İnsanlara hürriyət, millətlərə istiqlal!

Azər Badamov :“Korrupsiyaya bulaşmış məmuru gec-tez cəza gözləyir”

Dövlət başçısı İlham Əliyev Göygöl, Masallı və Lerik rayonlarına təyin etdiyi icra hakimiyyəti başçıları ilə görüşündə qeyd edib ki, son illərdə rayonlarda regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülüb, böyük infrastruktur layihələri icra edilib və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxıb. Bu istiqamətdə işlər davam edir.


Dövlət başçısı deyib ki, ilk növbədə, rayonlarda vəziyyət geniş təhlil olunmalıdır, mövcud nöqsanlar aşkar edilməli və aradan qaldırılmalıdır: “Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır”. Prezident deyib ki, idarəetmədə çox ciddi islahatlar və təmizləmə işləri aparılır: “Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər. Ona görə siz dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlisiniz. Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda, qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik”.
Prezident yüksək vəzifəyə yeni təyinat alanların rəhbərlik edəcəyi rayonlarda ictimai nəzarətdən çəkinməməyə çağırıb: “İctimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi sizin işinizə kömək göstərəcək. Ona görə insanlarla bir yerdə olmalısınız, ictimaiyyətlə bir yerdə olmalısınız və biz ancaq bu yolla ölkəmizi inkişaf etdirə bilərik. Hansısa dövlət məmuru əgər öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq. İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın. Bax, mənim sizə göstərişlərim bundan ibarətdir. Mən sizdən fəal iş gözləyirəm, nəticə gözləyirəm”.
Yeri gəlmişkən, artıq neçə vaxtdır Azərbaycanda dövlət idarəetməsində ciddi islahatların aparılacağı ilə bağlı söhbətlər gedirdi. Bir-birini təkrarlayan qurumlar, o cümlədən rayon icra hakimiyyətlərinin ləğv olunacağı barədə danışılırdı. Bəzi ekspertlər dövlət qurumlarının işinin yenidən qurulmasını, yeni standartların tətbiq edilməsini vacib sayırlar. Beləliklə, dövlət başçısı cəmiyyəti narahat edən bu məsələ ilə bağlı qətiyyətli mövqeyini ortaya qoydu. Bəs görəsən, bundan sonra yerlərdə məmurlar öz vəzifələrini necə yerinə yetirəcəklər?
Mövzu ilə bağlı millət vəkili Azər Badamov Musavat.com-a bunları şərh etdi: “Prezident İlham Əliyevin cari ilin 25 iyul tarixində Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı səsləndirdiyi fikirlər və verdiyi tapşırıqlar ancaq yeni təyin olunmuş icra başçılara yox, bütün məmurlara aiddir. Hər bir məmur xalqa xidmət etməli və insanların məmnunluğunu qazanmalıdır. Təbii ki, xalqın məmnunluğunu qazanmış məmur ölkə başçısının da etimadını doğrultmuş olur. Çox təəssüf ki, bəzi hallarda təyin olunmuş dövlət vəzifəsinə təyin olunmuş məmurlar ölkə başçısının etimadını doğrultmurlar və ona görə onların barəsində tədbir görülür. Cənab Prezidentin tapşırıqları bütün icra başçıları üçün yol xəritəsi olmalıdır. İcra başçıları insanların arasında olmalı , qazi, şəhid ailələri ilə görüşməli və onları narahat edən məsələlərin həll edilməsinə çalışmalıdırlar. Rəhbərlik etdiyi rayonun iqtisadi potensialından düzgün və səmərəli istifadə edilməsi üçün tədbirlər görməlidir. Rəhbərlik etdiyi rayona investisiyalar cəlb etməli, sahibkarlığın inkişafına kömək göstərməli, yeni müəssisələrin açılmasına və insanlar üçün yeni iş yerlərin yaradılmasına çalışmalıdır. O cümlədən tikintilərin aparılmasında qanunun tələbləri gözləməli və hər bir tikinti obyekti öz təyinatı üzrə müəyyən olunmuş torpaqlarda aparılmalıdır”.
Deputat qeyd edib ki, Cənab Prezident tapşırıqları verir və sonra yoxlayır: “Harada qanun pozuntuları və xalqı narazı salan məmur müəyyən olunursa dərhal cəzalandırılır. Son vaxtlar korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində icra başçılar və digər yüksək vəzifə daşıyan məmurlar cəzalandırılıb. Hər bir məmur başa düşməlidir ki, korrupsiyaya qarşı mübarizə kompaniya xarakterli deyil. Bu mübarizə tədbirləri mütəmadi davam etdiriləcəkdir. Hardasa bir dövlət məmuru vəzifə səlahiyyətlərindən sui-istifadə edərək korrupsiyaya əl atıb pul qazanmaq istəyirsə, birinci növbədə hüquq mühafizə orqanları gözünün önünə gətirməlidir. Çünki korrupsiyaya bulaşmış məmuru gec-tez cəza gözləyir”.


Afaq MİRAYİQ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR