Onlayn ictimai-siyasi qəzet
Eldəniz Əmirov: “Bu, beynəlxalq səviyyədə ölkənin vergi reytinqinin yüksəldilməsinə xidmət edir”
Azərbaycan vergi üzrə Çoxtərəfli Konvensiyaya qoşulacaq. Bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasının gündəliyinə daxil edilmiş “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”nın təsdiq edilməsi haqqında" qanun layihəsində əksini tapıb.
Bəs daha bir beynəlxalq konvensiyaya qoşulmaq hansı zərurətdən doğub və Azərbaycana nə verəcək?
Məlum olduğu kimi, dövlət başçısının 16 fevral 2021-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası 2021-ci il martın 12-də “Ölkələrarası Hesabatların Mübadiləsinə dair Səlahiyyətli Orqanların Çoxtərəfli Sazişi”nə qoşulub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, bununla bağlı olaraq, ölkəmizin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi məqsədilə Vergi Məcəlləsində müvafiq dəyişikliklər edilib, məcəllədə transmilli şirkətlər qrupu anlayışı və transmilli şirkətlər qrupunun hesabatının vergi orqanlarına təqdim edilməsi öhdəliyi öz əksini tapıb.
Onu da qeyd edək ki, beynəlxalq səviyyədə vergidən yayınma hallarına qarşı mübarizə və vergi məsələləri üzrə beynəlxalq əməkdaşlıq çərçivəsində ən mühüm sənədlərdən biri “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında Konvensiya”dır. Bu konvensiya çərçivəsində Azərbaycan 130-dan çox ölkə ilə müvafiq məlumatların mübadiləsini həyata keçirir və nəticədə genişmiqyaslı vergi məlumatlarına çıxış əldə edir. Sözügedən çoxtərəfli saziş ölkədə vergitutma bazasının qorunması, vergidən yayınmanın qarşısının alınması və mənfəətin digər ölkələrə köçürülməsinə dair mübarizənin aparılmasına xidmət edir. Dövlət Vergi Xidməti 2017-ci ildə yuxarıda adıçəkilən konvensiya əsasında “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma”ya da qoşulub. Həmçinin 2015-ci ildə Azərbaycan Respublikası ilə ABŞ hökuməti arasında Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktının (Foreign Account Tax Compliance Act - FATCA) tələblərinin həyata keçirilməsi barədə Saziş imzalanıb.
Azərbaycan Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olan ölkələrlə də sıx məlumat mübadiləsi aparır.
Yeri gəlmişkən, Azərbaycan 2022-ci ildə beynəlxalq standartın yerinə yetirilməsi üzrə ən yüksək reytinqə layiq görülüb. İspaniya Krallığının Sevilya şəhərində keçirilmiş Qlobal Forumun 15-ci Plenar iclasında qiymətləndirmə prosesinin yekunlaşdığı elan edilib və nəticələrə dair yekun rəsmi hesabat İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının internet səhifəsində dərc olunub. Görülmüş işlər nəticəsində 99 yurisdiksiya üzrə aparılmış qiymətləndirmədə Azərbaycan Respublikasında beynəlxalq standartın yerinə yetirilməsi səviyyəsi ən yüksək reytinq balı (“on track”) ilə dəyərləndirilib.
Standartın praktiki tətbiqi üzrə qiymətlədirmə maliyyə institutları ilə mütəmadi əlaqələrin qurulmasını, ölkədaxili əməletmə strategiya və siyasətinin mövcudluğunu, hesabların açılması zamanı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsini, mübadilə zamanı bütün tərəfdaş ölkələrin əhatə olunmasını və prosesin müvafiq standartlara tam uyğun aparılmasını, həmin ölkələrdən daxil olmuş rəyləri əhatə edir.
Ümumi Hesabatlılıq Standartı vergitutma məqsədləri üçün müxtəlif dövlətlər tərəfindən xarici şəxslərin digər ölkələrdə yerləşən maliyyə institutlarında olan hesabları haqqında məlumatların toplanması və həmin şəxslərin rezidenti olduqları dövlətlərlə avtomatik mübadiləsinin vahid prinsiplərini tənzimləyir. Bu standartın Azərbaycanda tətbiqi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 3 may 2017-ci il tarixli Sərəncamına əsasən, “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma”ya qoşulmaq barədə bəyanat imzalanıb və hazırda mübadilə üçün 116-dan çox tərəfdaş ölkəni əhatə edir.
İqtisadçı ekspert Eldəniz Əmirov “Yeni Müsavat” şərhində qeyd etdi ki, Azərbaycan vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə 2021-ci ildə “Ölkələrarası Hesabatların mübadiləsinə dair Səlahiyyətli Orqanların Çoxtərəfli Sazişi”nə qoşulduqdan sonra ilk mübadilə prosesi 2022-ci ildə baş verib: “İki il öncə Prezident İlham Əliyev tərəfindən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi layihəsinə Azərbaycanın assosiativ üzv kimi qoşulmasına dair fərman imzalanıb. Bununla da Azərbaycan sazişə qoşulan 142-ci ölkə olub. Bu, ilk növbədə beynəlxalq səviyyədə ölkənin vergi reytinqinin yüksəldilməsinə xidmət edir. Digər tərəfdən, bununla vergitutma bazasının aşınmasına xidmət edən vergi planlamasının qarşısı alınır. Başqa sözlə desək, bir növ vergidənyayınma mexanizmlərinin qarşısı alınır. Eyni zamanda gəlirin bilavasitə iqtisadi fəaliyyətin həyata keçirildiyi yerdə beynəlxalq vergitutma prinsipləri nəzərə alınmaqla vergiyə cəlb olunma məsələsi rol oynayır. Yəni vergiyə cəlb olunan gəlir bilavasitə iqtisadi fəaliyyətin həyata keçirildiyi yerdə olur, amma beynəlxalq vergitutma prinsipləri nəzərə alınaraq vergiyə cəlb edilir. Vergi reytinqini artıran faktor da məhz budur. Bütün bunlar vergi administrativliyində, vergi qanunvericiliyinə bağlı inzibati prosedurların icrasında koordinasiya sistemi yaradır”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ