İnsanlara hürriyət, millətlərə istiqlal!

Azər Həsrət: "İranla əlavə gərginlik istəmirik, amma haqlı narazılığımız var"  

"Hesab edirəm ki, İran prezidentlərinin, yüksək vəzifəli şəxslərinin Azərbaycan Respublikasına, həmçinin də bizimkilərin İrana səfərləri daha intensiv olmalıdır. Yəni 5-6 ildən bir deyil, ən azı ildə bir dəfə prezidentlər səfər etməlidir".

Bu barədə Musavat.com-a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib.

Siyasi şərhçinin fikrincə, eyni zamanda bir neçə dəfə müxtəlif vəzifəli, yüksək rütbəli şəxslər də səfərlər etməlidir:

"Çünki biz doğrudan da, Pezeşkianın da dediyi kimi, tarixi baxımdan iç-içə olmuş xalqlarıq. Eyni xalqın qollarıyıq, eyni coğrafiyanı bölüşürük, eyni tarixi paylaşırıq. Belə bir şəraitdə bu qədər uzaq olmaq, bir-birimizə nadir hallarda gedib-gəlmək doğru bir şey deyil.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra daim İrana xoş münasibət bəsləyib və İranla yaxınlaşmağa can atıb. Sadəcə olaraq, çox təəssüflə qeyd edirik ki, xüsusilə də Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu dövrdə İrana rəhbərlik edən şəxslər, istər dini liderlər, istərsə də prezidentlər birmənalı şəkildə Ermənistanın tərəfində olublar. Bu da bizi həm təəccübləndirib, həm də üzüb. Ona görə ki, hər şeydən əvvəl biz din qardaşıyıq. İkinci bir tərəfdən isə İran əhalisinin az qala 50 faizi türklərdir, yəni bizim eyni millətdən olan soydaşlarımızdır. Belə bir şəraitdə İranın bu cür davranışını başa düşmək əlbəttə ki, mümkün deyil.

Üstəlik, indiki şəraitdə artıq torpaqlarımızı azad etdiyimiz bir dövrdə belə, yenə də görürük ki, İran Ermənistanla iş birliyinə daha çox üstünlük verir, Ermənistana daha isti yanaşır. Təbii ki, bunu da anlamaqda çətinlik çəkirik. Ona görə də  bu vəziyyət Azərbaycan Respublikası vətəndaşlarının haqlı narazılığına səbəb olur.

Prezident seçkilərindən sonra yeni ümidlər yaranmışdı və gözlənilirdi ki, İranın yeni prezidenti ilk səfərini Azərbaycana edəcək. Bu səfər bir qədər gec baş tutdu, amma olsun, yenə də bu səfərə biz məmnunuq və düşünürük ki, xüsusilə də İranda yaşayan türklərin hüquqlarının qorunması baxımından bu səfər əhəmiyyətli olacaq.

Yəni biz İranda yaşayan, xüsusilə də azərbaycanlıların, türklərin hüquqları ilə bağlı çox narahatıq. Dövlətimiz də narahatdır, vətəndaş olaraq biz də narahatıq, cəmiyyətimiz də narahatdır.

Əlbəttə ki, bu məsələlərin masa arxasında həll olunması hər iki tərəf üçün faydalı olar.

Biz gərginlik istəmirik – nə İran üçün, nə də özümüz üçün əlavə, zərərli gərginlik arzulamırıq. Ona görə düşünürəm ki, Pezeşkianın bu səfərində hər halda Azərbaycan Prezidenti özünün ustad liderlik keyfiyyətlərindən istifadə edərək ona bu məsələlərlə bağlı fikirlərini çatdıracaq.

Yəni düşünürəm ki, Azərbaycan dövlətinin rəhbərinin fikirləri nəzərə alınarsa, İran tərəfi çox şey qazanacaq və bu da ikitərəfli münasibətləri yaxşı mənada daha yüksək səviyyəyə çıxaracaq".

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR