İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqının Bakıdakı səfiri: Mixalko, yoxsa “Mixaylo?”

Qərblə Azərbaycan arasında gərginlik artır, XİN qurumun elçisinə xəbərdarlıq etdi; analitiklərin fikrincə, rus hərbçilərin qoruduğu sərhədlərə avropalı “revizor”ları gətirməklə İrəvan Kremlə “əlcək atır...”

Ermənistan sərhədində Avropa İttifaqının müşahidə missiyasının Azərbaycana qarşı casusluqla məşğul olduğuna dair ittihamların bu qurumun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalkonun narazılığına səbəb olması barədə ötən saylarımızın birində xəbər vermişdik. 

“Yeni Müsavat” yada salır ki, X platformasında Mixalko Aİ-nin ünvanına səslənən fikirləri təkzib edib. “Təəssüf edirəm ki, son günlər Azərbaycanda bəzi KİV-lər Aİ-nin Ermənistandakı missiyasına qarşı tamamilə əsassız ittihamlar dərc ediblər. Mən vurğulayıram ki, EUMA mülki, silahsız bir missiyadır və onun mandatı riayət etməkdir”, - deyə Peter Mixalko X platformasında qeyd edib. “Missiyanın mövcudluğu sabitlik və inamın yaradılmasına töhfə vermək məqsədi daşıyır. Aİ Azərbaycan və Ermənistan arasında sülh nizamlanmasına dəstək üçün səylərini davam etdirəcək”, - deyə o əlavə edib. Xatırladaq ki, Peter Mixalko bundan əvvəl də ölkədəki həbslərə siyasi rəng verməyə cəhd etmiş, Bakı isə bunu “əsassız və qərəzli” hesab etmişdi. 

Peter Mixalko fevralın 12-də Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı Aİ-nin Ermənistandakı monitorinq missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyətinin ciddi narahatlıq doğurduğu bir daha diqqətə çatdırılıb: “Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunduğu qeyd edilib. Missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən "binokl diplomatiyası"nın agentinə çevrildiyi Aİ tərəfinin diqqətinə çatdırılıb. İstisnasız olaraq, bu qəbildən olan bütün səfərlərdən Azərbaycana qarşı nifrətin yayılması, habelə əsassız Azərbaycanofobiyanın genişləndirilməsi üçün istifadə olunduğu qeyd edilib.

Bununla yanaşı, monitorinq missiyasının məsul olduğu bölgələrdə qanunsuz keçid cəhdinin qarşısının alınması ilə bağlı son hadisə bu missiyanın bəyan edilmiş tapşırıqlarına ciddi kölgə salır. Bu qəbildən narahatlıq doğuran fəaliyyət heç bir şəkildə qeyd olunan missiyanın neytral bir aktor kimi inam və etimad quruculuğuna töhfə verməklə bağlı bəyan edilmiş məqsədlərinə uyğun gəlmir. Ermənistan ərazisində yerləşdirilən missiyanın bəyan edilmiş mandatına uyğun olaraq neytral, mülki və silahsız missiya kimi fəaliyyət göstərməsi, habelə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş və ya onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək hər hansı fəaliyyətdən çəkinməsini təmin etmək üçün bütün lazımi tədbirlər görməyə dair Aİ tərəfinə ciddi şəkildə çağırış edilib", - XİN-in açıqlamasında deyilir. 

Yeri gəlmişkən, Rusiyanın Avropa İttifaqındakı (Aİ) daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Kirill Loqvinov Aİ-nin ölkəsinə düşmən olduğunu bəyan edib. Diplomatın sözlərinə görə, Aİ Rusiyaya düşmən olan assosiasiyaya çevrilib: “Biz Aİ-nin Rusiya ilə bağlı siyasətində, xüsusən də yaxın gələcəkdə müsbət dəyişikliklər gözləmirik. Brüssel gizlətmir ki, hətta "Blitzkrieg"in dağılmasına baxmayaraq, onlar uzun məsafə üçün oynamağa hazırdırlar". Aİ-nin mövqeyi onu göstərir ki, onlar Bakı ilə anlaşmaqda o qədər də maraqlı deyillər. Bəs bu gərginliyin Aİ-Azərbaycan münasibətlərinə hansı mənfi təsirləri olacaq? “Mixaylo” kimi partizanlığa meyl edən Mixalko geri göndərilə bilərmi?

Qabil Hüseynli iki qardaş itkisinin ağrılarından danışdı...

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanla Avropa təsisatlarının münasibətləri getdikcə gərginləşməkdədir: “Avropa Birliyi həqiqətən də ermənilərin tərəfini saxlayır. Son dövrlərdə bu mövqe daha da güclənir. Qərb Ermənistanı Rusiyanın təsirindən çıxarmaq istəyir, lakin bu strateji addımlarını bizə qarşı ədalətsizlik etməklə həyata keçirir. Halbuki Azərbaycanın Avropa Birliyi ilə çox yaxşı əlaqələri var, onun bir qolu Avropa Komissiyasıdır, prezidenti Bakıya gələrək strateji sənəd imzalandı. Ancaq Avropa Parlamenti düşmənçilik etməkdədir. Mən çox təəssüf edirəm ki, Azərbaycanla Avropa təşkilatları arasında əlaqələrdə belə bir gərginlik yaranıb, bizə qarşı türkofobiya, Azərbaycanafobiya mövqeyi sərgilənir”. Q.Hüseynli düşünmür ki, Aİ səfiri Bakıdan geri qaytarıla bilər, lakin gərginliyin artması ürəkaçan deyil: “Mən Ermənistanda olan mülki missiyanın Azərbaycana qarşı casusluq fəaliyyəti ilə məşğul olması haqda hər hansı məlumata malik deyiləm, amma Azərbaycan orqanlarında bununla bağlı informasiyalar əldə edilməsi istisna deyil. Sadəcə, bu missiyanın bizim sərhədi az qala hər gün binoklla müşahidə etməsinin izahı yoxdur. Onlar Azərbaycan ərazilərində qeyri-adi nə görüblər ki, müşahidə aparırlar? Dünənə qədər sərhəddə sabitlik hökm sürürdü, Qazax-İcevan sərhədində ikitərəfli formatda delimitasiya komissiyasının iclasları keçirilirdi, həmçinin sərhəddə əsirlərin mübadiləsi baş tutmuşdu. Yəni Avropa İttifaqının monitorinq qrupu mənfi hal aşkarlaya bilməzdi, amma Zəngilan, Tovuz istiqamətində olan mövqelərimizi atəşə tutan, sükutu pozan Ermənistan ordusu oldu, indi həmin mülki missiya bu faktı qeydə alıb hesabat hazırlaya bilər”.

Fuad Əliyev dördüncü dəfə prezidentliyə namizəd olacaq

Fuad Əliyev

Prezidentliyə namizəd olmuş Fuad Əliyev hesab edir ki, Mixalkonun çağırılması və onun nəzərinə bu məsələlərin çatdırılması kifayət qədər ciddi proseslərin gedişindən xəbər verir. F.Əliyevin fikrincə, mülki missiya getdikcə yarımhərbi kontingentə çevrilir: “Onun tərkibində fransız jandarması, alman polisi, hətta Avropa Birliyinə aid olmayan Kanadanın atlı polisi varsa, hansı mülki missiyadan danışmaq olar? Bölgəyə kəşfiyyat xarakterli fəaliyyət üçün yerləşiblər və hər gün ərazilərimizi müşahidə edirlər. Azərbaycana da təklif olunmuşdu, amma prezident qəbul etmədi. Bizim ərazilərə özümüz nəzarət edə bilirik. Ermənistan rəhbərliyi faktiki olaraq, odla oynayır. Rus hərbçilərinin mühafizə etdiyi sərhədlərə avropalı "revizor"ları gətirməklə Kremlə “əlcək atırlar”. Paşinyan hakimiyyəti get-gedə təhlükəsi artan oyunlarının bədəlini pis ödəyəcək. Onun hələ yaxşı günləridir, Rusiya əleyhinə “qırmızı xətti” keçən hərəkətlərinə görə ağır formada cəzalandırılacaq". F.Əliyevin sözlərinə görə, Aİ missiyası regionda strateji rəqabət fonunda gərginliyi artırmaqdan başqa işə yaramır, ikitərəfli danışıqları çətinləşdirir: “Rusiyanın təsir dairəsinə Qərbin müdaxiləsi nəhayətdə bu cür eskalasiya, diplomatik qalmaqalla nəticələnir. Avropa Birliyi Ermənistan üzərindən oyunlarını davam etdirməklə bu ölkəni növbəti müharibəyə, faciələrə sürükləyir”. 

Asif Nərimanlı yazır...

 Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, Fransa və Ermənistan arasında hərbi əməkdaşlıq müqaviləsi imzalanıb, erməni ordusunun arsenalının təmin edilməsi şaxələndirilib, Aİ müşahidəçilərinin sayı isə kifayət qədər genişləndirilib: “İrəvan sərhədlərin mühafizəsini "müşahidə missiyası"nın çətiri altında öz qüvvələri tərəfindən təmin edə biləcəyini hesab edir. Hazırda Ermənistan Rusiyanın yerini kifayət qədər doldura biləcək dəstəyə malikdir və eskalasiya bu istiqamətdə praktiki addımların atılması üçün istinad nöqtəsi ola bilər". 

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR