Onlayn ictimai-siyasi qəzet
Gələn il qaz bazarında şərtlər necə dəyişəcək?
Avropa İttifaqının qaz anbarlarında qazın həcmi sentyabrın sonundan dekabrın ortalarına qədər 19 faiz azalıb. "Financial Times" Avropa qaz operatorları assosiasiyasının məlumatlarına istinadən yazır ki, bu, son üç il ərzində maksimum istifadədir. Əvvəlki iki ildə eyni dövrdə havanın temperaturunun artması və qiymət artımı ilə əlaqədar müəssisələrdən tələbin azalması səbəbindən anbarlarda ehtiyatların azalması 10 faizdən az olub.
Aİ-nin qaz anbarları hazırda 75 faiz doludur ki, bu da son on ilin orta göstəricisindən bir qədər yüksək olsa da, 2023-cü il dekabrın ortalarındakı 90 fazilik həddən ciddi şəkildə aşağıdır. FT qeyd edir ki, Avropa Asiya alıcıları tərəfindən artan rəqabət fonunda LNG idxalını azaldıb. Dekabrda terminallardan Avropa qaz ötürmə sisteminə LNG daxilolmaları son üç ildə buayın ən aşağı göstəricisidir. Hazırda maye qazın yenidən qazlaşdırılması və daha sonra Avropa boru kəmərlərinə vurulması gücü maksimumun 44 faizi ilə yüklənib.
Son 2 ildə avropalılar isti qış və aşağı sənaye tələbi sayəsində qaza qənaət edə bildilərsə, bu il vəziyyət dəyişib. Buna ilk növbədə hava şəraiti səbəb olub. Bu qış havalar əvvəlki 2 ildəkindən daha tez və daha kəskin soyuqlaşıb, şaxtalı günlərin sayı artıb. İkincisi, günəş və külək enerjisi istehsalı üçün əlverişli olmayan tutqun və durğun günlərin sayı da artıb. Belə günlərdə qaz elektrik enerjisi istehsal edən yeganə mənbəyə çevrilir.
Bütün bunların fonunda yanvarın 1-dən Rusiyadan Ukrayna üzərindən boru qazı nəqlinin dayandırılması Avropa üçün heç də yaxşı perspektiv vəd etmir. Doğrudur, Ukrayna üzərindən qaz alan əsas ölkələrdən biri olan Avstriya artıq digər mənbələrdən təminatı yoluna qoyaraq noyabrdan Rusiya qazının alışını dayandırıb. Eyni zamanda Macarıstan Türk axını ilə qaz alışını davam etdirmək imkanı qazanıb. Lakin aydın məsələdir ki, illik həcmi 15 milyard kubmetrdən çox olan qaz nəqlinin tam dayanmasının Aİ-nin ehtiyatlarına mənfi təsiri mütləq olacaq: Asiyadan alışların sürətlə artdığı maye qazın Avropadakı alıcıları da artır. Bu isə anbarlardan istifadənin daha da sürətlənməsini stimullaşdıracaq.
Bu ilin 11 ayında sanksiya təzyiqlərinə və Aİ-nin Rusiya qazından asılılığı azaltmaq cəhdlərinə baxmayaraq, Rusiyadan qaz alışı 18-20 faiz artıb. Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak açıqlayıb. Onun sözlərinə görə, 11 ayda Avropa Rusiyadan təxminən 50 milyard kubmetr maye(LNG) və boru qazı alıb.
"Eurostat"ın məlumatlarına görə, Aİ oktyabr ayında Rusiyadan 2023-cü ilin noyabr ayından bu yana maksimum məbləğdə, yəni 701,5 milyon avro dəyərində LNG alıb. Bu məbləğin yarıdan çoxu Fransadandır. 2024-cü ilin yanvar-oktyabr aylarının nəticələrinə əsasən, Avropa İttifaqı Rusiyadan boru kəməri qazına görə 2023-cü ilin eyni dövründəki 6,9 milyard avroya qarşı 6 milyard avrodan çox, Rusiya LNG-si üçün isə 6,7 milyard avroya qarşı 5,7 milyard avro ödəyib.
Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında Ukrayna üzərindən qaz nəqlinə dair yeni müqavilənin olmayacağını elan edib. Ukrayna prezidenti Volodimir Zelenski də yeni müqavilənin imzalanmasının mümkün olmadığını açıqlayıb. Bu isə prosesin geridönməz xarakter almasından xəbər verir.
Ötən il Avropada istilik mövsümü 2024-cü il martın 31-də başa çatıb. O zaman anbarlarda 58,34 faiz qaz vardı. Bu il Avropanın anbarlardan istehlakı artırması gələn il üçün ciddi risklər yaradır. Qarşıda qışın ən soyuq hava şəraiti olan yanvar-fevral ayları var. Bu isə istilik mövsümünün sonuna anbarlarda ehtiyatların 40 faizə qədər azalması təhlükəsini yaradır. Belə olarsa, 2025-ci ilin yayında qaz ehtiyatlarının doldurulması prosesi xeyli bahalaşa və mürəkkəbləşə bilər.
Bazarda treyderlər artıq ən pisə hazırlaşırlar: gələn yay çatdırılması üçün qazın qiymətləri qış təchizatı qiymətlərindən daha sürətlə bahalaşır. Bu, bazarların qıtlıq və ehtimal ki, daha çox qiymət artımı gözlədiyinə işarədir.
Bəzi Aİ ölkələri ehtiyatlarını digərlərindən daha tez tükəndirir. Məsələn, Hollandiya qışın əvvəlindən anbarlar qazın təxminən üçdə birini, Fransa isə 28 faizini itirib. Qış uzun və sərt keçsə, belə nümunələr daha çox olacaq.
Noyabrda Avropada qazın orta alış qiyməti 1 min kubmetr üçün 491 dollar təşkil edib, dekabrın ötən dövründə isə təxminən 483 dollardır.
Ukrayna üzərindən nəqlin dayanması ilə yanaşı, Rusiyadan Avropaya maye qaz ixracının da dayandırılması ehtimalı var. Bu, Aİ-nin Rusiyaya qarşı 16-cı sanksiya paketində əksini tapa bilər. Eyni zamanda ABŞ-ın yeni sanksiyalarında da Rusiya maye qazına qarşı bəndlərin olacağı gözlənilir. Belə ki, "The Washington Post"un yaydığı məlumata görə, ABŞ prezidenti Co Bayden səlahiyyətlərinin son həftələrində Rusiyanın enerji sektoruna qarşı genişmiqyaslı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Mənbələrin bildirdiyinə görə, belə bir qərarın Rusiya ilə mümkün nizamlanma danışıqları zamanı “seçilmiş prezident Donald Trampın gələcək komandasına daha çox təsir rıçaqları vermək” üçün verilməsi nəzərdə tutulur. Sanksiyaların Rusiya neftini qeyri-Qərb ölkələri ilə daşıyan xarici gəmiləri, habelə hələ də sanksiyalar siyahısına daxil edilməyən Rusiya maye qaz və neft ixracatçılarını hədəf alacağı gözlənilir.
Nəşrin həmsöhbətlərinin fikrincə, mümkün variantlar arasında banklara Rusiyanın enerji resursları ilə əməliyyatları həyata keçirməyə imkan verən lisenziyanın ləğvi də var.
Xatırladaq ki, noyabrın sonunda ABŞ "Qazprombank"a qarşı sanksiyalar tətbiq edib. 2022-ci ildən sonra Rusiya qazı və nefti üçün xarici ödənişlər yalnız bu bank vasitəsilə həyata keçirilirdi. Bundan sonra Macarıstan və Türkiyə sanksiyaların onlara mənfi təsir etdiyini bəyan edərək, ABŞ-dan Rusiya qazı üçün ödəniş edərkən "Qazprombank"a istisna edilməsini istəyiblər. Ötən həftə ABŞ 3 ay müddətində belə ödənişlər üçün istisna tətbiq edib. Bu isə o deməkdir ki, 3 aydan sonra Rusiyadan qaz alan Türkiyə və Macarıstan ödənişlər üçün başqa və sanksiya rejimini pozmayan vasitə tapmalı olacaqlar ki, bu da real görünmür. Belə variant tapılmasa, Türkiyənin digər qaz satıcılarından, xüsusilə də Azərbaycandan qaz alışını artırmağa çalışacağı şübhəsizdir.
Energetika Nazirliyinin məlumatına əsasən, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 45,8 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 12,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 25,3 milyard kubmetri “Şahdəniz”, 1,4 milyard kubmetri “Abşeron” yatağı, 7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. Qaz istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1,8 milyard kubmetr çox olub.
Hesabat dövründə xaricə qaz satışı 22,9 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur. Avropaya 11,7 milyard kubmetr, Türkiyəyə 9 milyard kubmetr, Gürcüstana isə 2,2 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 5,1 milyard kubmetr qaz nəql olunub.
Yaranmış vəziyyətdə Aİ-nin yenidən Azərbaycandan qaz alışını artırmaq planına qayıdacağı da istisna olunmur. Brüssel 2022-ci ildə Bakıdan qaz alışının ikiqat artırılmasına dair memorandum imzalasa da, ötən müddətdə əlverişli şərtlər qaz istehlakını azaltdığına görə Azərbaycandan Avropaya qaz daşıyan Cənub Qaz Dəhlizinin genişləndirilməsinə faktiki olaraq əngəl yaradıb. “Fitch Group”a aid olan “Fitch Solutions” (FS) şirkətinin ölkə üzrə hesabatına əsasən, Azərbaycandan Avropa İttifaqına (Aİ) illik qaz ixracı həcmini 20 milyard kubmetrə çatdırmaq üçün 18,5 milyard ABŞ dolları tələb oluna bilər. Hesabatda bildirilir ki, Azərbaycanın 2022-ci ildə razılaşdırıldığı kimi, 2027-ci ilə qədər Aİ-yə təbii qaz ixracını (“Şahdəniz” qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsi çərçivəsində - red.) iki dəfə artıra biləcəyi bəlli deyil: “Hədəflənmiş 20 milyard kubmetr illik ixrac həcminə çatmaq üçün Azərbaycanın boru kəməri infrastrukturu genişləndirilməlidir - mövcud boru kəmərləri şəbəkəsinin lazımi həcmdə genişləndirilməsi 18,5 milyard ABŞ dollarına başa gələcək”.
“Fitch Solutions”un mütəxəssisləri hesab edir ki, Azərbaycan hökuməti və SOCAR Aİ-dən Net Sıfır siyasətinin investisiyaları ortamüddətli perspektivdə dəyərsizləşdirməyəcəyinə dair güclü təminat olmadan Azərbaycan Respublikası Dövlət Neft Fondunun kapitalından (ÜDM-in təxminən 70 faizinə bərabərdir) genişlənmə xərclərini ödəmək üçün istifadə etmək istəmir.
Bildirilir ki, Paris razılaşmalarının yeni karbohidrogen layihələrinə sərmayə qoyuluşu şərtlərinə görə, yaşıl hidrogenin nəqli üçün şərait yaradılmasa, Azərbaycan boru kəməri infrastrukturunun genişləndirilməsini maliyyələşdirməyə kömək edəcək investorlar tapmaqda çətinlik çəkə bilər: “Hidrogen uyğunluğunu təmin etmək üçün boru kəmərinin genişləndirilməsi razılaşdırılarsa, Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnvestisiya Bankından, eləcə də digər maliyyə institutlarından maliyyə yardımı ala bilər”.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb. İndiyədək TAP-ın ötürücülük gücü 13 milyard kubmetrə qədər çatdırılıb. Bundan əlavə, Türkiyədən Bolqarıstana gedən 3,5 milyard kubmetr gücündə kəmərlə də Azərbaycan qazının ixracı təmin olunub.
Digər tərəfdən, Azərbaycan Aİ-yə qaz ixracını 20 milyard kubmetrə çatdırmaq öhdəliyi götürməyib. 2022-ci ildə imzalanan memorandumda ixracın 2021-ci il səviyyəsindən 2 dəfə çoxaldılması nəzərdə tutulur. Bu isə 16 milyard kubmetr deməkdir və artıq Bakı bu həcmin ixracı üçün şərtləri təmin edib. Bu isə o deməkdir ki, Avropa İttifaqı əlavə qaz istəsə, CDQ-nin genişləndirilməsi üçün zəruri maliyyələşməyə dəstək verməli olacaq...
Dünya SAKİT,
“Yeni Müsavat”
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ