bu həngamənin içində Azərbaycan adlı dövlət qurmaq, bu dövləti qorumaq, gücləndirmək və yaşatmaq, özü böyük bir uğurdur. 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR