İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan pomidorunun ixracı niyə azalıb? – Ekspert AÇIQLADI  

 

Eldəniz Əmirov: “Azalma dinamikası pomidor əkini sahələrinin də təyinatının dəyişməsinə gətirib çıxara bilər”

 

2023-cü ilin ilk 10 ayında Azərbaycandan 126 milyon 81 min dollar dəyərində 113 319 ton pomidor ixrac olunub. “Yeni Müsavat” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 8%, miqdar ifadəsilə 1.4% azalıb. 2022-ci ilin ilk 10 ayında Azərbaycandan 137 milyon 140 min dollar dəyərində 114 908 ton pomidor ixrac olunmuşdu.1 ton pomidorun orta ixrac qiyməti 1193 dollardan 1113 dollara düşüb.

Bəs Azərbaycan pomidorunun ixracı niyə azalıb?

İqtisadçı-ekspert Eldəniz Əmirov mövzu ilə bağlı Musavat.com-a dedi ki, son bir neçə ildə artımlarla müşahidə edilən pomidor istehsalının 2023-cü ilin sonunda artım dinamikasının ciddi şəkildə dəyişdiyini görəcəyik: “Hər halda rəqəmlər onu deməyə əsas verir. Çünki miqdar ifadəsində ixracın azalması, eyni zamanda dəyər ifadəsində ixracın azalması bilavasitə istehsal həcmləri ilə daha çox əlaqədardır. 2020-ci illə müqayisədə 2021-ci ildə pomidor istehsalı 19 faizə qədər artmışdı. 2022-ci ildə isə 2021-ci illə müqayisədə yenə 7.6 faiz istehsal artıb. Amma məhz həmin ildə istehsalın artmasına baxmayaraq, artıq əvvəlki illərlə müqayisədə pomidor istehsalçılarının sayı 2 faiz azalmışdı. Eyni zamanda pomidor sahələrinin həcmi də azalmışdı. Belə ki, 2021-ci illə müqayisədə 2022-ci ildə 6 faizə qədər az sahədə pomidor əkilmişdi. Eləcə də, istixanaların sayı azalıb. 2023-cü ildə də böyük ehtimalla bununla bağlı azalma dinamikası olması gözlənilir. Səbəb olaraq isə bilavasitə pomidorun ixrac dəyərində olan qiymətin aşağı enməsidir ki, bu, pomidor istehsalçılarının davranışlarına təsir göstərən əsas faktordur”.

a738faf9-a619-49db-a00f-b18765ca1b39.jpg (77 KB)

Ekspert əlavə edib ki, pomidorun orta ixrac qiyməti 1 ton üçün 1193-dən 1083-ə düşüb: “80 dollarlıq azalma olub. Əksinə, inflyasiyanı, artan xərcləri nəzərə aldıqda stabil qalmalı deyildi. Müəyyən qədər artmalıydı ki, xərclər qaşılansın. Azalma dinamikası pomidor əkini sahələrinin də təyinatının dəyişməsinə gətirib çıxara bilər. İstehsal həcmləri , eyni zamanda daxili tələbatın artması ilə bağlı iki fakt ixracın azalmasına səbəb olan əsas faktordur. Bunlardan ən birincisi istehsal həcmlərinin, eyni zamanda Rusiya iqtisadiyyatının getdikcə geriləməsi Azərbaycanda pomidor ixracına ən böyük mənfi təsir göstərən amildir”.

 

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR