İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan dövlətinin əlindəki ciddi dəlillər onları qorxudur”

Məlum olduğu kimi, Azərbaycanın evsahibliyi edəcəyi mötəbər COP29 tədbirinin keçirilməsinə az zaman qalıb.

COP.jpg (112 KB)

Artıq bir sıra ermənipərəst mərkəzlər COP29 əleyhinə kampaniya başlatmağa cəhd edirlər. Belə ki, bir müddət əvvəl Paris şəhərinin meri Ann İdalqo, senator Bruno Retaylon, İle-de-Frans regionunun prezidenti Xavier Bertrand, eləcə də Valeri Pekres, Karol Delqa kimi region rəhbərləri, Marsel merinin birinci müavini Mişel Roubirola, Monpelye şəhərinin meri Maykl Delafosse və Strasburq meri Janna Barseqyan BMT-nin növbəti iqlim konfransının Azərbaycanda keçirilməsinə qarşı olduqlarını bildirən birgə bəyanat yayıblar. Onlar konfransın Azərbaycanda keçirilməsi qərarına yenidən baxılmasını istəyiblər. Bəyanat müəllifləri iddia edirlər ki, Azərbaycan iqtisadiyyatının 90 faizi neft və qazdan asılı olduğu üçün belə bir konfrans Bakıda keçirilə bilməz.

Hər zaman anti-Azərbaycan mövqeyi ilə seçilən Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okampo “X” səhifəsində video yayımlayaraq, ermənilərə müraciət edib, müxtəlif həştəqlər vasitəsilə Bakıda keçiriləcək COP29 beynəlxalq tədbirindən istifadə edərək, “girov”lar məsələsini gündəmə gətirməyə çağırıb.

AQSİN.jpeg (208 KB)

COP29 yaxınlaşdıqca erməni faktoru üzərindən Azərbaycana qarşı aparılan kampaniyanın motivləri barədə siyasi şərhçi Aqşin Kərimov Musavat.com-a danışıb:

“Azərbaycana qarşı aparılan kampaniyanın leytmotivləri sırasında onu göstərirlər ki, Azərbaycan müharibə cinayətində, separatizmdə iştirak etmiş şəxsləri azadlığa buraxmalıdır. Bu tələbləri səsləndirərkən həmin şəxsləri separatçı kimi təqdim etmir, guya onlar “siyasi məhbus” statusundadır. Əlbəttə ki, onların öz mövqelərini hansı şəkildə bildirməsindən asılı olmayaraq, məsələnin məntiqli və hüquqi tərəfi var.

Azərbaycan separatçılıqda və müharibə cinayətlərində iştirak etmiş şəxslərin mühakiməsi və istintaq işini aparmaq hüququna malikdir. Çünki onlar Azərbaycan ərazisində cinayət tərkibi olan xeyli sayda əməllər törədiblər. Baxmayaraq ki, onların işi hələ də məhkəməyə göndərilməyib, məhkəmə istintaqı başlamayıb, bununla belə, şübhə yoxdur ki, Azərbaycan dövlətinin əlində onların törətdiyi əməllərlə bağlı kifayət qədər dəlillər mövcuddur. Bu ciddi dəlillər beynəlxalq təşkilatları qorxudur, çünki onlar düşünürlər ki, məhkəmə istintaqında Azərbaycan dövlətinin təqdim edəcəyi dəlillər beynəlxalq təşkilatların da ifşasına yol açacaq.

Məsələnin siyasi nöqteyi-nəzərindən də əsası var. Belə ki, Azərbaycan dövlətinə qarşı cinayətlər törətmiş şəxslərin mühakiməsini həyata keçirməklə həm də vaxtilə Qarabağda mövcud olmuş separatçı rejimin beynəlxalq təşkilatlarla əlaqəsini araşdırmış olur. Bu əlaqələrin üzə çıxmasından qorxan təşkilatlar və yaxud hər hansı dövlətin nəzarətində olan “kölgə kəşfiyyatları” bu məsələnin gündəmə gəlməsini istəmirlər. Ona görə də COP29 çərçivəsində Azərbaycana qarşı təzyiqlər etməyə cəhd göstərirlər. Amma bir daha qeyd edim ki, bu təzyiqlərin boş və mənasız olduğu göz önündədir”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR