Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin qara qutularının məlumatları Braziliyadan Qazaxıstana göndərildikdən sonra yenidən bütün diqqət Qazaxıstana yönəlib.
Məlumdur ki, qara qutuların oxunması prosesində Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələri iştirak edib.
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirir ki, qutulardakı məlumatların tərəflərin hamısına verilməsi barədə açıqlama verilmir.
Musavat.com xəbər verir ki, ekspertə görə, arxa planda, Rusiya, Qazaxıstan və Azərbaycan arasında bu problem ətrafında diplomatik və siyasi "vuruşma" kulminasiya nöqtəsindədir:
"Ötən gün Prezident İlham Əliyevin yenidən bu mövzuda Rusiyaya qarşı sərt açıqlaması onu göstərdi ki, Braziliyada olan nümayəndələrimiz qara qutunun datası ilə bağlı vəziyyəti ali rəhbərliyə çatdırıblar.
Görünür ki, təyyarənin Rusiya HHQ tərəfindən səhvən vurulması, enişə imkan verilməməsi, GPS-lərin söndürülməsi və nə üçün Aktauya istiqamətlənmə ilə bağlı bütün sualların cavabı məlum olub. Düşünmək olar ki, yekun data yalnız Qazaxıstan tərəfə verilib.
Prezidentin dünənki sərt açıqlamaları həm də Rusiya və Qazaxıstana yönəlikdir, Qazaxıstandan ədalətli qərar gözləntisi ilə bağlıdır. Bu məlumatların yenidən Qazaxıstanın hökumət komissiyasında araşdırılmasında Azərbaycan və Braziliya tərəfinin, beynəlxalq ekspertlərin iştirakı çox vacibdir.
Qazaxıstan ədalətli mövqe sərgiləyə biləcəkmi?
Ötənlər göstərir ki, Qazaxıstan prezidenti bir sıra prinspial məqamlarda Rusiya ilə dirəşib.
Beynəlxalq ictimaiyyət, Qazaxıstan ictimaiyyəti də artıq bu məsələ ilə bağlı yetərincə məlumatlanıb. Yəni ədalətsiz qərar Qazaxıstana asan başa gəlməyə bilər.
Qazaxıstanın ədalətli qərar verməsi Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında qarşılıqlı güvənin və həmrəyliyin gücləndirilməsi, qurumun beynəlxalq miqyasda etibarının güclənməsi baxımından ciddi əhəmiyyət kəsb edir.
İnanmaq istərdim ki, bizə dost ölkə olan, TDT-də önəmli yeri olan Qazaxıstanın qərarı ədalətli olacaq.
Amma dəqiq bilinən odur ki, əgər Qazaxıstan tərəfi basqılara tab gətirməyib ədalətsiz bir münasibət sərgiləsə, bu məsələdə Rusiyaya güzəştə getməyən Prezident İlham Əliyevin Qazaxıstana güzəştə gedəcəyini düşünmək ağılsızlıq olardı.
Ümid edirəm, Qazaxıstan tərəfi də bunun fərqindədir".
Musavat.com
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ