Onlayn ictimai-siyasi qəzet
44 günlük İkinci Qarabağ müharibəsi dövründə yaddaqalan məqamlardan biri də ölkə boyu hər yerdə - küçələrdə, binalarda, müxtəlif tədbirlərdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı üçüncü ölkənin də bayrağının qaldırılması idi. O bayraq Pakistanın idi. Pakistan 1990-cı illərin əvvəllərində Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət idi.
Pakistan həmçinin Azərbaycanın bəzi ərazisini işğal etməsi faktına görə uzun illər Ermənistanı tanımayıb və onunla diplomatik əlaqələr qurmayıb. İkinci belə ölkə Türkiyədir. Rəsmi olaraq Pakistanı azərbaycanlılara və Azərbaycana yaxın edən təkcə dini və mədəni yaxınlıq deyil, hər iki ölkənin qarşılaşdığı siyasi problemlər də bənzərdir. Ona görə Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyib. Bu mövqe ədalət, beynəlxalq hüquq və qardaşlıq əlaqələrimizə əsaslanır. İndoneziyadan sonra Pakistan ən böyük əhalisi olan (250 milyon) ikinci müsəlman dövlətidir.
1993-cü ilin aprelində, Kəlbəcərin işğal olunması məsələsi BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılarkən Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən 822 saylı qətnamənin qəbul edildiyi iclasa məhz Pakistan sədrlik edib. Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələr Pakistanın dəstəyi ilə qəbul olunub.
Azərbaycan Xarici İşlər Nazirliyi iki ölkə arasında hərbi əməliyyatların başlamasından sonra verdiyi bəyanatda Hindistanın Pakistan İslam Respublikasına qarşı hərbi hücumları pislədi. Rəsmi Bakı Pakistan xalqı ilə həmrəy olduğunu bildirdi.
Azad Vətən Partiyasının sədri Akif Nağı hesab edir ki, Pakistanın Azərbaycanla hər zaman xoş münasibətləri olub: “İkinci Qarabağ savaşında da bu dostluq tam şəkildə özünü göstərdi. Müharibə gedişində ölkəmizə tam dəstək verdilər. Hələ savaş başlayanda Ermənistanla bütün əlaqələri kəsdilər və açıq şəkildə bildirdilər ki, Ermənistan adında dövlət tanımırıq. Ona görə də, bu məsələdə təbii ki, Azərbaycan Pakistanın yanında olmalıdır.
Amerika zamanında Pakistanın arxasında dayanırdı. SSRİ isə Hindistanla ənənəvi dostluq münasibətləri saxlayırdı. Amma 90-cı illərdən vəziyyət dəyişdi, Pakistan ABŞ-dan uzaqlaşdı, Türkiyə və Azərbaycanla yaxın əlaqələr qurdu. Daha sıx şəkildə müsəlman-türk birliyinə yaxınlaşdı. Hazırda ölkələrarası böyük bir konfliktin yaranması gözlənilmir. Amerikanın marağı ola bilər ki, bu gərginliyi silahlı qarşıdurmaya çevirsin, regionda münaqişə ocağı yaratsın. Pakistan və Hindistanda nüvə başlıqları demək olar ki, eynidir. Əhali cəhətdən Hindistan kifayət qədər irəlidədir. Silahlı qüvvələrin sayı da Hindistanın xeyrinədir. Amma sərhəd qarşıdurmasında məhdud kontingent iştirak edir. Burada Pakistan ordusunun üstünlüyü var. Sərhəd keçid məntəqələrində Hindistan ağ bayraq qaldırıb, danışıqlara getmək istəyir. Hərbi cəhətdən Pakistan Hindistandan üstündür. Bu baxımdan böyük ehtimalla məsələ yenidən sakit məcraya qayıdacaq".
Məhəmməd Əsədullazadə
MCP-nın sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Pakistanın heç bir halda Hindistan qarşısında geri çəkilməyəcəyini qeyd etdi: “Pakistanla Azərbaycan arasında dostluq münasibətləri uzun illərdir ki, davam edir. İki ölkə arasında hərbi texniki, təhlükəsizlik, müdafiə, humanitar və digər sahələrdə əməkdaşlıq uğurla davam edir. Pakistanın Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycana siyasi dəstəyi sarsılmaz olub. Azərbaycan xalqı daima bu dəstəyi görüb və bu ölkəni qardaş kimi qəbul edir. Pakistanda hökumətlərin tez-tez dəyişməsinə baxmayaraq daima Azərbaycanla eyni xətt üzrə əməkdaşlığı inkişaf etdirirlər. Pakistan-Azərbaycan əlaqələri günün reallığıdır və bu əlaqələr digər ölkələr üçün də nümunə ola bilər. İki ölkə arasında növbəti mərhələdə strateji müttəfiqlik müqaviləsinin bağlanmasına ehtiyac var. Ölkələrarası münasibətlərin dinamikası yeni dünya siyasi nizamı müstəvisində uğurla davam edəcək. Pakistan uzun illərdir ki, Hindistanın işğalı və hərbi təhdidləri ilə üzləşib. Azərbaycan xalqı bu müharibədə qardaş Pakistanın yanındadır. Bu gün Hindistan təkcə Cənubi Şərqi Asiyada təhlükəsizliyi təhdid etmir. Cənubi Qafqazda Ermənistanı silahlandırmaqla regionda sülhə mane olur. Hindistan təcavüzkar ölkə kimi çıxış edərək, beynəlxalq təhlükəsizliyə mane olur. Xüsusilə Hindistan son illərdə hərbi texniki və iqtisadi cəhətdən müəyyən inkişafa nail olub. Baş nazir Modi millətçi və islamafob sistem qurub.
Hindistan iqtisadiyyatı və hərbi sənayesinin inkişafı millətçi Modini Pakistana qarşı hərbi əməliyyatlar keçirməyə sövq edib. Həmçinin Pakistan və Çin əlaqələrinə zərbə vurmağa çalışır. Bununla regionda öz mövqeyini gücləndirməklə, beynəlxalq aktor olmağı hədəfləyir. Bunun üçün Pakistan üzərində hərbi qələbəni təmin etməyə çalışır. Amma baş verəcək müharibə hər iki tərəfin üstünlük əldə etməsinə gətirib çıxarmayacaq. Əgər Hindistan Pakistana quru əməliyyatları həyata keçirərsə, müəyyən ərazilərdə irəliləyişlər əldə edərsə, Çin müharibəyə qarışa bilər. Çin və Türkiyə bu müharibədə Pakistanın məğlub olmasına imkan verməyəcək. Hindistan bu müharibəni davam etdirsə də, məğlub olan tərəf olacaq. Pakistan bu hərbi eskalasiyada Azərbaycan dövlətinin dəstəyini görür. Bu məsələnin beynəlxalq müstəviyə daşınması və Pakistana dəstəyin verilməsi istiqamətində mühüm addımlar atılır. İki ölkə arasında əlaqələrin inkişafı istiqamətində mühüm addımlar bundan sonra da atılacaq. Pakistan nüvə silahı olan yeganə müsəlman ölkəsidir. Azərbaycan gələcəkdə nüvə sahəsində işlər həyata keçirərsə, Pakistan bu istiqamətdə Azərbaycana ciddi dəstək verəcək. Yeni dünya siyasi nizamında dövlətlərin bir-birilərinə sarsılmaz dəstəyi labüddür. Pakistanın Ermənistanı uzun illər işğal faktoruna görə tanımaması yalnız qardaşlara xasdır. Məhz rəsmi İslamabad qardaşlıq nümunəsi kimi çıxış edir. Pakistanın bu çətin günlərində Azərbaycan bütün sahələrdə qardaşının yanındadır".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
09 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ