Onlayn ictimai-siyasi qəzet
Yeni avtomobillərdə mövcud olan ekran-monitor sistemindən əksər sürücülər yol gedərkən, kino, musiqi, videogörüntülərə baxmaq üçün istifadə edir. Bu həm onların, həm də digər yol nəqliyyatı iştirakçılarının həyatını təhlükə altında qoyur.
Bəs bu haqda təhlükəsizlik ekspertləri nə deyir?
“Yeni Sabah”a məsələni şərh edən Elmar Nurəliyev deyib ki, avtomobillərdə quraşdırılan məlumatlandırma-idarəetmə monitorları təyinatı üzrə istifadə olunmalıdır:
“Kinoya baxmaq, sürücünün diqqətini yayındıracaq hər hansı hərəkət etmək yolverilməzdir. Nəqliyyat vasitəsini idarə edən şəxs bu hüquqa sahib olan biridir, sürücülük vəsiqəsi, bilik-bacarığı var. Buna görə də avtomobili idarə etmək üçün hüququ yaranıb.
Hər bir sürücü bilməlidir ki, monitora baxıb hər hansı fikir yayındıracaq hərəkətlərə yol vermək olmaz. Sükan arxasında olan şəxslər son dərəcə diqqətli olmalı və yola fokuslanmalıdır. Çünki təhlükə riski ola, yəni piyada nəqliyyat vasitəsinin qabağına çıxa, nəyinsə avtomobilin üzərinə aşma ehtimalı ola bilər və s. Sürücü bu məsuliyyəti mütləq dərk eləməlidir. Qəza və can itkisi olduğu zaman nəinki inzibati, eyni zamanda, cinayət məsuliyyəti də yaranır. Bunu dərk edən sürücü heç vaxt avtomobildə quraşdırılan cihazlardan digər məqsədlər üçün istifadə etməməlidir.
Demək olar ki, müasir avtomobillərin hamısında ekran-monitor sistemi mövcuddur. Bunun müsbət tərəflərindən yararlanmaq lazımdır”.
Digər ekspert - Orxan Musayev isə ekran-monitorların əsas istifadə qaydasından danışıb və bu barədə maarifləndirici işlərin aparılmasının zəruriliyini vurğulayıb:
“Avtomobil idarə edərkən təhlükəsizlik qaydalarına riayət edilməsi baş verə biləcək qəza hadisələrinin qarşısını almaq üçün xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, avtomobil idarə edərkən riayət olunması vacib olan bir sıra təhlükəsizlik qaydaları mövcuddur. Təhlükəsizlik kəmərindən istifadə edilməli, idarəetmə zamanı sürət həddi aşılmamalı, spirtli içki qəbul etdikdə sükan arxasına keçilməməli, digər nəqliyyat vasitələri ilə olan ara məsafəsinə diqqət olunmalı, avtomobilin texniki sazlığı, xüsusilə əyləc sistemi yoxlanışdan keçirilməlidir.
Avtomobil idarəsi zamanı mobil telefon, planşet və digər elektron cihazlardan istifadəyə yol verilməməlidir. Bəzi hallarda avtomobilin ön hissəsində yerləşən monitorda film, kino, diqqət yayındıcırı hər hansı üsullarla baxılır. Bu da təbii ki, beynəlxalq təcrübədə yolverilməzdir.
Bir sıra ölkələrdə bu ekranlarda idarəetmə zamanı filmlərə, videogörüntülərə baxılması cərimə ilə nəticələnə bilir. Beynəlxalq təcrübədə bu sistem mövcuddur. Ölkəmizdə bununla bağlı hər hansısa bir cərimə, məhdudiyyət olmasa belə, təhlükəsizlik qaydaları baxımından bu hallara yol verilməməlidir. Diqqət yayındıran bütün növ vasitələr istifadə olunmamalıdır.
Avtomobillərdə ekran-monitor sisteminin quraşdırılmasında əsas məqsəd naviqasiyadan istifadə etmək, avtomobilin ümumi vəziyyəti barədə məlumatlarla tanış olmaq, kamera sisteminə nəzarət etməkdir. Ölkəmizdə bununla bağlı maarifləndirmə işlərinin aparılmasına kifayət qədər ehtiyac, zərurət var. Çünki bəzi hallarda insanlar bu barədə məlumatsız olurlar və buna görə də fikir yayındıran hallara qarşı öncədən tədbir görə bilmirlər.
Avtomobil idarə edərkən insan özünü və digər şəxsləri təhlükəyə məruz qoymamalıdır. Təhlükəsizlik qaydaları daim prioritet məsələ olmalıdır. Ümumiyyətlə, yol hərəkəti qaydaları ilə əlaqədar beynəlxalq təcrübəyə əsaslandırılmış formada yeni tətbiqlər təmin olunmalı, maarifləndirici xarakter daşıyan işlər aparılmalıdır. Bu işlər isə xüsusilə elektron cihazların avtomobildə istifadəsini əhatə etməlidir. Çünki sürücülər bu barədə məlumatsızdırlar”.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ