Onlayn ictimai-siyasi qəzet
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 449,4 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 % çoxdur.
Ötən ay alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,3 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 8 milyard 555 milyon manatlıq, o cümlədən 4 milyard 726,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3 milyard 828,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,5 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 %, qeyri-ərzaq malları üzrə 5,2 % artıb. Göründüyü kimi, bu il Azərbaycan əhalisinin yanacaq xərcləri 10% artıb, bu amil qiymətlərin da artmasına təsir edəcəkmi?
İqtisadçı ekspert Eldəniz Əmirov mövzu ilə bağlı Musavat.com-a dedi ki, artımlar bundan sonra da davam edəcək:
“İnsanların təbii olaraq ehtiyacları artır, yeni-yeni xidmətlər, məhsullar əmtəələr dövriyyəyə girdikcə onların istehlakçısı da olur. İstehlakçısı olacaqsa, təbii olaraq bu artımlar olacaqdır. Yəni bu təbii bir prosesdir. Dünyanın bütün ölkələrində belədir, hər il daha çox pul xərcləyirlər. Nominal ifadədə daha çox pul xərclənir. Əsas real ifadədən söhbət gedir. Burada verilən məlumatda da məhz real ifadə göstərilib. Real ifadədə artımlar insanların ehtiyaclarının artmasının və daha çox pul xərcləməsinin göstəricisidir. Yanacağın artmasının səbəbi isə avtomobillərin sayının artması ilə bağlıdır. Qeyd olunan 10 faizlik artım, avtomobillərin satışının artımı yanacaq xərclərinə də təsir göstərir. Avtomobilin sayının artması nəticədə yanacağın istehlakının da həcmini artırır. Digər bir artımın səbəbi isə əhalinin artması ilə bağlıdır. 2003-cü ildə olan istehlakçı sayı ilə 2024-cü ildə olan istehlakçı sayı da dəyişib. Buna görə də adambaşına düşən göstəricinin də qeyd edilməsi çox önəmlidir”.
Afaq Mirayiq,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ