İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Hindistana neft satışını dayandıra bilərmi? - rəy

Ekspert: “Hindistan dünyanın ikinci ən böyük neft alıcısıdırsa...”

“Rusiya Ukrayna ilə müharibə şəraitində əsas ixrac məhsulu olan neft və qazının davamlı satışı üçün bazarlar uğrunda mübarizəni davam etdirəcək”. Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində qeyd olunub. Mərkəz bildirir ki, Rusiya Avropa bazarını itirdikdən sonra enerji resurslarını əsas iki istiqamətə - Çin və Hindistana yönəldib: “Ancaq hər iki bazar Rusiya üçün böyük Avropa bazarını tam əvəz edə bilmir. Nəticədə Rusiyanın 2023-cü ildə qaz satışı əvvəlki illərlə müqayisədə xeyli azalıb”.

Analizdə xatırladılır ki, "Reuters" Hindistanın da Rusiyadan aldığı neftin həcmini azaltdığını bildirib: “Hindistanın neft naziri bildirib ki, ölkəsinin Rusiyadan neft alışını azaltması qeyri-münasib qiymətlərlə bağlıdır. Nazirin sözlərinə görə, Dehli Hindistanın neftayırma zavodlarının qərarlarına qarışmır, neftayırma zavodları hansı ölkədən neft almaq məsələsini müstəqil həll edirlər, hökumətin onlardan yeganə tələbi ölkədə yanacağın münasib qiymətlərlə satılmasını təmin etməkdir. Hindistan Rusiyadan gündəlik 1.5 milyon barel neft alır”. 

Hindli nazirin sözlərindən belə çıxır ki, əgər Rusiya qiymətdə endirim etməsə, Hindistan başqa ölkələrdən daha çox neft almağa başlayacaq: “Hindistan Rusiyadan neft alışını azaldarsa, başqa ölkələrlə yanaşı, Azərbaycandan da neftin alışını artıra bilər. Bu ölkə 10 ay ərzində 500 milyon dollar dəyərində Bakı nefti alıb. Bu göstəriciyə görə Hindistan Azərbaycanın neft alıcıları sırasında üçüncü sırada qərar tutub. Azərbaycan neftinin əsas alıcısı İtaliyadır, ikinci sırada isə İsraildir”.

Nəzərə alsaq ki, 2020-ci ildəki Vətən müharibəsindən sonra Hindistanın Ermənistanla münasibətləri sürətlə yaxınlaşıb. Dehli Ermənistana silah satışını getdikcə artırır. Hətta İrəvana silah təchizatı ilə bağlı rəsmi Bakı Hindistana iki dəfə öz etirazını bildirib, bunun bölgədə sülh quruculuğuna zərbə vura biləcəyi barədə xəbərdarlıq edib. 

Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, 2023-cü ilin 11 ayında Hindistan Azərbaycandan 917 milyon 928.25 min dollar dəyərində 1 milyon 506 min 660 ton neft alaraq alıcılar arasında 3-cü yerdə qərarlaşıb.  Çox maraqlıdır ki, bu göstərici 2022-ci ilin eyni dövründəkindən kəskin azdır.  Belə ki, 2022-ci ilin 11 ayında Hindistan Azərbaycandan 1 milyard 625 milyon 428.01 min dollar dəyərində 2 milyon 16 min 842 ton neft almışdı. Bu isə Azərbaycandan Hindistana neft ixracının dəyər ifadəsində 43,5 faiz, həcm ifadəsində isə 25,3 faiz azalması deməkdir. 

İlham Şaban: "Bakı ona “düşmən nəzərlərlə” baxan ölkələrə mesaj verir  ki..." » Reyting.az

İlham Şaban

Enerji məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, Hindistan dünyanın ikinci böyük neft alıcısıdır: “Bizdən aldığı illik 2 milyon ton Hindistan üçün dəryada damladır. 2023-cü ildə dünyada gündəlik neft istehsalı 100 milyon bareli keçdi. Üstəlik, böyük iqtisadiyyatlardakı durğunluq üzündən tələbat azalıb. Belə şəraitdə nefti satışında bazar seçimi imkanları məhduddur. Bu baxımdan, Hindistana neft satışını dayandırmaq kimi bir lüksümüz yoxdur”.

Ekspertin fikrincə, Hindistanın 2022-ci illə müqayisədə 2023-cü ildə Bakıdan neft alışını azaltması siyasi münasibətlərdəki hər hansı böyük problemdən qaynaqlanmır: “Keçən il Hindistan bizim neftdən daha ucuz Rusiya neftinin bolluğunu yaşadı. Buna görə də yalnız bizdən deyil, digər satıcılardan da alışları Rusiyanın xeyrinə azaltdı”.

Qeyd edək ki, Hindistan 2023-cü ilin 10 ayında 200 milyon ton neft  idxal edib. Hindistanlı alıcılar karbohidrogen alışının əksəriyyətini - 77 faizini köhnə Amerika valyutası ilə ödəyirlər. Alışların 22 faizi Birləşmiş Ərəb Əmirlikləri dirhəmi ilə həyata keçirilir. Lakin dollarla BƏƏ valyutası arasında böyük fərq yoxdur - dirhəm dollara möhkəm bağlanıb.

Ötən il Hindistan Rusiyadan neft alışını dəfələrlə artırıb. 2023-cü ilin 10 ayında Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsi ilk dəfə olaraq 50 milyard dolları ötərək rekord həddə - 54,5 milyard dollardan yuxarıya çatıb. Rusiya Hindistanın dördüncü ən böyük tərəfdaşı və bu ölkəyə ikinci ən vacib mal tədarükçüsü olaraq qalır. Belə ki, Hindistan yanvar-oktyabr aylarında Rusiyadan mal idxalını iki dəfə artıraraq 51,5 milyard dollara çatdırıb. Eyni zamanda ölkə Rusiyaya öz məhsullarının tədarükünü demək olar ki, bir yarım dəfə artırıb - təxminən 3,5 milyard dollar. Nəticədə iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfədən çox artıb. Rusiyanın Hindistana ixracatında neft ümumi həcmin təxminən 80-85 faizini təşkil edir.

Lakin ötən ilin ikinci yarısından etibarən Hindistan şirkətləri Rusiyadan neft alışını azaldırlar. “Kpler” şirkətinin məlumatlarına görə, Hindistanın noyabr ayında Rusiyadan  nefti idxalı gündəlik 1,58 milyon barrelə çatıb. “Vortexa” isə bu həcmi gündə 1,6 milyon barel qiymətləndirib. Bu, gündəlik idxalın 2 milyon barel olduğu may ayı ilə müqayisədə xeyli azalma deməkdir.

Rusiyanın Hindistana neft ixracında əsas problem ödənişlə bağlıdır. "Reuters"in yaydığı məlumata görə, Rusiya şirkətləri Hindistana neft satışından əldə etdikləri 39 milyard dollar ekvivalentində rupi ilə nə edəcəklərini bilmirlər. Hindistan Mərkəzi Bankının vəsaitlərin rupi halında ölkədən çıxarılaraq Rusiyaya gətirilməsinə, yaxud Hindistanda konvertasiya edilməsinə imkan vermir. Hindistanın Rusiyaya ixracı idxalından 13 dəfədən çox aşağı olduğuna görə neftə görə verilən rupilərin mühüm hissəsini istifadə etməyə yer tapılmır. 

Avqustun sonunda Rusiya Federasiyasının keçmiş maliyyə naziri və ən böyük banklardan biri olan “Otkritie”nin keçmiş rəhbəri Mixail Zadornov rublun məzənnəsinin çökməsinin səbəblərindən biri kimi Hindistanda dondurulmuş valyutanın adını çəkib: “İlin birinci yarısında Rusiya Hindistana 30 milyard dollar dəyərində neft və neft məhsulları tədarük edib və bizim Hindistandan idxalımız ildə təxminən 6-7 milyard dollar qiymətləndirilir. Hindistanda almağa heç nəyimiz yoxdur, lakin bu rupiləri qaytara bilmərik, çünki rupi konvertasiya olunmayan valyutadır”. Zadornov qeyd edib ki, 30 milyard məbləğ Rusiyanın tədiyə balansının cari balansının bütün müsbət saldosundan çoxdur.

Azalmanın əsas səbəblərindən daha biri Rusiyanın Hindistan şirkətlərinə tətbiq etdiyi qiymət endirimlərini minimuma salmasıdır. Hindistan hələ Urals markalı Rusiya neftini Dubay qiymətinə nisbətən 4-5 ABŞ dolları aşağı qiymətə alır. Lakin bu, 2023-cü ilin əvvəlindəki 20 dollardan yuxarı endirimdən kəskin azdır. Ötən ilin ortalarında Rusiya Hindistan üçün neft qiymətlərini kəskin artıranda qarşı tərəf alışları azaltmaqla cavab verdi. 

“Kpler”in məlumatına əsasən, dekabrda Hindistanın Rusiyadan gündəlik neft idxalı 1,5 milyon bareldən aşağı olub. "Bloomberg" iddia edir ki, bu, ödənişlə bağlı problemlər səbəbindən baş verib, çünki Vaşinqton sanksiyalara riayət olunmasına nəzarəti gücləndirib. Lakin Hindistanın neft naziri Singh Puri agentliyin iddialarını təkzib edib. Onun sözlərinə görə, “ödənişlə bağlı heç bir problem yoxdur”. Nazirin sözlərinə görə, ölkə gündə 5 milyon barel neft istehlak edir ki, bunun da 1,5 milyonu Rusiyadan gəlir və bu, ödənişlə bağlı heç bir problemin olmadığını göstərir. Puri bildirib ki, alışların azalması Rusiya neftinə endirimlərin Hindistan şirkətlərini qane etməməsi ilə bağlıdır.

"Bloomberg" dekabrın 21-də bildirib ki, Hindistana 5 milyon barel Rusiyanın “Sokol” nefti daşıyan tankerlər dənizdə sahildən bir neçə mil uzaqda gözləmə vəziyyətində qalıb. Bəzi hallarda tankerlərin boşaldılması ilə bağlı gecikmə dörd həftəyə çatır. Agentliyin məlumatına görə, gecikmə ABŞ sanksiyaları ilə bağlı ola bilər: oktyabrda ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) BƏƏ və Türkiyədən iki şirkətə qarşı qoyulan qiymət tavanını pozaraq Rusiya neftinin nəqlinə görə məhdudiyyətlər qoyub. G7 ölkələri tərəfindən noyabr və dekabr aylarında daha çox sanksiyalar tətbiq olundu: səkkiz gəmi qiymət tavanından baha satılan Rusiya neftini daşıdığına görə sanksiya siyahısına salındı. Gözləntilərə görə, bu addımlar Rusiya neftinin Hindistana satışında azalmanın davamlı olmasını şərtləndirəcək.

Bu şəraitdə Rusiyanın Asiya neft bazarında ən böyük rəqibi olan Səudiyyə Ərəbistanının dövlət şirkəti “Saudi Aramco” tələbin azalması fonunda planetin bütün regionlarında fevral ayında tədarük etdiyi “Arab Light” markalı neftin qiymətlərini aşağı salıb. “Bloomberg”in yazdığına görə, Asiya bazarlarına tədarük üçün qiymət 1,5-2 dollar/barel ucuzlaşdırılıb.  “Saudi Aramco” həmçinin fevral ayında Şimal-Qərbi Avropa, Aralıq dənizi və Şimali Amerika ölkələri üçün neft tədarükü qiymətlərini aşağı salıb.

Ər-Riyadın bu addımı qlobal neft bazarında qiymətlərin uzulaşmasına səbəb olub. Brent markalı neftin bir barelinin qiyməti 79 dollardan 76 dollara qədər geriləyib. 

Göründüyü kimi, neftə tələbin azalması perspektivi olduğu bir dövrdə bazarlar uğrunda mübarizə gedir. Belə mübarizə şəraitində Azərbaycanın Hindistana neft satışını dayandırması heç də doğru addım olmaz...

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR