İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan mətbuatı - 150: Prezidentin verdiyi o sərəncam...

Dövlət başçısının qərarı təqdirlə qarşılandı; medıa kapitanlarından minnətdarlıq açıqlamaları, gözlənti və təkliflər

Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi bu il böyük təntənə ilə qeyd ediləcək. Prezident İlham Əliyev bununla bağlı xüsusi sərəncam imzalayıb. Sənəddə yubiley tədbirlərinin yüksək səviyyədə təşkili üçün konkret tapşırıqlar verilib.

Sərəncama əsasən, tədbirlərin təşkili Prezident Administrasiyasının, Medianın İnkişafı Agentliyinin və Azərbaycan Mətbuat Şurasının üzərinə düşür. Tədbirlərin maliyyələşdirilməsi məsələsini isə Nazirlər Kabineti həll edəcək.

Rauf Arifoğlu — Vikipediya

Rauf Arifoğlu

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu qəzetə açıqlamasında bildirib ki, Prezidentin sərəncamını böyük təqdir və razılıq hissi ilə qarşılayır: “Sərəncamın əsaslandırıcı mətni çox mükəmməldir - o, milli mətbuatımızın bütün tarixi yolunu ümumiləşdirir, həm klassik, həm müasir dövrlərdəki nailiyyətlərə obyektiv qiymət verir. Bu, Azərbaycan mediasına verilən yüksək dəyərin və jurnalistika sahəsində çalışanlara göstərilən hörmətin açıq təzahürüdür.

Prezident İlham Əliyev fəaliyyətində dəfələrlə göstərib ki, jurnalistlərin dostudur. Ən çətin, ən ağır dönəmlərdə belə, mətbuatın yanında olub, medianın sosial-iqtisadi rifahının yaxşılaşdırılması üçün mühüm addımlar atıb. Bu gün də bu sərəncam bir daha təsdiqlədi ki, Azərbaycan dövləti milli söz azadlığının qorunmasına və mətbuatın inkişafına ciddi önəm verir. Ümid edirəm ki, bu sərəncamdan irəli gələn tədbirlər, proseslər Azərbaycan jurnalistlərini bir daha sevindirəcək və həm sosial rifah sahəsində, həm də peşəkar inkişaf baxımından yeni imkanlar açacaq".

R.Arifoğlu milli mətbuatın 150 illiyi ərəfəsində gözləntilərini də açıqlayıb: “Məlumdur ki, hazırda jurnalistlər ölkədə sosial təminat baxımından ən zəif təbəqələrdən birini təşkil edir. Redaksiyaların vergi və DSMF ödənişləri səbəbilə əməkhaqlarını real rəqəmlərlə rəsmiləşdirə bilməməsi, əmək müqavilələrinin minimum əməkhaqqı ilə bağlanması, gələcəkdə təqaüd hüquqlarının da ciddi şəkildə zəifləməsinə səbəb olur. Bu da yüzlərlə, minlərlə jurnalistin gələcək sosial rifahı üçün təhlükəli bir vəziyyət yaradır”.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri problemin aradan qaldırılması üçün təklif edir ki, Medianın İnkişafı Agentliyinin reyestrində qeydiyyatdan keçmiş media subyektləri üçün əmək haqlarının real şəkildə rəsmiləşdirilməsi təşviq olunsun, bunun qarşılığında da DSMF ödənişləri 10 il müddətinə dövlət tərəfindən subsidiyalaşdırılsın: “Belə bir mexanizm həm medianın sağlam inkişafına, həm də jurnalistlərin sosial rifahına ciddi dəstək verə bilər. Eyni zamanda hesab edirəm ki, redaksiyaların indiyə qədər yığılan çap, vergi və DSMF borclarının dövlət tərəfindən silinməsi faydalı olardı. Belə bir addım, 25 il əvvəl, Ümummilli lider Heydər Əliyev tərəfindən atılmışdı və milli mətbuatın inkişafında böyük rol oynamışdı. Burada bir mühüm məqamı da xüsusi qeyd etmək istəyirəm, Azərbaycan jurnalistikasında fəaliyyət göstərən, öz imzası və xidmətləri ilə mətbuat tarixinə adını yazdırmış bir çox tanınmış jurnalistlər var. İstərdim ki, Prezidentin sərəncamından irəli gələn tədbirlər çərçivəsində bu tanınmış media simalarına dövlət mükafatlarının, o cümlədən "Əməkdar jurnalist" fəxri adının, “Tərəqqi” medalının və digər mükafatların verilməsi nəzərdə tutulsun. Bu, həm onların əməyinin layiqincə qiymətləndirilməsi, həm də gənc nəslə bir stimul olar. Mən şəxsən bu fikirlərimi və təkliflərimi MEDİA Agentliyinə və digər müvafiq ünvanlara təqdim etməyi düşünürəm. Sonda bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan Milli Mətbuatı 150 illik şanlı tarixi ilə bu diqqətə, qayğıya layiqdir. Prezidentin bu sərəncamı isə milli medianın daha güclü, daha müasir və sosial rifah baxımından daha təminatlı gələcəyinə gedən yolun mühüm bir mərhələsidir".

Bahəddin Həzi - 60 - Medianews

Bahəddin Həzi

“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həzi deyib ki, 150 il kiçik tarix deyil: "Bu sərəncam milli mətbuatın 150 illik yubileyinin dövlət səviyyəsində  keçirilməsini nəzərdə tutur. Bu baxımdan da çox əhəmiyyətlidir

Görüləcək işlər çoxdur. Sadalasaq, çox uzun çəkər. Ən əsası odur ki, jurnalistlərin yaradıcılıq azadlığı və peşəkar fəaliyyətin təhlükəsizliyi ön planda olsun".

Rəşad Məcid: Tariximizin çox əlamətdar bir dövrünü yaşayırıq

Rəşad Məcid

Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, sərəncam dövlətimizin və onun rəhbərinin ümumilikdə Azərbaycan mediasına neçə illərdən bəri göstərdiyi qayğının növbəti nümunəsidir: “Sərəncamda cənab Prezidentin Vətən müharibəsi dövründə mediamızın əsl vətənpərvərlik və həmrəylik nümunəsi ortaya qoyduğunu, düşmən qüvvələrin yaydığı saxta məlumatların ifşası istiqamətində xüsusi səy göstərdiyini, silahlı qüvvələrimizin rəşadəti ilə bağlı zəngin salnamə yaratdığını xüsusi vurğulaması onun müasir jurnalistikamıza nə qədər böyük önəm verdiyini göstərən yaddaqalan nüans kimi gələcək fəaliyyətlərində ölkə jurnalistlərinə stimul verəcək əhəmiyyətli məqamdır.

Sərəncamda həmçinin bu gün mediamızın ölkəmizin tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olduğu vurğulanmaqla bərabər, yeni fəaliyyət prinsiplərinin hökm sürdüyü müasir dövrün Azərbaycan mediası qarşısında yeni vəzifələr müəyyənləşdirdiyi, mediamızın müasir tendensiyaları nəzərə almaqla dövlətimizin maraqlarını həmişə uca tutmalı olduğu qeyd edilir, əslində Azərbaycanın söz sahibi dövlət kimi dünya düzənində həmişə güclü mövqedə dayanması üçün çağdaş jurnalistikamızın və biz jurnalistlərin də üzərinə böyük məsuliyyət düşdüyü xatırladılır. Ümumiyyətlə, Prezidentin bu sərəncamını ümumən Azərbaycan mətbuatının gələcək fəaliyyət istiqamətləri ilə bağlı bitkin və hərtərəfli yol xəritəsi də adlandırmaq olar".

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR