Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı Rusiyadan neft-qaz aldığına görə Çinə qarşı sanksiyaların tətbiqini müzakirə edir.
Musavat.com xəbər verir ki, məlumatı “Financial Times” (FT) Avropa rəsmilərinə istinadən yayıb.
Bildirilir ki, Aİ rəsmiləri və diplomatları sentyabrın 7-də Rusiyaya qarşı sanksiyaların növbəti raunduna nələrin daxil ola biləcəyi ilə bağlı tam hüquqlu danışıqlara başlayıblar. Müzakirələrlə tanış olan üç mənbənin sözlərinə görə, onların bir çoxu Çinə qarşı mümkün ikinci dərəcəli sanksiyalar məsələsini qaldırıb.
Mənbələrdən birinə görə, Aİ-nin ikinci dərəcəli sanksiyalarla bağlı təklifləri “çox erkən mərhələdədir” və ABŞ Çinin Rusiyadan enerji idxalı ilə mübarizəyə də diqqət ayırmasa, qəbul edilməyəcək.
Avropa nümayəndə heyəti sentyabrın 8-də ABŞ Maliyyə Nazirliyinin rəsmiləri ilə Rusiyaya qarşı sanksiyaları müzakirə etmək üçün Vaşinqtona gedib.
FT qeyd edir ki, Çinə və Rusiyanın digər əsas enerji idxalçılarına qarşı ikinci dərəcəli sanksiyaların müzakirəsi Avropa İttifaqında ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiya neftini aldığına görə Hindistandan gələn mallara 50 faizlik gömrük rüsumları tətbiq etdikdən sonra başlayıb.
Qəzet yazır ki, bununla belə, Aİ ABŞ-dan nümunə götürmək və Hindistana qarşı eyni addımı atmaq istəmir, çünki bu, onun ikitərəfli ticarət əlaqələrini dərinləşdirmək səylərinə zidd olardı. Brüssel Çinə qarşı da tədbirlər tətbiq etmək istəmir, çünki Pekinin Avropa şirkətlərinə qarşı cavab tədbirlərindən ehtiyatlanır.
Çin Aİ-nin ABŞ-dan sonra ikinci ən böyük ticarət tərəfdaşıdır.
“Bloomberg” daha əvvəl yazmışdı ki, Aİ-nin Rusiyaya qarşı 19-cu sanksiyalar paketində Çin şirkətlərinə məhdudiyyətlər ola bilər. Həmçinin agentliyin məlumatına görə, 2023-cü ildə yaradılmış ikinci dərəcəli sanksiyalar mexanizmindən Çinə qarşı ilk dəfə istifadə oluna bilər.
Sentyabrın 4-də Avropa liderləri ilə telefon danışığında prezident Donald Tramp Aİ-ni Rusiyadan neft-qaz alışını tam dayandırmadığına görə sərt tənqid edib. Eyni zamanda ABŞ maliyyə naziri Skott Bessent Aİ-nin Hindistan və Çinə qarşı ikincili sanksiyalara başlamalı olduğunu bəyan edib. Onun sözlərinə görə, Brüssel Rusiyaya təzyiq istəyirsə, hər şeyi ABŞ-dan gözləməkdənsə, əlini daşın altına qoymalıdır.
Musavat.com
15 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ