İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan ekspertlərinin lirə proqnozu: yaxın 2 ildə...

İndi əsas sual budur ki, “yeni ekonomi çöküş” modelindən imtina əsas problemi həll edəcəkmi?

Parlament və prezident seçkilərindən sonra qardaş Türkiyədə milli valyutanın - lirənin dəyərsizləşməsi prosesi sürətlənib. Hətta yeni və tərkibində iqtisadi dünyanın etimadını qazanan hökumət kabinetinin formalaşdırılması, iqtisadi bloka ciddi səlahiyyətlərin verilməsinə dair məlumatların yayılması da bu prosesin qarşısını ala bilməyib. İyunun 8-də lirə ABŞ dolları qarşısında enişini davam etdirib və 1 dollar 24 lirəyə yaxınlaşıb.

Türkiyə Azərbaycanın ən yaxın və strateji müttəfiqi olmaqla bərabər, həm də ən çox investisiya yatırdığımız, qeyri-neft ixracımızın həcminə görə ikinci ölkədir. Bu baxımdan, Türkiyə iqtisadiyyatındakı vəziyyət Azərbaycan cəmiyyətini də narahat edir, müzakirələrə səbəb olur.

Azərbaycanın iqtisadçıları, alimləri nə düşünürlər: qardaş ölkədə iqtisadi təlatümlər nə qədər davamlı olacaq? Hansı addımlar Türkiyə iqtisadiyyatını böhranlı vəziyyətdən daha tez çıxara bilər?

İqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, Türkiyə Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşı, xaricdə ən böyük sərmayə yatırımımız olan ölkədir: “Bu baxımdan ölkənin iqtisadi durumu bizim üçün həyati əhəmiyyət daşıyır. Türkiyədə lirənin kəskin dəyər itirməsinə panik reaksiya yoxdur, çünki seçkidən sonra bazarın gözləntiləri bu yöndə idi. Yerli müstəqil iqtisadi araşdırma mərkəzləri 28-30 lirəyədək ucuzlaşmanı real sayır. Valyuta-kapital axınları üzərində sərt nəzarətin tədricən yumşaldılması, Mərkəzi Bankın arxa qapısından bazara müdaxiləsinin sonlandırılması siqnanlnın verildiyi şəraitdə zorla tutulan və real bazar dəyərinin altında qalan milli valyutanın ucuzlaşması qaçılmaz idi.

Amma indi əsas sual budur ki, “yeni ekonomi çöküş” modelindən imtina əsas problemi həll edəcəkmi? Əsas problem ölkənin valyuta ehtiyacının qarşılanmasıdır. Ölkə idxalını və borclarını qarşılamaq üçün öz imkanları hesabına qazana bilmədiyi valyuta açığını kənardan gələn pullar hesabına qapatmalıdır. Cari hesabın defisitinin tarixi səviyyələrə çatması ölkənin valyuta qıtlığının real miqyasını göstərir. Bunun üzərinə maliyyə hesabı çərçivəsində ölkədən xalis kapital çıxışının son 2 ildə böyüyən iri həcmini də gəlin".

Ekspertin sözlərinə görə, kənardan gələn para ya sərmayə, ya borc şəklində ölkənin valyuta bazarında tələb-təklif tarazlığı yaradacaq səviyyədə olmalı, davamlı xarakter daşımalıdır: “Aparılan siyasətin, yeni-köhnə hökumətin vəd və davranışlarının xarici sərmayədarlara, borcverənlərə nə qədər güvən saxlayacağını yaxın aylarda görmək mümkün olacaq”.

İqtisadçı-alim, millət vəkili Vüqar Bayramovun sözlərinə görə, seçkidən sonra lirənin dəyər itirəcəyi gözlənilən idi: “Seçkinin başa çatmasına baxmayaraq Türkiyənin bir sıra Qərb dövlətləri ilə münasibətləri hələ də soyuq hesab olunur. Bu isə xarici valyuta təklifinə birbaşa təsir göstərir. Türkiyə Mərkəzi Bankının net forex ehtiyatlarının tarixi minimumadək azalması da xarici valyutaya olan tələbin ödənilməsində çətinliklər yaradır.

Bununla belə, yeni maliyyə naziri təyinatından sonra valyuta bazarı ilə daha çox qarşılıqlı əlaqənin olacağı və prudensial tələblərin yumşalacağı gözlənilir. Ayındır ki, bu ilin aprel ayında rəsmi inflyasiyanın 43.7 faiz olduğu Türkiyədə valyuta stabilliyinə nail olmaq zaman alacaq. Ancaq, yeni kabinetdə maliyyə-iqtisadi sfera üzrə təyinatlar orta müddətli dövrdə stabilliyə nail olmaq imkanlarını xeyli genişləndirir. Görünən odur ki, yeni kabineti qarşıda heç də asan olmayan çağırışlar gözləyir".

Oxu.az - Elman Sadıqov: “Əsas məsələlərdən biri 2026-cı ilə qədər  Azərbaycan manatını sabit saxlamaqdır”

Elman Sadiqov

İqtisadçı-ekspert Elman Sadiqov deyir ki, maliyyə və xəzinə naziri Mehmet Şimşekin gəlişi ilə bazarlarda canlanma başlandı: “İMKB (İstanbul birjası) indeksi artıma davam etdi. Lakin lirənin dəyər qazanmasını gözləmək səhv gözlənti olar. Çünki Mehmet bəy açıq mesajlar verdi. Rasional zəminə geri dönüş, qaydaların tətbiqi, orta dövrdə inflyasiyanın 1 rəqəmli göstəriciyə qədər endirilməsi (Diqqət etmək lazımdır ki, qısa dövrdə deyil, orta dövrdə). Düşünürəm ki, yaxın 2 il nisbətən ağrılı olacaq. Bu ağrılı dövrdə Mehmet bəyin siyasi iradə ilə dəstəklənməsi əsas şərtdir. Cərrahi müdaxilə ağrılı və çətin prosesdir. Türkiyə iqtisadiyyatında hər tərəfi razı salan qərarların qısa müddətdə alınması mümkün deyil. Lakin iqtisadi qanunauyğunluqlara əsasən ardıcıllığa riayət ediləcəyi düşünülə bilər. İxracatçılar lirənin kursunun baha olduğunu, idxalatçılar ucuz olduğunu bildirirlər. Seçkidən öncə vəd olunan maaş artımları yəqin ki, avqustda həyata keçirilər. Lakin sonradan bu artımlarda pauza olacaq. Tədiyə balansının mənfi saldosunu azaltmaq, ixracı artırmaq birinci dərəcəli məsələdir və ilk mərhələdə həyata keçiriləcək. İnflyasiyanın qarşısını almaq, rifahı artırmaq sonrakı mərhələ. Tədiyə balansındakı mənfi saldonu minimallaşdırmaq (son 5 ayın göstəricilərinə əsasən mənfi saldo ortalama aylıq 10 milyard dollardan çoxdur), lirənin həqiqi kursunu təmin etmək, lirənin kursunu valyuta ehtiyatları ilə deyil, faizlərlə tənzimləmək, kur korumalı mevduat məsələsini həll etmək (hazırlanacaq proqramda açıqlanacaq), xarici investisiyaları cəlb etmək, istehsal və məşğulluğu artırmaq, bundan sonra inflyasiya və digər məsələlərin həlli”... Ekspert qeyd edir ki, hazırda turizm mövsümünün başlaması valyuta axınına, kənd təsərrüfatı mövsümü isə qiymətlərin enməsi və ərzaq inflyasiyasının düşməsini şərtləndirir: “Günlük ortalama neft və qaz qiymətlərinin 2023-cü ildə 2022-ci ilə nisbətən aşağı olması da tədiyə və ticarət balanslarına müsbət təsir göstərəcək. Lakin bunlar mövsümi məsələlərdir. Məsələnin köklü bir şəkildə həlli üçün bu amillərdən istifadə olunacaq. Lakin bu mövsümi amillər köklü islahatların aparılma tempinə mane olmayacaq.

Əsas iqtisadi genişlənmə istiqamətləri barədə deyim ki, rəqabətə davamlı türk malları ilə Afrika, Qafqaz, Orta Asiya (Türk) dövlətləri, Balkanlar, Şərqi Avropa, sonra bütün Avropaya doğru iqtisadi genişlənmə də iqtisadi islahatlara (ixracın, istehsalın və məşğulluğun artırılması yolu ilə) öz töhfəsini verə bilər. Bütün bunlar isə ucuz lirə siyasətini iqtisadi qanunauyğunluqlara əsasən həyata keçirmədən mümkün olmaz. Hədəf nə qədər doğru olursa-olsun, o hədəfə gedən yolun düzgün seçilməsi daha önəmlidir. Yaxın 2 ilin ağrılı olmasına baxmayaraq səbir və inadla düzgün istiqamətdə və doğru və məntiqli bir şəkildə atılan addımlar nəticədə güclü iqtisadiyyata malik güclü Türkiyə deməkdir. Bu bizim üçün də, iqtisadiyyatımız üçün də önəmlidir"!

İqtisadçı-ekspert Natiq Cəfərli də əmindir ki, seçkidən sonra lirə mütləq dəyərdən düşməsi qaçılmaz idi: “Qalib Kılıcdaroğlu olsa da düşəcəkdi, lirənin dərdi daha dərindir, iqtidarlı-müxalifətli pafosun, populizmin, vədlərin son günlərdəki ucuzlaşmada payı olsa da, əsas səbəbləri obyektiv və subyektiv olaraq ayırmaq olar.

Azərbaycanda turizmin qarşısında ən böyük sədd “AZAL”dır - Natiq Cəfərli

Natiq Cəfərli 

Obyektiv səbəblər bunlardır: Türkiyənin enerjidən kəskin asılılığı, kovid oyununun 3 il (2020-22) Türkiyənin əsas gəlir mənbələrindən biri olan turizmi kəskin vurması, ixracatın artımının idxalı da artırması və sair.

Subyektiv səbəblər sırasında Mərkəzi Bankın müstəqilliyinin və subyektivliyinin əlindən alınması, “Faiz səbəb - inflyasiya nəticədir” kimi heç bir məntiqi olmayan israr, iqtisadi institutların zəifləməsi, məhkəmənin müstəqilliyinə kölgə düşürülməsi, populist “solvari” siyasət, dövlət xərclərinin kəskin artırılması, son 4 ildə durmadan (təqribən 1 trilyon lirə) heç nə ilə qarşılanmayan pul çap edilməsidə var. Yəni bu gün görünən son 10 ilin kobud səhvlərinin təzahürüdür".

Ekspert bildirir ki, Türkiyə Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olsa da, orada baş verənlərin Azərbaycan manatına təsiri yoxdur: “Manatın öz balaca dünyası, üzdüyü kiçicik neft gölməçəsi, inzibatı qaydalarla tənzimlənən həyatı var”...

İqtisadçı-alim, ABŞ Şimali Dakota Universitetinin professoru Fariz Hüseynli bildirir ki, hazırda Türkiyə valyutasına xaricdən təsir imkanları yoxdur: “Hansısa Hans, Herkel, Sam, Toni, Joni və digərlərinin lirəyə hücum etməsi yolları bağlıdır. Bazarda xarici təsirləri çoxdan qurudublar. Əsas təsir yerlidir - biri Mərkəz Bankı, o biri maliyyə naziri, üçüncü də banklar, şirkətlər və xalq.

Amma xaricilərə lirə satmaq lazımdır. Lirə gərək ucuz ola ki, xaricilər ala. Deməli, birinci vəzifə lirəni azaltmaqdır. İkincisi, lirədə qalmaq sərfəli olmalıdı ki, tez çıxmasınlar. Deməli, faizləri artırmaq lazımdır. Üçüncüsü, gələnə qal, sənə sərf edəcək demək üçün lirəni bir az sabit saxlamaq lazımdır. Gələn də onu istəyəcək. Yəni Hansa-Herkelə sərf etməyəcək lirəyə hücum etmək".

İqtisadçı-alimə görə, ölkənin problemi göründüyündən daha böyükdür: Baxın son 20 ilə. Xaricdən vəsait gəlir, bəs hara gedir? Böyük hissəsi idxala və yerli kreditlərə, yəni xərclər və borclar artır, böyük hissəsi də dollarla olur. Xarici sərmayə çəkilənə qədər bu proses davam edir. Sonra onlar çəkiləndə bazarda onlara faiz lobbisi deyib sıxışdırırlar. Onlar da daha sürətlə gedir. Bu dövran da belə davam edir. Arada ən çox kim qazanır? Yandaşlar və bəzi dini-iqtisadi sərmayə qrupları. 2000-lərin ortalarında dollar 1.3 lirə idi, sonra 1.5-də qaldı. Hamısı dediyimin sayəsində. 2010-cu ilin əvvəlindən lirə dəyər itirir. Hücuma ya nəyə görəsə yox. Ölkənin iqtisadi fundamentlərinə və əhalinin dollar və qızıla olan sevgisinə görə. Yəni lirə nəticədir əslində. Amma iqtisadiyyat sənayedir, istehsaldır, yatırımlardır, məhsuldarlıqdır, xaricdə iqtisadi diplomatiyadır ki, ən sonda ölkə pulunun dəyərini də saxlayır. Yerli sərmayə yastıq altına, dollara-qızıla yatdıqca, səmərəsiz xərclər davam etdikcə belə olacaq".

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR