Onlayn ictimai-siyasi qəzet
“Artıq Ermənistanda Rusiyanın zəmanəti ilə təhlükəsizlik sistemindən imtina ilə bağlı siyasi qərar qəbul edilib və ardıcıl olaraq həyata keçirilir”.
Bunu Rusiya xarici işlər nazirinin keçmiş müavini (1990-1991), politoloq Andrey Fyodorov deyib.
“Ermənistan tezliklə yeni milli müdafiə və təhlükəsizlik konsepsiyasını qəbul edəcək. Gələn ildən Ermənistan tamamilə Qərb dövlətlərinin təchiz etdiyi silahlara keçəcək. Yaxın vaxtlarda İrəvan Rusiya sərhədçilərini Ermənistan ərazisindən çıxaracaq. Bir ay və ya ay yarımdan sonra isə Rusiya hərbi bazasının Gümrüdən çıxarılmasının mümkünlüyü açıqlana bilər. Bu gün gördüyümüz Qərbin Cənubi Qafqaza təsir etmək, Rusiyanı sıxışdırmaq, Cənubi Qafqazda yeni geosiyasi tarazlıq yaratmaq istəyidir”, - sabiq diplomat qeyd edib (Axar.az).
Onun sözlərinə görə, Ermənistanın müdafiə təhlükəsizliyi konsepsiyasını dəyişməsi təkcə Rusiya üçün deyil, ilk növbədə Azərbaycanın probleminə çevriləcək: “İrəvan Bakını çətin vəziyyətə salmaq istəyir. Ermənistanla Qərb arasında müdafiə sahəsində əməkdaşlığın sürətləndiyi bir şəraitdə Azərbaycan gələcəkdə həqiqətən çətin anlar yaşayacaq, bu vəziyyət Bakı üçün bir sıra problemlər yaradacaq”.
Fyodorovun fikrincə, Ermənistanın qəbul etdiyi açıq-aşkar qərbyönlü vektor fonunda Rusiyanın İrəvanı sülh müqaviləsi bağlamağa məcbur etmək imkanları sıfıra yaxınlaşır: “Cənubi Qafqazda vəziyyət yenə dalana dirənib. Moskva üçün hazırda baş verənlər strateji əhəmiyyətli məsələdir. Çünki bu, regionda qüvvələr balansının dəyişməsini nəzərdə tutur. Rusiya ilə Azərbaycan arasında münasibətlər hazırda sabitdir, tərəflər arasında heç bir problem yoxdur. Ümumi anlayış mövcuddur ki, Cənubi Qafqazın iqtisadi infrastruktura ehtiyacı var, lakin onun təhlükəsizliyi təmin edilməlidir. Rusiya da, Azərbaycan da buna hazırdır, Ermənistan yox. İrəvanın vektor dəyişikliyi ilə bağlı Rusiya və Azərbaycanın hansı addımlar atacağı, hansı imkanların olduğu hadisələr inkişaf etdikcə bilinəcək”.
Rusiyalı politoloq nə dərəcədə haqlıdır? Söhbət Azərbaycan üçün hansı çətinliklərdən gedir? İrəvan Bakıya necə problemlər yarada bilər?
Yusif Bağırzadə
Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın özü üçün yeni müdafiə və təhlükəsizlik sistemi qurmağa hazırlaşdığı ortadadır: "Ermənistan hakimiyyətinin son davranışları, KTMT-də fəaliyyətlərini dondurmaları, Rusiya hərbçilərinin Zvartnots hava limanındakı fəaliyyətinə son vermək istiqamətində atdıqları addımlar, mülki müşahidə missiyası adı altında ayrı-ayrı Qərb dövlətlərinin kəşfiyyat qruplarının sərhədlərdə yerləşdirilməsi və əsasən də Fransa, Yunanıstan kimi NATO ölkələri ilə hərbi sahədə əməkdaşlıq planları, arsenalındakı Rusiya istehsallı silah-sursat və texnikanı Qərb istehsalı olan silahlarla əvəz etməsi istiqamətində bağladığı sazişlər bunun bariz göstəricisidir. Qərb isə həqiqətən də Cənubi Qafqaz regionunda öz maraqlarını təmin etmək və Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün bu işdə Ermənistana istənilən dəstəyi verməyə hazır görünür. Söhbət təbii ki, təkcə hansısa erməni sevgisi ilə bağlı deyil. Əsas olan Qərbin maraqlarıdır və Ermənistan da bu maraqları təmin etmək öhdəliyi götürdüyü üçün ayrı-ayrı beynəlxaq güclər tərəfindən dəstəklənir.
Qısa desək, Fyodorovun Ermənistanın müdafiə təhlükəsizliyi konsepsiyasını dəyişmək istəməsi ilə bağlı dedikləri həqiqətdir. Amma bu dəyişikliyin Rusiyanın guya ki, Ermənistanı sülhə məcbur etmə imkanlarını sıfıra yaxınlaşdırması həqiqəti əks etdirmir. Əvvəla ona görə ki, regionda sülhü istəməyən, Azərbaycan-Ermənistan münasibətlərin normallaşmasını öz maraqları üçün təhdid görən ölkələrdən biri elə məhz Rusiyadır və onun Ermənistana sülh üçün təzyiq etmək kimi bir fikri heç bir zaman olmayıb, indi də yoxdur. İkincisi, Rusiyanın Ermənistanı qərbyönümlü vektor siyasətindən çəkindirmək üçün kifayət qədər rıçaqları mövcuddur".
Ekspert vurğuladı ki, Ermənistanın enerji təhlükəsizliyi, qida təhlükəsizliyi baxımından tamamilə Rusiyadan asılı olduğunu, eləcə də Ermənistandakı ən iri dövlət şirkətlərinin, buraya elektrik enerjisi, qaz təchizatı, nəqliyyat şirkətləri, Ermənistan dəmir yolları və digər aparıcı şirkətlərin Rusiyaya məxsus olduğunu nəzərə alsaq, görərik ki, təzyiq imkanları həddən artıq çoxdur: “KTMT-dən çıxacağı halda təkcə Ermənistanı Avrasiya İqtisadi İttifaqı və Kömrük İttifaqından çıxarmaqla Paşinyan hakmiyyətini çıxılmaz duruma salmaq mümkündür. Ermənistanın ticarət dövriyyəsində əsas payın Avrasiya İqtisadi İttifaqı ölkələrinə məxsus olduğunu nəzərə alsaq, bu ittifaqdan çıxma Ermənistan üçün ağır nəticələrə səbəb ola bilər. Sadəcə, bu gün Rusiya bəzi səbəblərə görə Ermənistana müəyyən qədər dözür. Amma bunun uzun çəkməyəcəyi məlumdur”.
Azərbaycan üçün çətinliklərə gəldikdə isə Y.Bağırzadənin fikrincə, bu daha çox ayrı-ayrı Avropa qurumları və Qərb dövlətlərinin ölkəmiz əleyhinə qəbul etdiyi qərarla bağlıdır. Yoxsa ki, Ermənistanda Rusiya silahları və ya Qərb silahlarının olmasının bizim üçün elə bir əhəmiyyəti yoxdur: “44 günlük Qarabağ savaşında öz hərbi arsenalının 80 faizinə yaxınını itirən Ermənistan indiki müqavilələrlə ancaq həmin itkilərin yerini doldurmaq iqtidarındadır. Hətta bugünkü silahlanma tempi ilə, yəni hər il büdcədən hərbi xərclər üçün iki milyard dollara yaxın vəsait ayıracağı halda belə, Ermənistanın bizə çatması üçün beş-altı il vaxt lazımdır. O da o halda ki, bu beş-altı il ərzində Azərbaycan, ümumiyyətlə, yeni silah və texnika almasın, öz arsenalını təzələməsin. Azərbaycanın öz hərbi potensialını artırmaq üçün gördüyü işlər, bağladığı müqavilələr isə ortadadır. Odur ki, Ermənistanın hərbi baxımdan Azərbaycana çətinliklər yaratmaq kimi bir imkanı yoxdur. Qərb isə Ermənistanın əvəzinə döyüşmək fikrində deyil. Nəzərə alaq ki, ortada həm də Türkiyə faktoru var, Şuşa Bəyannaməsi var.
Ermənistan yalnız hansısa təxribatlara əl ata bilər ki, bu zaman da Azərbaycanın sərt təpkisi ilə üzləşə bilər. Bu gün Ermənistanın havadarlarına lazım olan da elə budur. Çünki belə ssenari Rusiyanın artıq Ermənistanı qorumaq iqtidarında olmadığını bəyan etmək və o baxımdan da onların Qərb qüvvələri ilə əvəzlənməsini həyata keçirmək üçün lazımdır".
Etibar SEYİDAĞA,
Yeni Müsavat"
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ