Onlayn ictimai-siyasi qəzet
Ekspert: “Bu dəfə yalnız məlumatların açıqlanması deyil, keyfiyyətli məlumatların açıqlanması baxımından müsbət dəyişikliklər var”
May ayının 29-da Beynəlxalq Büdcə Tərəfdaşlığı təşkilatı tərəfindən “Açıq Büdcə İndeksi - 2023" hesabatı dərc edilib. Hesabatda Azərbaycanın mövqeyi 2021-ci ilin reytinq göstəricisi (57 bal) ilə müqayisədə 10 bal daha yuxarı qiymətləndirilib. Beləliklə, Azərbaycan müvafiq hesabatda 100 mümkün baldan 67 bal toplamaqla müstəqillik tarixi ərzində bu göstərici üzrə ən yüksək nəticə ilə qiymətləndirilib.
Mənbə: https://internationalbudget.org/open-budget-survey/country-results/2023/azerbaijan ttps://internationalbudget.org/open-budget-survey/country-results/2023/azerbaijan
Bununla da Azərbaycanın reytinqi dünya üzrə orta göstəricidən (45 bal) 22 bal yuxarı olmaqla ümumi reytinqdə ən çox irəliləyən ölkələrdən biri olub. Məlumat üçün qeyd edək ki, 61 bal və ya daha yuxarı bal toplayan ölkələr adekvat büdcə açıqlığına malik ölkələr qrupuna aid edilir. Beləliklə, Azərbaycan “Açıq Büdcə İndeksi-2023" hesabatında qiymətləndirmədə iştirak edən 125 ölkə arasında 21 pillə irəliləyərək 23-cü yerə yüksəlməklə yetərli məlumat dərc edən ölkələr qrupuna daxil olub.
Açıq Büdcə Sorğusu üzrə hesabat hər iki ildən bir ABŞ-da yerləşən Beynəlxalq Büdcə Tərəfdaşlığı (International Budget Partnership) Təşkilatı tərəfindən hazırlanır və dərc olunur. Sorğuda qiymətləndirilməsi nəzərdə tutulan 145 sualdan 109-u büdcə məlumatlarının ictimaiyyətə açıqlığını (Açıq Büdcə İndeksi), 18-i ictimaiyyətin büdcə prosesində iştirakını, 18-i isə Parlamentin (Milli Məclis) və ali audit orqanının (Hesablama Palatası) bu sahədə rolunu dəyərləndirir.
Qeyd edək ki, Açıq Büdcə İndeksi sorğusu üzrə ölkələrin büdcə mexanizmlərinin qiymətləndirilməsinə 2006-cı ildən başlanılıb və Azərbaycan ilk qiymətləndirmədən etibarən müvafiq sorğuda iştirak edir. Bu indeksin əhəmiyyət ondan ibarətdir ki, reytinqin tərtib olunmasında Dünya Bankının “Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı”, Beynəlxalq Valyuta Fondunun “Fiskal Şəffaflığın Ən Yaxşı Təcrübələr Məcəlləsi”, “Lima Bəyannaməsi”, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Fiskal Şəffaflıq üzrə Ən Yaxşı Təcrübələr” və “Fiskal Şəffaflıq üzrə Qlobal Təşəbbüs”ün prinsipləri kimi sənədlərə istinad olunur. Onu da qeyd edək ki, bu qiymətləndirmə çoxsaylı parametrlər üzrə müstəqil qiymətləndiricilər tərəfindən müəyyənləşdirilib və qurum tərəfindən yenidən baxışdan keçirilib.
Açıq Büdcə Sorğusunun nəticələri əsas və köməkçi suallar əsasında müəyyənləşib ki, müvafiq sualların da əksəriyyəti büdcə haqqında məlumatların ictimaiyyətə əlçatanlığının qiymətləndirilməsinə, yəni Açıq Büdcə İndeksinin hesablanmasına xidmət edib. Belə qiymətləndirmə səkkiz əsas büdcə sənədinin əhatəliliyinin və metodologiyada nəzərdə tutulmuş müddətlərdə dərc edilməsinin, o cümlədən rəsmi dövlət qurumlarının rəsmi internet səhifələrində yerləşdirilməsinin təhlili vasitəsilə aparılır. Azərbaycanda büdcə ilə bağlı qiymətləndirilən səkkiz əsas büdcə sənədinin (İlkin büdcə sənədi, İcra orqanının büdcə layihəsi, Təsdiq edilmiş büdcə, Vətəndaş büdcəsi, Dövlət büdcəsinin icrasına dair aylıq hesabat, Dövlət büdcəsinin icrasına dair yarımillik hesabat, Dövlət büdcəsinin icrası üzrə illik hesabat, Dövlət büdcəsinin icrasına dair audit hesabatı) hamısının ictimaiyyətə açıqlanması “Beynəlxalq Büdcə Tərəfdaşlığı” tərəfindən ilk dəfə 2021-ci ildə qeyd edilib. Əlavə olaraq, ilkin büdcə sənədləri, dövlət büdcəsinin icrasına dair yarımillik, illik və yekun hesabatlar üzrə həm məlumatlılıq səviyyəsinin artırılması, həm də sənədlərin özlərinin ictimaiyyətə açıqlanması üzrə irəliləyişlərə nail olunub.
Açıq Büdcə Sorğusu büdcə prosesinə dair 3 istiqamət üzrə nəticələri qiymətləndirir. Bunlar büdcə məlumatlarının ictimaiyyətə əlçatanlığı (Open Budget Index); Büdcə prosesində ictimai iştirakçılıq səviyyəsi (Public Participation); Qanunverici hakimiyyət orqanı və ali audit orqanının rolu və fəaliyyəti (Budget Oversight).
Ümumilikdə, sorğu üzrə 145 sualdan 109-u (indikatoru) büdcə məlumatlarının ictimaiyyətə əlçatanlığını qiymətləndirir və bu istiqamət üzrə yekun nəticə “Açıq Büdcə İndeksi” adlanır. 109 sualdan 107-si Maliyyə Nazirliyi tərəfindən hazırlanan büdcə sənədlərini əhatə edir.
Eyni zamanda, sorğu üzrə sualların 18-i ictimaiyyətin büdcə prosesində iştirakını (Public Participation), 18-i isə qanunvericiliyin və ali audit orqanının (Budget Oversight) bu məsələdə rolunu qiymətləndirir.
Qeyd edilməlidir ki, “Açıq Büdcə Sorğusu-2023" hesabatında 6 sualla əhatə edilən büdcəyə nəzarət üzrə ali audit orqanı subindeksi üzrə Hesablama Palatasının fəaliyyəti 100 baldan 100 olmaqla, ”adekvat" nəticə kimi yüksək qiymətləndirilib.
İnqilab Əhmədov
İqtisadçı-alim, Açıq Büdcə İndeksinin Azərbaycan üzrə qiymətləndirici ekspertlərindən biri İnqilab Əhmədovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanın indeksdəki mövqeyində kifayət qədər ciddi dəyişiklik olub: “Bu indeks 2 ildə bir dəfə açıqlanır. 2021-ci ildə qiymətləndirilmə aparılan bütün 8 sənədin hamısının açıqlanması təmin olunduğuna görə Azərbaycanın mövqeyi yaxşılaşmışdı. Bu dəfə isə nəticələrin yaxşılaşmasına 8 sənədin açıqlanması ilə yanaşı bir neçə amil də təsir göstərib. Əsas şərtlərdən biri budur ki, Maliyyə Nazirliyi son illər ortamüddətli xərclər çərçivəsi fəaliyyəti çərçivəsində kifayət qədər uzunmüddətli dövrə dair datalar ortaya qoyur və bununla bağlı fəaliyyətləri gücləndirir. Bu dataların ictimaiyyətə açıq olması təmin edilir: İnternet resursuna yerləşdirilir, büdcə layihəsinə daxi edilir və sair. Bu faktor xeyli dərəcədə Azərbaycanın mövqeyini gücləndirdi. Digər tərəfdən, 8 sənədin hər birində - ikisini çıxmaq şərtilə, ciddi irəliləyişlər qeydə alınıb. Mövqeyimizin zəif olduğu iki sənəddən biri ilin sonunda icra olunmuş büdcəyə, ikincisi isə rüblük büdcə icrasına dair sənəddir. Onlarda irəliləyiş nisbətən zəifdir, yaxud bəzi məqamlarda yoxdur.
Beynəlxalq Büdcə Təşkilatının qiymətləndirmə sənədlərinin, bütövlükdə bu indeksin fəlsəfəsi ondan ibarətdir ki, yalnız büdcə rəqəmlərinin açıqlanması kifayət deyil. Həm də müəyyən mənada büdcə siyasəti və onun əsaslandığı datalar detallı açıqlansın, bilinsin ki, tutalım ki, yaxın 3 ildə Azərbaycan hökuməti büdcəsini necə görür. Bu görüşlər detallı məlumatlarla açıqlanmalıdır. Bu tələblərlə bağlı Azərbaycan hökuməti xeyli işlər görüb və ümid edirik ki, görməyə davam edəcək".
İqtisadçı-alimin dediyinə görə, indeksdə Azərbaycanın ən aşağı bal topladığı meyarlar büdcə müzakirələrində ictimai iştirakçılıq və büdcə üzərində parlament nəzarətinin təmin olunmasıdır: “Ümumiyyətlə, bu indeks 3 əsas sütun üzərində qurulub: zəruri sənədlərin olması və açıqlanması, ictimai iştirakçılıq və büdcə üzərində parlament nəzarəti. Bizim mövqeyimizin ən zəif olduğu məsələ büdcə müzakirələrində ictimai iştirakçılıqdır. Ümid edirik ki, bu istiqamətlərdə də irəliləyişin şahidi olacağıq. Vətəndaş cəmiyyəti olaraq bu raunddan sonra parlamentlə işi gücləndirəcəyik”.
Qeyd edək ki, Azərbaycanda büdcə şəffaflığının və hesabatlılığının artırılması, ictimaiyyətin və vətəndaş cəmiyyəti institutlarının büdcə proseslərində iştirakının genişləndirilməsi istiqamətində addımların atılması Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 2-ci hissəsində də nəzərdə tutulub. Sözügedən Fəaliyyət Planına uyğun olaraq büdcə müzakirələrində ictimai iştirakçılığın təşviqi, büdcəöncəsi debatların və açıq müzakirələrin başlamasına imkanın yaradılması məqsədilə büdcə müzakirələrinin başlamasına 1 ay qalmış “Dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” - “İlkin Büdcə Bəyanatı” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir. Sənəddə ortamüddətli dövr üzrə makroiqtisadi proqnozlar, xərc və gəlir siyasətinin əsas istiqamətləri, dövlət borcu üzrə proqnozlar və s. ilə yanaşı, icmal və dövlət büdcəsinin növbəti il və sonrakı üç il üzrə əsas parametrləri öz əksini tapır.
Bundan əlavə, son illər növbəti ilin büdcəsi təsdiq edilməmişdən qabaq Maliyyə Nazirliyi büdcə layihəsini, ortamüddətli dövr üçün icmal və dövlət büdcələrinin əsas parametrlərini, o cümlədən makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin prioritet xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları rəsmi saytında yerləşdirərək ictimaiyyətə açıq edir. Həmçinin vətəndaşların büdcə prosesi barədə daha rahat şəkildə məlumat əldə etməsi üçün “Vətəndaşın Büdcə Bələdçisi” hər il büdcə təsdiq edildikdən sonra Nazirliyin rəsmi saytında yerləşdirilir. Büdcə layihəsinin və təsdiq olunmuş büdcənin təqdimatı ilə yanaşı, büdcənin icrası ilə bağlı aylıq, rüblük və illik hesabatlar da açıq büdcə sorğusu və digər beynəlxalq səviyyədə qəbul olunmuş fiskal diaqnostika metodologiyalarına uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən müntəzəm olaraq dərc olunur.
Məlum olduğu kimi, Açıq Büdcə İndeksinin nəticəsi həm də “Qlobal rəqabətqabiliyyətlik hesabatı”nda (The Global Competitiveness Report) bençmark olaraq nəzərə alınır. 2023-cü il hesabatında əldə olunan irəliləyiş Azərbaycanın rəqabətqabiliyyətliliyinin daha yüksək qiymətləndirilməsinə gətirib çıxara bilər.
Dünya SAKİT,
“Yeni Müsavat”
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ