İnsanlara hürriyət, millətlərə istiqlal!

“Avtosalon işi”ndə milyonluq dələduzluq: 14 nəfər aldanıb

Bakıda 14 nəfəri ümumilikdə 1 milyon manat məbləğində zərərə salmaqda ittiham olunan Kamil Habilli və Fərid Cəlalovun cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə Kamil Habilli və Fərid Cəlalovun cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib.

Məhkəmə istintaqı çərçivəsində şahid ifadələri dinlənilib.

İclasda şahid qismində dindirilən Vüsal Abbasov ifadəsində bildirib ki, hazırda avtomobil salonunda çalışır və əsas vəzifəsi avtomobillərin alınması ilə bağlı əməliyyatları həyata keçirməkdir. Onun sözlərinə görə, "Hundai İX 35” markalı avtomobil əvvəllər Ramin adlı şəxsə məxsus olub və daha sonra Bilal Muradzadəyə satılıb. Lakin Vüsal Abbasov qeyd edib ki, Bilal Muradzadənin salonla əlaqədə olduğunu şəxsən görməyib, çünki işin xarakterindən irəli gələrək, daim salonda olmurdu.

Şahid bildirib ki, salonla bağlı maliyyə məsələlərində əmək haqqısı Kamil Habillinin atası tərəfindən ödənilirmiş. Avtomobillərin alqı-satqısı zamanı etibarnamələrin alınması işini də bəzilərini özü yerinə yetirib. Onun ifadəsinə əsasən, Fərid Cəlalovla şəxsi və ya işgüzar səviyyədə avtomobil satışı ilə bağlı birbaşa təması olmayıb. Eyni zamanda, şahid salonun fəaliyyəti dövründə Yusif və Hacı adlı şəxslərin gəlib pullarını tələb etdiklərini də müşahidə etdiyini bildirib.

Zərərçəkmiş Elşən Rüstəmov “Prado” markalı maşın üçün 20 min 500 manat məbləğində Nicat adlı şəxsə pul verdiyini deyib.

Məhkəmə iclasında əlavə sübutlar da araşdırılıb.

İclasda, həmçinin, təqsirləndirilən şəxslər arasında baş tutmuş söhbətlərə dair səs yazıları dinlənilib.

Prosesin davamı zamanı ifadə verməli olan şahidlərdən birinin məhkəmə iclasında iştirak etməməsi səbəbilə növbəti baxış iyulun 31-nə təyin edilib.

Qeyd edək ki, cinayət işi üzrə 14 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və onlara ümumilikdə təxminən bir milyon manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilib. İstintaq materiallarına əsasən, Kamil Habilli və Fərid Cəlalova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) ilə ittiham irəli sürülüb.

İnarə Hünbət,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR