Onlayn ictimai-siyasi qəzet
“Nümayəndələr Palatasında keçirilən dinləmələr birtərəfli və qərəzli idi. Dinləmələrin nəticəsi olaraq qəbul edilən qətnamə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirdi. Biz o zaman da qeyd etdik ki, bu ABŞ-nin regiondakı nüfuzuna zərbə vuran addımdır. Xüsusilə, Qafqazda ABŞ dəyərlərinə inam ciddi şəkildə azaldı”.
Bu fikirləri millət vəkili, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvü Vüqar Bayramov Musavat.com-a Prezident İlham Əliyevin ABŞ-nin Dövlət katibi Entoni Blinkenlə telefon danışığını şərh edərkən bildirib.
Millət vəkili xatırladıb ki, keçmiş "Dağlıq Qarabağ" və ətrafındakı 7 rayon 30 il işğal altında qalsa da, bununla bağlı Nümanəydələr Palatasında bir dəfə də dinləmə keçirilməyib:
“ABŞ tərəfdən Ermənistan silahlı qüvvələrini əraziləri tərk etməyə, hətta çağırış da edilməyib. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsinə baxmayaraq, qərəzli açıqlamaları müşahidə edirik. ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəngi ABŞ-nin Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini bir daha təsdiq edir. Azərbaycan regionda aparıcı dövlətdir. Qərbin Qafqazla münasibətləri və Mərkəzi Asiyaya çıxışında Azərbaycanla olan münasibətlər çox önəmlidir. Antoni Blinkenin İlham Əliyevə zəngi növbəti mərhələdə tərəflər arasında münasibətlərin yumşalmasına gətirib çıxara bilər.
Azərbaycan, ümumiyyətlə, digər dövlətlərlə də, bizə qarşı qərəzli olmayan dövlətlərlə əməkdaşlıqda maraqlıdır. Azərbaycanın öz tələbləri var. Tərəflər arasında münasibətlər birmənalı şəkildə müstəqil tərəf və ya dövlət münasibətlərinə əsaslanmalıdır. Hər halda müzakirə edilən məsələlələr, mətbuatda təqdim edilən həm rəsmi açıqlamalar, həm də təhlillər göstərir ki, ABŞ son zəngi ilə Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu nümayiş etdirməyə çalışdı. ABŞ-nin qərəzli mövqeyi aradan qalxarsa, Azərbaycana qarşı qərəzli çağırışlara son qoyularsa, tərəflər arasında münasibətlərin yenidən inkişaf edəcəyi istisna deyil”.
Nigar HƏSƏNLİ,
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ