İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtomobillərlə bağlı MÜHÜM QƏRAR - Qiymətlər artdı

“Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik edilib. Daxili işlər naziri Vilayət Eyvazov dəyişiklik barədə müvafiq qərar imzalayıb. Qərarla nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, “Tullantılar haqqında” qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır. Bununla yanaşı, dövlət texniki baxışının həyata keçirilməsi zamanı dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödənilməlidir. Qərar respublika daxili işlər orqanlarında elan edilib və sənədlə bağlı bənd 2024-cü il fevralın 1-dən qüvvəyə minir.

Utilizasiya haqqı nə qədər olacaq? Bu dəyişiklik özündə nəyi ehtiva edir?

ASLAN .png (323 KB)

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Musavat.com-a mövzu ilə bağlı bunları deyib:

“Daxili İşlər Nazirliyinin təlimatına əsasən, avtomobillər texniki baxış və müayinə ərazilərinə göndərilir. Avtomobilləri texniki baxışdan keçirən zaman əlavə olaraq utilizasiya haqqı da ödənəcək. Qanun 1 fevraldan qüvvəyə minəcək. Rüsum isə belədir: istehsal tarixi 1-10 il aralığında olan avtomobillər 10 AZN, 11-20 il olan avtomobillər - 20 AZN, 21-30 il olan avtomobillər - 30 AZN, ili 31 və daha yuxarı avtomobillər isə 40 manat utilizasiya haqqı ödəyəcəklər. Yəni bu, əslində texniki baxış üçün olan qiymət sayılır ki, bunun məbləği artıb. Burada dövlətin konkret məqsədi var, bu da qarşıda görüləcək planlardan xəbər verir. Ölkədə kifayət qədər iri, köhnə avtomobillərin sayı təqribən 50 faizdən yuxarıdır, bu da yaşı 10-dan çox olan avtomobillərdir. Ölkə yenilənməyə doğru getməlidir. Digər inkişaf etmiş ölkələrdə artıq elektromobillər var və onların faydaları var. Amma biz hələ də avtomobilləri müəyyən ölkələrdən gətirməklə ölkənin avtomobil parkını “ölüxana”ya çevirmişik. Ona görə də bunun iki həlli yolu var. Birinci yolu, dövlət avtomobillərlə bağlı elə bir şərtlər qoyur ki, artıq ölkədə yeni avtomobillər idxal olunur. Sahibkarların köhnə, iri maşın almağa biznes baxımından həvəsləri qalmır. Baxmayaraq ki, onların müəyyən güzəştləri ola bilər, detalları ucuz tapıla bilər və sairə. Digər tərəfdən, elə rüsumlar tətbiq etmək, elə yöndə iş görmək olar ki, ölkədə olan köhnə ehtiyat hissələri xaricə daşınsın. Bizim üçün bu potensial var. Mərkəzi Asiya ölkələrində, Rusiyanın ölkəmizə yaxın olan ərazilərində, qonşu İranda bu tip avtomobillərin ehtiyat hissələrinə daha çox ehtiyac var. Ona görə tənzimlənmənin iki yolu var. Bunu mən təklif vermişdim, burada əhəmiyyətli məsələ odur ki, yararsız detalları da satışa çıxara bilərik. Bunun hesabına artıq yenilənmə baş verə bilər. Son 2-3 il ərzində ölkəyə gətirilən, idxal olunan avtomobillərin böyük əksəriyyəti elektromobillərdir. Yaxud daha az sərfiyyata səbəb olan avtomobillərdir. Bu, ekoloji cəhətdən həm sahibkarın, həm istismar edənin, həm də istifadə edənin tələbatına uyğundur”.

SAHİB.jpg (123 KB)

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov da mövzu ilə bağlı fikrini bildirib.

O deyib ki, istehsal müddəti 4 ili keçən avtomobillər texniki baxışdan keçərkən buraxılış ilinə uyğun olaraq utilizasiya haqqı ödəməli olacaq:

“Qanunun tətbiqinə 1 fevral 2024-cü ildən başlanılmalıdır. Tariflər hələ təsdiq olunmayıb (ya olunub, sadəcə mən tapa bilmədim). Amma çox ciddi məbləğdən söhbət gedir. İdxal edərkən ödənişlə, texniki baxış zamanı ödənişin ayrı-ayrı olması halında ikinci halda rüsum az da ola bilər. Hər halda ikinci əl bazara ciddi təsiri olacaq”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR