İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan “banan” ölkəsi deyil! – Rusiya ya üzr istəyəcək, ya da...

Təyyarə qəzası ilə bağlı Azərbaycan və Qazaxıstanın yaratdığı dövlət komissiyalarının rəsmi hesabatlarını gözləməyə ehtiyac qalmadı. Görünən kəndə bələdçi nə gərək ki?

Ortadakı dəlil-sübutlar yetərincə və o qədər ciddidir ki, tibb dili ilə ifadə eləsək, “simptomlar” o dərədəcə qabarıqdır ki, “diaqnoz”un təsdiqlənməsi üçün əlavə “analizlər”ə, “ÜZİ”yə, “MRT”yə, “KT”-yə-zada lüzum yox. Qalır komissiyanın gerçəyi təsdiqləməsi...

Gerçək isə budur ki, dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsi Aktauda qəza enişi enməzdən saatlar öncə Qroznı yaxınlığında səmada Rusiya HHQ-nin “yer-hava” tipli raket hücumuna məruz qalıb. Mərmi birbaşa gövdəyə dəyməyib, onun yaxınlığında partlamaqla öz “işini” görüb.

Rusiya mediasının cinayəti ört-basdır eləmək üçün inadla səbəbi əvvəlcə quşlara, sonra da təyyarədə partlayan oksigen balonuna bağlamaq cəhdləri isə boşuna əziyyətdir. Hansı əsrdə yaşadığmızı deyəsən unudublar. İndi dünyanın bu başında asqıranda o biri başında eşidilir. Dünya o qədər kiçilib ki...

Odur ki, Azərbaycan tam haqlı şəkildə rəsmi Moskvanın, konkret olaraq, Putinin reaksiyasını, daha dəqiqi, üzrxahlığını gözləyir: səhvi etiraf edib də Azərbaycandan üzr istəmək, yoxsa susmağa davam etmək.

İkinci hal, yəni susqunluq, sükut Azərbaycan-Rusiya münasibətlərində Putin dönəmində ilk dəfə dərin çat yarada, Güney Qafqazda Rusiyanı faktiki müttəfiqsiz-dostsuz qoya bilər. Moskvaya bu lazımmı? Seçsin.

Vaxtilə Türkiyə (2016) və Azərbaycan prezidentlərinin (2020) böyüklük və səmimilik göstərib atdıqları addımın eynisini indi Putin atmalıdır (Hərgah o zaman nə qardaş ölkə, nə də Azərbaycan günah yiyəsi idi)...

Qısası, Rusiya üzr istəmək zorunda. Bununla onun “üzüyünün qaşı” düşməz. Amma əvəzində bölgədə Azərbaycan kimi mühüm və vazkeçilməz dövləti itirmək riski ilə üzləşər, Qərbin ağır sanksiyaları altında olan Rusiya üçün strateji əhəmiyyət daşıyan Şimal-Cənub dəhlizi layihəsi “suya” düşə, üstəgəl, Rusiya mədəniyyəti və dilinə sayğılı tolerant cəmiyyətimizi dərindən məyus edər, yaralayar.

Bu, həm də ona görə vacibdir ki, Azərbaycanın “banan” ölkə olmadığını, öz mülki vətəndaşlarının təhlükəsizliyinə hər yerdə məsuliyyət daşıyan ciddi ölkə olduğunu dünya görsün. Rusiya ilə münasibətlərimiz yaxşı olsa da, bu ona böyük və qonşu dövlət kimi bizi saymamağa haqq vermir. “Örtülü bazar dostluğu pozar”...

Gedib heç olmasa, İlham Əliyevin və Vladimir Putinin imzası duran 22 fevral (2022) Moskva Bəyannaməsini oxusunlar. Oradakı bəndlərdən aşağıdakı üçünə xüsusi diqqət:

“Bənd 7. Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin xarici işlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmini yaradırlar” (Nəsə Sergey Lavrovun faciə ilə bağlı Ceyhun Bayramova telefon açdığını eşitmədik).

“Bənd 18. Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər”.

“Bənd 21. Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq öhdəliklərinə və milli qanunvericiliklərinə uyğun olaraq bir Tərəfin fiziki və hüquqi şəxslərinin qanuni haqq və maraqlarının digər Tərəfin ərazisində təmin edilməsi üzrə səmərəli tədbirlər həyata keçirirlər”.

Problem də elə bundadır. Rusiya səmasındakı Azərbaycan vətəndaşı olan günahsız sərnişinlərin, uşaqların “qanuni haqq və maraqlarını” qorumaq əvəzinə, Xəzər üzərinə aşkar ölümə göndərməyin adı gərəsən nədir? Bunun bir bədəli, cəzası olmalı, ya yox?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR