İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan, İran və Rusiyanın 1,6 milyardlıq layihəsi - kim nə qədər qazanacaq?

2023-cü ilin sonunadək Moskva və Bakı arasında saziş imzalanmalıdır ki, bu da...

Qərbin sanksiyaları ilə üzləşən Rusiya və İranın maraqlarının kəsişdiyi Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan üzərindən keçən Qərb seqmentinin tam gücü ilə işləməyə başlaması müddəti Rəşt-Astara dəmiryol xəttinin tikintisindən asılıdır. İranın yollar və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadənin verdiyi məlumata görə,  Rəşt-Astara dəmir yolunun tikintisinə 1,5 aydan sonra başlanacaq. 

Əfəndizadənin sözlərinə görə, Rəşt-Astara yolunun 162 kilometrlik hissəsi bu gün İran üçün ən mühüm dəmir yolu layihəsidir. Layihədə iştirak edən üç ölkənin nümayəndələri arasında uzun illər davam edən uğursuz danışıqlardan sonra bu il mayın 17-də  Rəşt-Astara dəmir yolu seqmentinin birgə tikintisinə dair razılığa gəlinib. Layihənin dəyəri 1,6 milyard avro təşkil edir ki, bunun da 1,3 milyardı tikinti üçün ayrılmış dövlətlərarası kredit olacaq. Krediti Rusiya təmin edəcək. Nəzərə alsaq ki, Rəşt-Astara seqmenti Moskva və Tehranın iştirakı ilə tikiləcək, layihə, tikinti, eləcə də mal və xidmətlərin tədarükünü məhz bu ölkələr birgə maliyyələşdirəcək.

Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, İran, Azərbaycan, Rusiya, Mərkəzi Asiya və Avropa arasında yüklərin daşınması üçün uzunluğu 7200 kilometr olan dəniz, dəmir yolu və avtomobil yollarının çox rejimli şəbəkəsidir. Xəzər dənizinin şərq sahili - Rusiya, Türkmənistan və İran, mərkəz seqmenti - Xəzərlə İran-Rusiya marşrutları üzrə daşımalar müddət və maliyyə tutumuna görə Qərb seqmentindən çox geri qalır. Türkmənistanla İran dəmiryol şəbəkələrinin əlaqəsi zəifdir, yol ölçüsü uyğun gəlmədiyinə görə sərhəddə yüklərin boşaldılıb-yüklənməsi uzun müddət və maliyyə tələb edir. İranla Rusiya arasında Xəzərlə birbaşa əlaqənin intensivləşdirilməsi daşıyıcı donanmanın, xüsusilə İran tərəfində qəbuledici liman və terminalların çatışmazlığı, limanların dəmiryol şəbəkəsi ilə əlaqəsinin olmaması, həmçinin Rusiya limanlarında dənizin buz bağlaması üzündən mümkün olmur. 

Bütün bunlar həm Moskva, həm də Tehranı Qərb seqmenti üzrə işləri sürətləndirməyə vadar edir. Buna görə də tərəflər bir neçə aylıq müzakirələrdən sonra bu ilin mayında Rəşt-Astara dəmiryol xəttinin tikintisi barədə müqavilə imzalayıblar. Hazırda layihələndirmə işləri yekunlaşır, bundan sonra Rusiya dəmir yolunun tikintisinə birbaşa kredit ayıracaq.

İran tərəfinin hesablamalarına görə, onun istismara verilməsi birinci ildə bir milyon sərnişin, eləcə də 10 milyon ton yük daşımağa imkan verəcək. 162 kilometrlik xətt üzrə 9 stansiya tikiləcək. Təxminən yarısı körpü və tunellərdən ibarət olan texniki cəhətdən mürəkkəb yolun tikintisinin 4 il ərzində başa çatdırılması planlaşdırılır.

Bu arada Azərbaycan da kənarda dayanmır. 2028-ci ildən bütün Şimal-Cənub nəqliyyat dəhlizinin tam gücü ilə işə salmaq üçün 2023-cü ilin sonunadək Moskva və Bakı arasında analoji saziş imzalanmalıdır ki, bu da birinci mərhələdə hər il 15 milyon ton təşkil edəcək yükdaşımaların əlavə artırılması ilə təmin edilməlidir. 

Bütün layihə iştirakçıları tələsmək lazım olduğunu başa düşürlər. Bu ilin on ayı ərzində Şimal-Cənub dəhlizinin qərb marşrutu üzrə təkcə Rusiya Federasiyasının Şimali Qafqaz Dəmir Yolu stansiyalarından yükdaşımaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,5 faiz artıb. Həm Moskvadan, həm də Tehrandan verilən məlumata görə, Rəşt-Astara hissəsinin işə salınması yük ötürmə qabiliyyətini ildə 40 milyon tona çatdıracaq.

İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş bildirib ki, iki ölkənin müvafiq idarələri yolu inşa edəcək şirkətlərini təqdim ediblər. Rusiyanın nəqliyyat naziri Vitali Savelyev isə qeyd edib ki, hər bir ölkədən şirkət müəyyən edildikdən sonra onlar baş müqavilə imzalayacaqlar.

Ş.Əfəndizadənin sözlərinə görə, Rəşt-Astara dəmir yolunun tikintisi başa çatdıqdan sonra İran Azərbaycanın dəmir yolu xətti ilə birbaşa birləşdiriləcək. Bundan əlavə, İran Azərbaycandan keçməklə Rusiyaya, Rusiyadan isə Şimali Avropaya dəmir yolu ilə birləşdiriləcək. Beləliklə, Şimali Avropadan İranın cənubunda yerləşən Bəndər Abbas limanına qədər dəmir yolu xətti yaranacaq. 

Nazir müavini bildirib ki, İran və Rusiya arasında Rəşt-Astara dəmir yolu layihəsi üzrə işlər artıq yekunlaşmaq üzrədir. Əfəndizadə əlavə edib ki, Rəşt-Astara dəmir yolu xəttinin təxminən 30-40 faizi körpülərdən ibarət olacaq.

Rusiya Nəqliyyat Nazirliyinin hesabatına əsasən dəmiryol xəttinin istismara verilməsi Şimal-Cənub marşrutunun bütün uzunluğu boyunca birbaşa və fasiləsiz, bütöv dəmir yolu əlaqəsi yaratmağa imkan verəcək; Yaranan Şimal-Cənub nəqliyyat arteriyası qlobal nəqliyyat axınlarını əhəmiyyətli dərəcədə diversifikasiya etməyə kömək edəcək, yeni dəhliz boyunca daşıma əhəmiyyətli rəqabət üstünlüklərinə malik olacaq, çünki malların Sankt-Peterburqdan Mumbaya çatdırılması təxminən 10 gün çəkəcək (müqayisə üçün: ənənəvi ticarət marşrutları üzrə səyahət müddəti 30-45 günə qədərdir). Bu isə seqmentin rəqabət qabiliyyətini qat-qat artırır. 

“Rusiya Dəmir Yolları” QSC-dən bildirildiyinə görə, Rəşt-Astara hissəsinin tikintisində maraqlı olan ölkələr birləşmiş yolun tikintisi ilə bağlı razılığa gəliblər. Bu isə o deməkdir ki, yol ikiölçülü olacaq: həm dar ölçüdə - 1,435 mm, həm də enli  ölçüdə- 1,520 mm. Xəttlə daşımaları mümkün qədər tez işə salmaq üçün ilk olaraq dar ölçülü xəttin çəkilişi başlayacaq. 

Rusiya ekspertləri bildirirlər ki, Şimal-Cənub dəhlizi Şərq-Qərb ticarətində Süveyş kanalı ilə ciddi rəqabət apara bilər. Bu marşrutla tranzit yüklərin daşınmasının dəyəri regionun digər marşrutlarına nisbətən 30 faiz ucuzdur və çatdırılma Hindistan mallarının Süveyş kanalı ilə Rusiyaya daşınma müddətindən iki dəfə azdır.

İranlı ekspertlərə görə, Şimal-Cənub dəhlizinin işə düşməsi ilə İranın bu tranzit marşrutundan hər il təxminən 20 milyard dollar gəlir əldə edəcəyi gözlənilir ki, bu da ölkənin neft gəlirlərindən asılılığını qismən azalda bilər. Şimal-Cənub dəhlizinin gücü ildə 30 milyon tondur, lakin hazırda İran bu gücün 2 milyon tonundan istifadə edir.

İran tərəfinin hesablamalarına görə, Şimal-Cənub nəqliyyat dəhlizinin 3 seqmenti ilə birlikdə Hindistan, Çin və Şərqi Asiyadan Avropaya təxminən 250 milyard dollar dəyərində yük daşınacaq. İran malların tranzitdə payının təxminən 4 faiz, istehsalda isə təxminən 15 faiz olacağı gözlənilir.

Aydın məsələdir ki, yükdaşımaların mühüm bir hissəsi dəhlizin Qərb seqmenti ilə daşınacaq. Bu isə ildə Azərbaycan üzərindən minimum 15 milyon ton yükün ötürülməsi deməkdir. Azərbaycan bu həcmin ötürülməsini təmin etmək üçün öz infrastrukturunu hazır vəziyyətə gətirməlidir.

2018-ci ilin fevral ayında Azərbaycan Astarası ilə İran Astarası arasında 11 kilometrlik hissə (eyniadlı çay üzərindəki körpü də daxil olmaqla), onun İran hissəsində (təxminən 3 km) eyniadlı stansiya və yeni tikilmiş yük terminalı Azərbaycan tərəfindən 25 il müddətinə icarəyə götürülüb. 

Azərbaycan Bakıdan Rusiyaya qədər dəmir yolunun yenidənqurulmasına başlayıb. Bakı-Sumqayıt hissəsində işlər başa çatdırılıb. Sumqayıt-Yalama hissəsində isə işlərin 60 faizdən çoxu tamamlanıb. Azərbaycan Dəmir Yolları QSC-dən verilən məlumata görə, Sumqayıt-Yalama dəmiryol xəttinin yenidən qurulması yükdaşıma və sərnişindaşıma fəaliyyətlərində vaxta qənaət, nəqliyyat vasitələrinin və infrastrukturun istismarı xərclərinin azalmasına, təhlükəsizliyin artırılması kimi faydalar gətirəcək: “Belə ki, dəmiryol xəttinin bərpası zamanı uzunölçülü relslərdən istifadə edilməsi keyfiyyətli və sürətli yükdaşımaların həyata keçirilməsi, bu əməliyyatların etibarlı və təhlükəsiz şəkildə icra edilməsi Azərbaycanın nəqliyyat-tranzit potensialından daha geniş və səmərəli istifadə edilməsi üçün şərait yaradacaq. Yenidənqurma işlərinin 2024-cü ilin sonuna başa çatdırılması planlaşdırılıb”.

Prezident İlham Əliyevin noyabrda təsdiq etdiyi “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024/2026-cı illər üçün Fəaliyyət Planı”nda Ələt-Osmanlı-Astara dəmir yolunun yenidən qurulması nəzərdə tutulur. Bundan başqa, sənədə əsasən, Biləcəri stansiyasının çeşidləmə parkında 3-cü dəstənin dartı yollarının və yoldəyişənlərin əsaslı təmiri, Baş Ələt dəmiryol stansiyasının əsaslı təmiri, Biləcəri-Yalama dəmiryol xətti üzrə kontakt şəbəkə və mikroprosessor əsaslı rabitə-işarəvermə sisteminin yenidən qurulması, Bakı-Böyük Kəsik dəmiryol xəttinin elektrik təchizatı sisteminin yenidən qurulması ilə bağlı işlərin başa çatdırılması, Ucar-Bakı hissəsinin mikroprosessor əsaslı rabitə-işarəvermə sisteminin yenidən qurulması, Yevlax-Böyük Kəsik sahəsində 38 yoldəyişənin və 7 qəbul-göndərmə yolunun əsaslı təmiri planlaşdırılır.

Beləliklə, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətinin genişlənməsində öz üzərinə düşən işləri vaxtında həyata keçirir. Hazırda top Moskva və Tehrandadır. İnfrastrukturun vaxtında təmin edilməsi ilə yanaşı, bu ölkələr daşımaların, sənədləşmələrin müddətini azaltmaq üçün vahid tarifqoyma siyasətinin baş tutması üçün razılığa gəlməlidir. Bu zaman hər bir ölkənin dəhlizdən layiqincə faydalanması prinsipinə tam əməl olunması son dərəcə vacibdir...

Dünya SAKİT,
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR