İnsanlara hürriyət, millətlərə istiqlal!

Azalmayan bank faizləri - hamını narahat edir, amma...

Uzun illərdir Azərbaycanda bank faizlərinin həddindən artıq yüksək olması ilə bağlı narahatlıqlar ifadə olunur, bunun fəsadlarından, iqtisadiyyata, sahibkarlığa və vətəndaşlara vurduğu ziyanlardan danışılır. Hətta dövlət bank faizlərinin azaldılmasını banklar qarşısında şərt kimi qoysa da, buna demək olar ki, real əməl edən yoxdur.

“Azərbaycanda bank faizləri soyğunçu xarakter daşıyır”. Bunu millət vəkili Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib: “Hazırda ölkədə kredit faizləri ikirəqəmlidir və bu vəsaitləri real sektora qoymaq mümkün deyil. Bunlar ancaq ticarətdə 2-3 aylıq müddətdə effekt göstərə bilər. Amma istehsala qoyula bilməz. Bu baxımdan, Azərbaycan Mərkəzi Bankı inflyasiyanı endirirsə, bank faizləri də aşağı enməlidir”. Bank faizlərinin çoxluğu səbəbindən problemli kreditlər də artıb.

Bu prosesi necə tənzimləmək olar? Bir-birinin ardınca banklar bağlanır, rəqabət azalırsa, problemi başqa hansı yollarla həll etmək olar? Çıxış yolu nədir? Ölkəyə xarici bankları cəlb etmək variantını gözdən keçirmək olarmı?

Pərviz Heydərov: Müxtəlif dövlət strukturlarının cəlb etdiyi vəsaitə  diqqəti artırmalıyıq - 14.12.2016, Sputnik Azərbaycan

Pərviz Heydərov: “Kreditlərin geri qaytarılması müddəti minimum təşkil etməlidir”

İqtisadçı-ekspert Pərviz Heydərov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, ölkədə bankların təklif etdikləri kredit faizlərinin yüksək olması yeni problem deyil, neçə illərdir eyni vəziyyət hökm sürür: “Bu da onu göstərir ki, məsələnin həlli yolu demək olar, yoxdur. Yəni nəzərə alsaq ki, bankların gəlir mənbəyi, sərbəst vəsaitləri özlərinə cəlb edərək ondan gəlir götürmə vasitələri kreditdir, sözügedən vəsaitləri müəyyən dividentlər müqabilində yenidən dövriyyəyə buraxmaqdır, o zaman hansı bank istəyər ki, bunu özünə sərf edən formada deyil, məhz əksinə həyata keçirsin. Əlbəttə, heç bir bank... Bəs niyə kredit faizləri yüksəkdir?! Ona görə ki, kreditlərin geri qaytarılmaması ehtimalı böyükdür, tələb olunan kreditləri vermək üçün yetərincə pul yoxdur, verilən kreditlərdən gəlir götürmək imkanları məhduddur və sair... Bunların həlli təkcə banklardan asılı məsələlər deyil axı. İqtisadiyyatın real sektorunda risklilik səviyyəsi aradan götürülməlidir. Kreditlərin geri qaytarılması müddəti minimum təşkil etməlidir. Ortada müvafiq sığorta komponentləri və mexanizmi mövcud olmalı, fəaliyyət göstərməlidir. Hansı bankı məcbur etmək olar ki, tutaq, kənd təsərrüfatı istehsalçısına ucuz kredit versin?! Özü də əhalidən cəlb etdiyi sığortası 12%-ə yaxın təşkil edən əmanət resursları hesabına. Sabah o əmanətçi pulunu tələb edəndə necə olacaq?! Bank deməlidir ki, dayan gözlə, mövsüm yaxşı keçməyib, kənd istehsalçısı məhsul əldə edə bilməyib?! Bütün bunları nəzərə almaq vacibdir. Yəni kim istəməz ki, gəlir götürməsin və yaxud kim istəyər malını hədsiz baha təklif etməklə alıcısını qaçırtsın. Biz banklarımızın maliyyə imkanlarından, likvidliyindən danışanda qeyd edirik ki, hər şey yaxşıdır. Banklardakı sərbəst vəsaitlərin çox hissəsini əmanətlər təşkil edir. Mərkəzi kredit resurslarının həcmi əhəmiyyətli şəkildə deyil. Bütün bu məsələlər həllini tapmalıdır. Banklar sərbəstliyə öyrənməlidir, sektorda rəqabət olmalıdır”.

UNEC – Azərbaycan Dövlət İqtisad Universiteti — i.f.d., müəl. Atakişiyev  Ruslan Bahiyəddin

Ruslan Atakişiyev: “Elə təbliğat aparılır ki, artıq insanlarda psixoloji olaraq kiçik banklardan böyük banklara doğru meyllənmə yaranır”

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev də mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycanda bank sektorunda faiz dərəcəsinin yüksək olması ilə bağlı problem çoxşaxəlidir: “Bu gün Azərbaycanda ilk beşlikdə olan bank var ki, bunlar ümumilikdə bank sektorunun demək olar ki, aktivlərinin 70 faizə qədər bir hissəsini əhatələndirməkdədir. Bu gün ölkədə 23 bankdan 17-si 30 faizdən çox paya malikdir. Bu, həmin bankların kiçik həcmli olmasını göstərir. İkincisi, bu onu göstərir ki, bank sektorunun özündə bir monopoliyalaşma var. Bu sektorun sistem, qeyri-sistem banklara ayrılmasının özü,  təbliğatın bu şəkildə aparılması kiçik banklara olan marağı, eləcə də insanlarda etimadı azaldır. Avtomatik olaraq da belə bir təbliğat hiss olunur ki, artıq insanlarda psixoloji olaraq kiçik banklardan böyük banklara doğru meyllənmə yaranır. Bu da onların fəaliyyətinə təzyiqlər yaradır. Avtomatik olaraq onların bağlanması üçün şərait yaranır. Bunun özündə süni meylləndirmə var”.

Ekspert əlavə edib ki, bank sektorunda hazırda risklər ötürülür: “Yəni daha çox faiz dərəcəsinin yüksək olmasının səbəbləri sektor üzərində risklərin yüksək olmasından irəli gəlir ki, bu riskləri aradan qaldırmaq  üçün yüksək faiz dərəcəsinə gedilir. Bu gün bankların fəaliyyət alətləri bizdə azdır. Ancaq kreditləşmənin üzərində qurulub. Burada, ümumiyyətlə, xarici bankların gətirilməsi baxımından da ölkədə maliyyə alətlərinin sayı artırılmalıdır. Maliyyə alətləri içərisində kapital bazarının inkişafı, alternativ maliyyə alətlərinin inkişafı, o cümlədən islam maliyyə alətlərinin də bazara gətirilməsinə ehtiyac var. Bu alətlər inkişaf etdirildikcə, mühitin inkişaf etməsi üçün daha geniş şərait yaradılmaldıır ki, faiz dərəcələri avtomatik olaraq yaranan mühitdən bazarın tələb-təklifi əsasında özü aşağı düşsün. Bu gün onu təzyiqlə aşağı salmaq risklərin daralmasına gətirib çıxarar. Çünki Mərkəzi Bankın özünün idarəçiliyi də istər-istəməz risklərin artmasına gətirib çıxarır. Bu necə idarəçilikdir? Mərkəzi Bank banklardan tələb edir ki, yüksək likvidlik olsun. Bunun üçün də qoyulmuş kapitalın qayıtması lazımdır, onların daha likvid yerlərdə yerləşdirilməsi lazımdır. Ona görə biz çox vaxt problemlə üzləşirik”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR