İnsanlara hürriyət, millətlərə istiqlal!

“AzDrama”da bədii rəhbərə qarşı “qiyam”

Xalq artisti: “Mehriban Ələkbərzadə teatrın düşmənidir”

Son bir həftədir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (“AzDrama”) baş verən qalmaqal ölkənin  gündəminə çevrilib. Məsələnin mərkəzində isə “Baş” tamaşasının hazırlıq prosesi və Mehriban Ələkbərzadənin teatrın bədii rəhbəri kimi fəaliyyəti dayanır.

Hər şey martın 5-də Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında səhnələşdirilən tamaşanın məşqlərində başlayıb. Tamaşanın quruluşçu rejissoru, “AzDrama”nın bədii rəhbəri Mehriban Ələkbərzadə Ağabəyim ağa rolu üçün teatrın gənc və istedadlı aktrisası Günəş Təqini dəvət edib. Məhz bu seçim teatr daxilində gözlənilməz etirazlara səbəb olub.

İlk etiraz edənlərdən biri Əməkdar artist Mehriban Xanlarova olub. O, müsahibəsində teatr kollektivinin böyük bir hissəsinin Mehriban Ələkbərzadənin fəaliyyətindən narazı olduğunu bildirib: "Biz Mehriban Ələkbərzadənin kollektivə yuxarıdan aşağı baxmasından, aktyorlar arasında ayrı-seçkilik etməsindən narahatıq. Prezident mükafatları və fəxri adlar üçün təqdim olunan siyahıların şəxsi münasibətlərə əsasən tərtib edilməsi bizi qorxudur. İçi mən qarışıq, həmkarlarım narahatdır ki, adlarımız siyahılardan bilərəkdən çıxarıla bilər. Biz özümüz üçün rol istəmirik. Amma teatrın bir kənarında qalmış, istedadı görməzlikdən gəlinən aktyor və aktrisalar var. Bəs niyə onlara səhnəyə çıxmaq şansı verilmir?"

Əli Nur: "Bədii Şurada mənim kimi ensklopedik aktyor olmamalıdır?" Yeni  Sabah

Xalq artisti Əli Nur isə daha sərt mövqe sərgiləyib: “Teatrda nə ağsaqqal var, nə qarasaqqal. Mehriban Ələkbərzadə teatrın düşmənidir. O, "AzDrama"nın qapısından içəri girməyə layiq deyil. Bu teatrda Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Həsən Turabov, Əliabbas Qədirov kimi sənətkarlar olub. İndi isə bizi kənara qoyub, "Yuğ" Teatrından gələn adam rəhbərlik edir. Ömür boyu teatra kənardan aktyor-aktrisa gətirib, bu da istedadsızların səhnəyə çıxmasına səbəb olub".

Əməkdar artist Münəvvər Əliyeva isə sosial şəbəkədə sərt paylaşımı ilə diqqət çəkib: ""AzDrama"da repressiya dövrü davam edir. Aktyorlarımız, bəs siz niyə susursunuz? Səhnədə göstərdiyiniz cəsarətdən həyatınıza da pay düşməyəcək? Teatr həyatın kiçik modelidirsə, bu susqunluq nə üçündür?"

Mehriban Ələkbərzadə: 65 yaşdan yuxarı işçilərlə müqavilə gündəmin ən çətin  məsələsidir – MÜSAHİBƏ - AZƏRTAC

Mehriban Ələkbərzadə

“AzDrama”nın bədii rəhbəri Mehriban Ələkbərzadə isə  açıqlamasında ittihamlara cavabında teatr daxilində islahatların aparılmasının vacibliyini vurğulayıb: "Teatr əxlaqına görə daxildə baş verənlər kənara çıxmamalıdır. Narazı olanlar üçün qapım açıqdır. Yeni nəsil gəlməlidir. 60 yaşlı adamın 20 yaşlı rolu oynaması gülməlidir. Bu şounun nöqtəsi qoyulmalıdır".

O əlavə edib ki, Günəş Təqin dəvətli aktrisa deyil, artıq teatrın rəsmi əməkdaşıdır. Bundan əlavə, “Baş” tamaşasında kastinq yolu ilə seçilmiş beş tələbə-aktyor da iştirak edəcək. Onlar həm epizodik, həm də kütləvi səhnələrdə yer alacaqlar: “Teatrımızın aktyor bazasını gəncləşdirmək və yeniləmək üçün bu addımları atırıq. Bu proses gələcəkdə də davam edəcək”.

Teatr rəhbərliyi baş verənlərə münasibət bildirərək qeyd edib ki, son iki ildə "AzDrama" bir sıra uğurlara imza atıb. Məsələn, Aleksandrinski Teatrında “İblis və...” tamaşasının premyerası keçirilib, Belarus və Gürcüstan milli teatrları ilə memorandumlar imzalanıb və 2025-ci ildə qastrol səfərləri planlaşdırılıb. Rəhbərlik bəzi aktyorların narazılığını yaşlı nəslin gənclərə qarşı qısqanclığı kimi qiymətləndirib: “Bu etirazları konkret şəxsə - Mehriban Ələkbərzadəyə yönəltməkdənsə, teatrımızın uğurlarını təbliğ etmələrini arzu edərdik”.

“AzDrama”da yaşanan bu qalmaqal gənc və yaşlı nəslin qarşıdurmasını, yaradıcı kollektivdəki gərginliyi və islahatlara qarşı münasibətləri bir daha üzə çıxardı. Qalmaqalın necə sonlanacağı isə hələ də açıq qalır.

Xatırladaq ki, Mehriban Ələkbərzadə 2023-cü ilin may ayından etibarən Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib. O, 2017-22-ci illərdə Azərbaycan Dövlət “Yuğ” Teatrının baş rejissoru kimi fəaliyyət göstərib. 2022-ci ildən 2023-cü ilin may ayına kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində çalışıb.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR