İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan mühüm sənədlərə İMZA ATACAQ: Bu ilin payızında...

Yaşıl dünya naminə həmrəy Azərbaycan

Azərbaycan ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin mənfi təzahürlərinin qarşısının alınmasına xüsusi önəm verir. Ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji” zonası elan olunması, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü, ardıcıl dövlət siyasətinin dərin məzmunundan xəbər verir.

Yeri gəlmişkən, beynəlxalq ictimaiyyət Azərbaycanın iqlim dəyişmələrinin mənfi təzahürlərinin qarşısının alınması sahəsində həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirilir. Məhz bu səbəbdən, iştirakçıların sayına, səviyyəsinə, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iştirakçı ölkələrin qərarı ilə 2024-cü ildə Azərbaycanda keçiriləcək.

Bu fikirlər Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırovanın “Yaşıl dünya naminə həmrəy Azərbaycan” sərlövhəli məqaləsində yer alıb. 

Musavat.com məqaləni təqdim edir:

17135069683680236288_1200x630.jpg (69 KB)

Azərbaycan dövləti beynəlxalq ictimaiyyətin ona böyük hörmət və etimadının göstəricisi olan bu nüfuzlu sessiyanın yüksək səviyyədə təşkil edilməsi, ölkəmiz və bəşəriyyət üçün uğurlu nəticələrlə yekunlaşması naminə bütün zəruri tədbirləri görməkdədir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) iqlim böhranının həlli yönündə çalışmaların əlaqələndirilməsi, onun aradan qaldırılması, strategiyaların işlənib hazırlanması və iştirakçı ölkələri bir araya gətirmək üçün çox önəmli beynəlxalq platformadır. Məhz ona görə, bu qənaətdəyik ki, COP29 iqtisadi cəhətdən də qazanc gətirə biləcək beynəlxalq platformadır.

Azərbaycan COP29-u yüksək beynəlxalq standartlara uyğun səviyyədə keçirəcək. Belə bir əminlik ölkəmizdə bir sıra irimiqyaslı beynəlxalq tədbirlərin yaxın keçmişdə örnək sayılacaq səviyyədə keçirilməsi ilə sıx bağlıdır. Dövlətimizin siyasi iradəsi, xalqımızın qonaqpərvərliyi, könüllülərimizin təcrübəsi, peşəkarlığı, paytaxtımızın infrastrukturu və sair amillər COP29-un da bir Azərbaycan modeli (örnəyi) ilə yadda qalacağını deməyə əsas verir.

Konfransın təşkilati heyətində ziyalı xanımların da geniş yer alması qadınların dünyanı daha gözəl biçimdə görmək arzusundan və bu gözəlliyi yaratmada qadir əllərin böyük əməyindən xəbər verir.

Ötən il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyi olaraq yaxından iştirak etdiyimiz ağacəkmə aksiyalarını yaxşı xatırlayıram. O böyük aksiyada vətəndaşlarımızın, özəlliklə gənclərimizin necə ruh yüksəkliyinə malik olduğunu qürurla vurğulayıram.

Onlarla belə aksiyaları xatırlayaraq, COP29-un coşqu ilə qarşılanacağını tərəddüdsüz deyə bilərik. Konfrans miqrasiya və turizm sahələrinin inkişafı baxımından da çox vacib tədbirdir. COP29-da müxtəlif dövlətlərin pavilyonları fəaliyyət göstərəcək. Hər dövlət özünün müvafiq sahələr üzrə uğurlarını nümayiş etdirdiyi kimi, eyni zamanda, Azərbaycan da “yaşıl enerji” sahəsində başarılarını təqdim edəcək. Bu isə şirkətlərarası, hökumətlərarası, dövlətlərarası yeni işbirliklərinin qurulması, inkişaf etdirilməsi, təcrübə və uğurların mübadiləsi, bundan irəli gələn müəyyən sənədlərin imzalanması və digər məsələlər baxımından önəm daşıyır. Beləliklə, iqtisadi tərəqqi meyillərinin məhz həmin yöndə formalaşmasına səbəb ola biləcək mühitin yaradılması şərtlənmiş olacaq.

İndi həm COP29-la bağlı, həm də COP29-un gedişində və nəticəsində yeni sənədlərin qəbul olunması gözlənilir.

Yuxarıda da vurğuladığımız kimi, COP29 həm də turizm sektorunun inkişafı ilə bağlı olan önəmli aktdır. Əgər müvafiq sessiyalarda 100 min nəfər iştirak edəcəksə, həmin ölkənin infrastrukturu da çox qısa müddətdə o parametrlərə cavab verməlidir. Bu baxımdan aidiyyəti strukturlar turizm infrastrukturunun inkişafı ilə bağlı müəyyən işlər görür. Paralel olaraq digər əməli fəaliyyət sahələri də mövcuddur ki, bu da ölkənin həmin sahələrdə çalışacaq vətəndaşlarının rifahının yaxşılaşdırılmasına gətirib çıxaracaq. Aydındır ki infrastruktur olacaqsa, xidmətdə çalışan işçilər də olmalıdır. Bu, həm də yeni iş yerləri deməkdir.

Beləliklə, COP29-u keçirməklə həqiqətlərimizi həmin platformadan irəli gələn imkanlarla daha yaxşı təqdim etmək üçün əlverişli mühit qazanmış olduq.

Prezident İlham Əliyevin Sərəncamı əsasında 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə görə, artıq ölkəmizin energetika sahəsində bir sıra vacib yeniliklərindən danışa bilirik. Özəlliklə də sosial-iqtisadi inkişafın beş milli prioritetindən biri hesab olunan təmiz ətraf mühit və yaşıllıqların artırılmasına dair fəaliyyətlərə nəzər salınmasını fərqləndirə bilərik. Həmin innovativ yanaşmalarla bağlı olan məsələlərə işğaldan azad olunmuş ərazilərdəki “Ağıllı şəhər”, “Ağıllı kənd” və digər layihələr aiddir.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində enerji məsələlərinə də münasibət bildirmişdi: “Yaşıl enerji keçidi bizim prioritet məsələmizdir və bu il Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verilmişdir - 230 meqavat gücündə günəş elektrik stansiyası artıq bizim enerji sistemimizə tam inteqrasiya edilmişdir. İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaqdır. Əlbəttə ki, COP29 - iqlim dəyişikliyinə həsr edilmiş bu beynəlxalq konfransın Azərbaycanda keçirilməsi bir daha bu sahədə bizim uğurlarımızı əyani şəkildə göstərir”.

Kimliyindən, çalışdığı sahədən asılı olmayaraq, 2024-cü ildə - “Yaşıl dünya naminə həmrəylik ili” ilə, COP29-la bağlı müəyyən ixtisaslaşmalara nəzər salsaq, burada təhsil sistemi ilə bağlı olan məsələlərin də əhatə olunduğunu görərik. Misal üçün, yaşıl enerji növlərinin yaradılması ilə bağlı müəyyən elmi, konseptual yanaşmalar sonrakı mərhələdə təhsil sistemində geniş şəkildə tətbiq oluna bilər.

COP29-un digər aspektlərinə bağlı olan məsələlərdən biri yol infrastrukturunun, kommunikasiyaların və nəqliyyatın inkişafı ilə əlaqədardır. Kommunikasiya infrastrukturunun yaradılması, yaşıl enerjinin Qərb bazarlarına çıxarılması ilə bağlı sənayenin ayrı-ayrı istiqamətləri üzrə sahələrinin inkişafına ehtiyac yaranır.

Bu ilin, bu payızın və ilə, fəslə dərin məzmun, geniş üfüq qazandıracaq hadisələrin mədəni həyatda, sənətdə də öz inikasını tapacağına şübhə yoxdur.

Bir sözlə, COP29-un yetərincə genişhəcmli, çoxşaxəli sosial-iqtisadi, ictimai-siyasi yanaşmaların formalaşmasına, pozitiv yeniliklərə gətirib çıxaracağına inamımız tamdır.

Ölkəmiz üçün xeyirli-uğurlu olsun!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR